Amma son bir neçə müddətdə ağacların insanlar tərəfindən qırılması onsuz da təmiz olmayan ekologiyamıza biraz da mənfi təsir edir. Amma görünən odur ki, bu durumu yalnız sadə vətəndaşlar dərk edirlər. Çünki əksər məmurlar, ağacların kəsilməsi ilə yalnız pul qazanmağı düşünürlər. Yəqin artıq bütün oxucularımız bilir ki, bu gün ağac kəsimlərində ən öndə gedəni Xətai rayonudur. Bu rayonda artıq demək olar ki, yaşıllıq qalmayıb. Amma Xəzər, Qaradağ, Nəsimi rayonları da bu işdə Xətai rayonundan geri qalmırlar. Bu məsələni yenidən gündəmə gətirməyimizin səbəbi daha bir rayonda ağacların kəsilməsi ilə bağlıdır. Belə ki, ağacların kəsilməsi və yerində hansısa obyektin tikilməsi Nizami rayonunda həyata keçirilir. Nizami rayonu, Neftçilər metrosuna yaxın böyük bir ərazidə ağaclar kütləvi şəkildə məhv edilərək, yerində hansısa obyekt inşa edilir. Vaxtilə həmin ərazidə xeyli sayda ağaclar vardı. Həmin ünvanda çəkilmiş fotoları sizlərə də təqdim edirik. Yəqin ki, Nizami rayonu ərazisində yaşayanlar və “Neftçilər” metrostansiyasından istifadə edənlər bizim dediyimizi təsdiqləyərlər ki, həmin indi inşa edilən obyektin yerində vaxtilə kifayət qədər ağaclar olub. Onu da qeyd edək ki, Nizami rayon İcra Hakimiyyəti “Neftçilər” metrostansiyasının lap yaxınlığında, arxa tərəfindən yerləşir. Yəni, bu da o deməkdir ki, ağacların kəsilməsi və yerində hazırda tikinti işlərinin aparılması İcra Hakimiyyəti işçilərinin, ələlxüsus da, İcra Başçısının gözündən yayına bilməz. Qeyd edək ki, hazırda Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovdur. Görünür Tahir müəllim bu duruma nəyəsə görə göz yumub. Əks halda o qədər ağacların məhvinə və yerində obyektin tikintisinə razı olmazdı. Ötən saylarımızdan birində Nizami rayonu, Mehdi Abbasov 4 ünvanda yerləşən “Planet” şadlıq sarayının arxa hissəsində böyük bir ağaclıq olan ərazinin lentlənməsi xəbərini sizlərlə paylaşmışdıq. Və qeyd etmişdik ki, həmin ağaclar kəsilərək, yerində hansısa obyektin inşası planlaşdırılır. Bu da, o anlama gəlir ki, ağacların kəsilməsi Nizami rayonunda baş verən ilk hadisə deyil.
Xatırlayaırsınızsa, Nazirlər Kabinetinin aprelin 13-də keçirilən iclasında bu məsələ ilə bağlı dövlət başçısı da öz xəbərdarlığını etmişdi. Dövlət başçısı bildirmişdi ki, biz, ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq: “Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə də, mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, biabırçılıqdır, cinayətdir.
Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”. dia.az