Cəmiyyət / Slayd (12-11-2016, 14:31)
“ŞƏRURLU İSFƏNDİYAR”IN MTN İŞİNDƏKİ İFADƏSİ - “İki mənzil verməlisən”
Tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi bilinən İsfəndiyar Axundov “MTN işi”nə cəlb edilib.
Mediatv.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun ittiham olunduğu epizodlarından birində İ.Axundov dindirilib.
İttihama görə, A.Çovdarov 2008-ci ildə Bakıda hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan “Azərtikinti-ATF” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Azər Quliyevi hədələyərək ondan külli miqdarda pul alıb.
Belə ki, A.Quliyev barəsində hər hansı rəsmi şikayət və araşdırma olmadan Çovdarovun əmri ilə MTN-ə aparılaraq 8 saat saxlanılıb və bir neçə biznesmenə borcu olması, şirkətinin inşa etdiyi binalarda eyni mənzili bir neçə adama satması bəhanələri ilə həbs ediləcəyi barədə hədələnib. A.Çovdarov bu hədələrinin reallaşmaması üçün Azər Quliyevdən 1 milyon 200 min dollar pul tələb edib. A.Quliyev inşa etdiyi binalardan birində Çovdarov üçün 2 mənzil ayıracağına söz verib və həmin ilin mart ayında Xudu Məmmədov 34 ünvanındakı binadan dəyəri 62 860 AZN və 115 500 AZN olan mənzilləri Çovdarova verib. General isə bir il sonra mənzillərdən ucuz olanını satıb, digərini isə Novxanıda bağ evinin bağbanı Elxan Həsənovun adına rəsmiləşdirib. Sonradan isə A.Quliyevdən 15 min dollar nağd pul alıb.
Zərərçəkmiş A.Quliyev istintaqa ifadəsində deyib ki, “Orxan” MMC ləğv edilmiş MTN-nin işlər idarəsinin şirkəti olub: “Bütün bunlar həmin idarənin rəisinin tapşırığı ilə olub. 2007-ci il Aqil Axundov Qazaxıstanda yaşayan Canpolad adlı şəxsdən 1 milyon 200 min dollar alaraq hündürmərtəbəli bina tikintisinə cəlb etdiyini dedi. Bir müddət sonra zəng edib həmin adamın mənə sualı olduğunu dedi. Tanımadığım adam “Aqil deyir pul sənə çatmayıb, düzdür?” deyə soruşdu, mən də təsdiqlədim. Sonra bildim ki, Aqil o pulu başqa tikintiyə cəlb edib. Üç-dörd ay sonra Aqil mənə zəng edib MTN-ə gəlməli olduğumu dedi. Mən “MTN-də heç bir işim yoxdur” deyib telefonu söndürdüm. Sonra yenə zəng gəldi, danışan adam özünü Akif Çovdarov kimi təqdim etdi. MTN-ə getdim, orada məni hədələdilər. Heç kimdən pul almadığımı dedim. “Rəhbərliyə bu formada məruzə etməyimiz üçün iki mənzil verməlisən” dedilər, razılaşdım.
Sonradan Aqil Axundov mənə dedi ki, tələb olunan pulu o MTN-ə verib. Mən də buna görə verdiyim mənzilləri geri istədim, razılaşdılar. Bunun əvəzində yenə məndən 20 min dollar istədilər, 15 min verəcəyimi dedim və verdim. Lakin mənzilləri də qaytarmadılar”.
Bu epizod üzrə şahid qismində dindirilən İsfəndiyar Axundov bildirib ki, Azər Quliyevin şirkəti “Azərtikinti ATF”in inşa etdiyi binalarda eyni mənzillərin bir neçə şəxsə satılmasına görə zərərçəkmişlərə dəyən ziyanı özü ödəyib: “Azər Quliyevi 2007-ci ildən tanıyıram. O zamana “Orxan” MMC-nin direktoru Alim Əlizadə ilə Azər Quliyev arasında belə bir anlaşma olub ki, “Orxan” MMC Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə yüksək mərtəbəli binaların inşası üçün ayrılmış torpaq sahəsində olan tikintisi yarımçıq qalmış dörd ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına salmalı, “Azərtikinti ATF” isə həmin yarımçıq binaların tikintisini tamamlayaraq təhvil verməli və bundan sonra əldə olunmuş mənfəət iki şirkət arasında bölünməli idi.
İsfəndiyar Axundov
“Orxan” MMC tərəfındən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam şəkildə yerinə yetirildikdən sonra “Azərtikinti ATF” MMC tərəfindən həmin binalarda tikinti işləri başlandı. Müqaviləyə əsasən “Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq kimi səlahiyyəti olmayıb. Buna baxmayaraq, “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyev “Orxan” MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini bir neçə şəxsə satıb. Bundan başqa Azər Quliyev podratçı kimi bina tikintisi ilə məşğul olduğu “Babək-94″ MTK-da eyni qayda da mənzilləri bir neçə nəfərə satıb.
Bunlar Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı da aşkarlandı. 2008-ci ildə “Orxan” MMC , təsisçisi olduğu “Şaiq” MTK-nə qoşuldu. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsaiti vətəndaşlara ödədim. Hətta mənim qaytardığım pullar Azər Quliyevin binaların tikintisinə xərclədiyi məbləğdən 800 min manat artıq idi. Bundan sonra Azər Quliyevlə bağlanmış müqavilə ləğv edildi və o tikintidən uzaqlaşdırıldı. Biz həmin binalarda tikinri işlərini başa çatdırdıq, Azər Quliyev isə həbs edilərək 10 il cəza aldı. “Orxan” MMC-nin də, mənim təsisçi olduğum “Şaiq” MTK-nn da Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyatı olmayıb. O binaların tikintisini də nazirlik sifariş etməyib”.
Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin Dövlət Baş Ekspertiza idarəsinin Smeta şöbəsinin müdiri Vilayət Tağıyev ifadə verərək İsfəndiyar Axundovla sinif yoldaşı olduqlarını deyib: “İsfəndiyarın xahişi ilə bir neçə dəfə həmin binalarda olmuşam. Tikintinin keyfiyyətinə nəzarət edirdim. Həmin binaların və şirkətlərin MTN-nin Maddi-texniki Təminat idarəsi və həmin idarənin rəisi işləmiş Nizaməddin Həmidovla hər hansı əlaqəsi olduğunu bilmirəm”.
Qeyd edək ki, Azər Quliyev cəzaçəkmə müəssisəsində vəfat edib.