Sosial (Bu gün, 14:14)
Nizamidə yaşıl ağaclar qanunsuz tikilən restoranın içində qaldı – VİDEO
Bakı şəhərinin Nizami rayonunda qanunsuz tikinti işləri həyata keçirilib.
Tribuna.az-ın redaksiyasına vətəndaşlar tərəfindən verilən məlumata görə, rayonun Məhəmməd Şərifli küçəsində ərazi dəmir hasara alınaraq tikinti işlərinə başlanılıb.
Vətəndaşların şikayətlərinə əsasən, sözügedən ərazidə müvafiq dövlət qurumlarının rəsmi icazəsi olmadan inşaat işləri aparılır.
Eyni zamanda, tikintiyə yüksək vəzifəli şəxslərdən birinin qeyri-rəsmi himayədarlıq etdiyi də bildirilib. Obyektin isə həmin şəxsə yaxın olan biri tərəfindən idarə edildiyi vurğulanıb. Bu məlumatların hüquqi qiymət alması üçün aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Həmçinin, ərazidə yaşıllıqların məhv edilməsi ilə bağlı da ciddi narahatlıq doğurub. Bildirilir ki, uzun illərdir mövcud olan irigövdəli ağaclar kəsilib, hətta ağacların tikinti obyektinin daxilinə salındığı qeyd olunur. Bu məsələ isə hüquq-mühafizə orqanlarının araşdırma predmetidir.
Qanunsuz tikinti işləri ilə bağlı nə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən rəsmi icazə verilib. Bu halda sual yaranır: sözügedən ərazidə tikintiyə kim və hansı əsasla razılıq verib?
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumların mövqeyini öyrənmək üçün dəfələrlə cəhd etsək də mümkün olmayıb.
Tribuna.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.
Hadisə ilə bağlı görüntüləri təqdim edirik:
Dəniz Pənahova
























