Dünya (Bu gün, 14:20)
Pezeşkian İsrailin hava zərbəsi zamanı yaralanıbmış
Mediatv.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, hadisə iyunun 16-da baş verib.
Həmin vaxt Tehrandakı binalardan birində İranın Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Elə bu vaxtda İsrail ordusu binanın giriş və çıxışlarına 6 ədəd raket zərbəsi endirib.
Zərbə zamanı binada elektrik enerjisi kəsilsə də, rəsmilər fövqəladə çıxış vasitəsilə oradan qaça biliblər.
Agentlik əlavə edib ki, hücum nəticəsində iclas iştirakçılarının bəziləri, o cümlədən Prezident Pezeşkian təxliyə zamanı ayaqlarından yüngül xəsarət alıb.
Xatırladaq ki, Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində İsrail hakimiyyətinin ona sui-qəsd təşkil etməyə cəhd etdiyini, lakin bunun uğursuz olduğunu açıqlayıb.
Onu da xatırladaq ki, İsraillə İran arasında münaqişə iyunun 13-dən 24-dək davam edib.
