Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (8-11-2014, 18:17)
Tahir Budaqovun “ağac qətliamı”: nazirlik RİH-i təkzib etdi - (Fotolar)

Prezident İlham Əliyevin sərt xəbərdarlığına baxmayaraq Bakıda növbəti “ağac qətliamı” yaşanır. Ağac qırğını bu dəfə də Nizami rayonunda həyata keçirilir. Məhv edilən yaşıllığın yerində isə ticarət obyektləri tikilir.

 

Bu məlumatı Mediatv.az saytına Nizami rayon sakinləri veriblər.
Sakinlər deyir ki, Nizami rayonu, Qara Qarayev prospektində (“Neftçilər” metrosunun yaxınlığında) yolun kənarında olan çoxillik küknar ağacları ucdantutma məhv edilib. Yaşıllığın yerində isə bir neçə mərtəbəli ticarət obyektləri tikilir. Hazırda tikinti işləri sürətlə davam etdirilir.
Saytın həmin ünvanda olan müxbirləri yaxınlıqdakı binanın sakinləri ilə söhbətində öyrənə bilib ki, yaşıllıqlar əsasən gecə saatlarında məhv edilib. Sakinlərin sözlərinə görə, onlar bir gün küknar ağaclarının olduğu yaşıllıq ərazinin hasarlandığını görüblər. Hasarlama işləri gecə saatlarında aparılıb. Növbəti gecələrdə də ərazidəki ağacları kəsməyə başlayıblar. İndi isə hasara alınan ərazidə tək-tük küknar ağacları qalıb.
Burada da “Qozbel İman” ləqəbli naxçıvanlı iş adamı İman Quliyevin adamlarının bir neçə gün əvvəl Xətai rayonu ərazisində əl atdığı üsuldan istifadə olunub. Məmurların ağac qırma üsulunun şərti adı isə belədir - “yaşıllığa qaranlıqda hücum”.
Lakin İ.Quliyevin ağacları məhv etdirərək yerində ticarət obyekti tikdirməsi arzusu baş tutmadı. Deputat İqbal Ağzazadə və ətraf binaların sakinlərinin etirazı nəticəsində məsələ müvafiq qurumlar tərəfindən araşdırıldı və tikinti işlərinin qarşısı alındı. Əvəzində iş adamı 19 min 200 manat cərimələndi.
Lakin Nizami rayonunda məhv edilən ağacların bəxti Xətai rayonundakı ağaclar qədər gətirməyib. Qara Qarayev prospektindəki o ağaclar artıq yox edilib.
Maraqlısı da odur ki, “diribaş” işbazlar kəsdikləri ağacları kənara daşıtdırmağa da lüzum görməyiblər. Onlar gecə ilə məhv edilən küknar ağaclarından dirəklər düzəldiblər. Bu dirəklərdən hazırda tikintisi gedən ticarət obyektinin ətrafına çəkilmiş hasarların bərkidilməsində paya kimi istifadə olunub. Əgər hansısa müvafiq qurumun məsələ ilə bağlı araşdırma aparmağa həvəsi olsa, həmin payaları konkret dəlil-sübut kimi qeydə və nəzərə ala bilər.
Nizami rayonunda hazırda yaşıllığın məhv edilərək yerində ticarət obyekti, dükan-bazar tikilən yeganə ərazisi Qara Qarayev prospekti boyunca uzanan yaşıl zolaq da deyil. “Neftçilər” metrosunun çıxışında da (“Qara Qarayev” metrosuna gedən istiqamətdə) eyni mənzərəni görmək mümkündür.
Bu ilin yaz-yay mövsümündə səyyar kafe kimi fəaliyyət göstərən ərazi artıq hasara alınıb və orada da ticarət obyektinin tikintisinə başlanılıb. Bu ərazidə hələ mərhum Heydər Əliyevin hakimiyyətinin birinci dönəmində - 70-ci illərdə əkilmiş xeyli küknar ağacı var idi. Əvvəllər bura yalnız yaşıllıq zolağı olsa da Nizami RİH-in keçmiş başçısı Mehbalı Əliyev tərəfindən gəlir mənbəyinə çevrilmişdi. Keçmiş icra başçısı yaşıllıqdan səyyar kafe kimi istifadə olunması üçün o ərazini ayrı-ayrı sahibkarların ixtiyarına vermişdi. Təbii ki, müftə yox. Nizami RİH-in indiki başçısı Tahir Budaqov isə bu yaşıllığı ümumiyyətlə yox elədi. Təbii ki, bunun da maraq və məqsədsiz olmadığı aydındır...
Onu da qeyd edək ki, bütün bu “ağac qətliamları” Nizami Rayon İcra Hakimiyyətinin binasının bir neçə yüz metrliyində baş verir. Yəni Budaqov ağacların qırılmadığını sadəcə görməyə bilməz. İstəsə də...
Nizami rayonu Bakının ən çoxsaylı əhaliyə malik olan, ən çox ticarət obyektlərinin olduğu, ən əsası isə ən gəlirli rayonlarından biridir. Elə rayonun keçmiş icra başçısı bu sadaladıqlarımızı nəzərə alaraq xeyli ticarət obyektinin tikintisinə şərait yaratmış, əksəriyyətini də elə özü özəlləşdirmişdi. Bununla da M.Əliyev nəfsinə yenilərək vəzifəsindən uzaqlaşdırılmışdı.
M.Əliyev mətbuatda və rayon sakinləri arasında “ağac qıran başçı” ayaması ilə də tanınırdı. Rayon ərazisində yaşıllıqların qırılıb yerində ticarət obyektlərinin tikilməsi əsasən M.Əliyevin zamanında baş verib. O, bu yarıtmaz fəaliyyətinə görə 2009-cu ilin sentyabr ayında vəzifəsindən uzaqlaşdırıldı.
Bundan sonra mətbuatda M.Əliyevin rayona rəhbərlik etdiyi dönəmdə yol verdiyi qanunsuz əməllərlə bağlı araşdırmaların aparılması haqda məlumatlar yer aldı. Hətta M.Əliyevin MTN-də dindirilməsi ilə bağlı xəbərlər də yayıldı. M.Əliyevin icra başçısı olarkən tikdirdiyi ticarət obyektlərinin əlindən alındığı, hətta evinin həyətindən 3 tona yaxın qızılın çıxdığı da iddia edilirdi. M.Əliyevdən sonra rayona icra başçısı təyin olunan Tahir Budaqov xələfinin “yaşıl soyqırım” üsuluna uzun müddət əl atmadı. Amma onu bir kənara da atmadı.
İndi görünən budur ki, Prezident Administrasiyasında şöbə müdirinin müavini vəzifəsindən Nizami rayonuna icra başçısı gətirilən T.Budaqov xələfinin yolunu yavaş-yavaş getməyə başlayıb. T.Budaqov da Bakının ən böyük problemi olan “ağac soyqırımına” öz “töhfəsi”ni verərək hansısa iş adamlarının qazanc əldə etməsinə şərait yaratmaqdadır. Prezident İlham Əliyevin “gecələr ağacları kəsib yerində obyektlər tikirlər, bu, vicdansızlıqdır” deyə ağacların qırılmasını kəskin şəkildə pisləməyinə də baxmayaraq...
Ağacların qırılması ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. RİH-in təsərrüfat şöbəsinin müdiri Babək Tatlıyev virtualaz.org saytına açıqlamasında bildirdi ki, Qara Qarayev prospektindəki obyektin tikilməsinə hələ 2008-ci ildə icazə alınıb: “Qeyd etdiyiniz obyektin layihəsi 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənib. Tikintiyə də hissə-hissə 2008-ci ildən başlanılıb. Lakin ağacların qırılmasına görə 2010-cu ildə həmin obyektin tikintisini dayandırmışdıq. Sonradan Nizami Rayon İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirildi. Ekologiya Nazirliyi rəy verdikdən sonra tikintiyə icazə verildi”.
RİH əməkdaşının açıqlamasından belə çıxır ki, ərazidəki tikintiyə icazə verilməsi indiki icra başçısının dövründə deyil, keçmiş icra başçısı Mehbalı Əliyevin vaxtına aiddir, ağacların kəsilməsinə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib.
B.Tatlıyev rayon ərazisində tikilən digər obyektlərlə bağlı məsələyə də münasibət bildirdi: “Metronun çıxışındakı obyektin tikintisinə bu il başlanılıb. Orada aparılan tikintiyə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy verib. Nazirliyin rəyi olmadan icra hakimiyyəti yaşıllığın olduğu ərazidə obyekt tikintisinə icazə verə bilməz”.
Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) bununla bağlı nə düşünürlər? Nazirlik doğrudanmı belə bir icazəni verib?
ETSN-dən virtualaz.org saytına bildirildi ki, qeyd edilən ərazilərdə tikinti aparılmasına nazirlik tərəfindən heç bir icazə verilməyib. Ağacları kəsənlər isə cərimələnib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, Qara Qarayev prospektində ağaclar olan ərazidə tikinti aparan hüquqi şəxs qanunsuz olaraq ağacları kəsdiyi üçün 180 min manat cərimələnib.
Nazirlik sözçüsü onu da qeyd etdi ki, ETSN qeyd edilən ərazidə tikintinin aparılması üçün icazə də verməyib.
İ.İbrahimova bildirdi ki, Nizami rayonu ərazisində (“Neftçilər” metrosunun çıxışındakı ərazidə) ağacları kəsib tikinti aparan digər şirkət də nazirlik tərəfindən cərimələnib və orada tikinti aparılmasına icazə verilməyib.
Göründüyü kimi, RİH-dən verilən “icazə verilib” iddiası ETSN tərəfindən təkzib olundu. RİH məsuliyyəti öz üzərindən atmaq üçün obyektlərdən birinin keçmiş başçısı M.Əliyevin zamanında tikildiyini, digər obyektin tikintisi üçün isə ETSN-in icazəsinin olduğunu deyir. Nazirlik isə öz növbəsində ağacların kəsildiyini və hüquqi şəxslərin cərimələndiyini bildirir.
Görünən budur ki, nazirlik ağacları kəsənləri cəzalandırıb tikintiyə icazə verməsə də sahibkarlar öz işindədir. Tikintiyə yekun icazəni rayon icra hakimiyyəti verir. Belə aydın olur ki, Nizami RİH Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan sahibkarla “ağac qətliamı” törədərək obyekt tikməyə icazə verib. Yəni hər halda “torbada pişik var”. Yoxsa 2008-ci ildə tikintisinə “icazə verilən” obyektdəki inşaat işləri 2010-cu ildə niyə dayandırılmalı idi ki?!

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024