Sosial / Slayd (16-03-2016, 15:23)
“Şərurlu İsfəndiyar”ın qardaşı məhkəmədə ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəməsinin növbəti prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə iş adamı İsfəndiyar Axundovun qardaşı, “SAFARI-N” MMC-nin direktoru İmran Axundov ifadə verib. O, ifadəsində bina tikintisi ilə bağlı təqsirləndirilən Q.Rəhimovla aralarında müqavilə bağladıqlarını deyib. İ.Axundov ifadəsində işlərin görülməməsi səbəbindən müqavilənin ləvğ edilidiyini bildirib. Məhkəmə aprelin 4-nə təyin edilib. Xatırladaq ki, ötən məhkəmə proseslərində Q.Rəhimov ifadəsində deyib ki, binanın tikintisində işləyən fəhlələrin pulunu özü ödəsə də, vergi işləri və bank əməliyyatları ilə “SAFARI-N” MMC məşğul olub.
Qeyd edək ki, ittiham aktına əsasən, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. Araşdırmalar zamanı MMC-nin direktoru Qoşun Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
İstintaq dövründə Q.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilməyib. Ondan heç yerə getməməklə haqda iltizam alınıb.