Cəmiyyət (10-08-2016, 12:28)
Cəlilabadda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünyada və regionda gedən böhranlı proseslərə baxmayaraq maksimum səviyyədə çalışır ki, ölkəmiz indiki vəziyyətdə öz inkişafını qorusun, vətəndaşlarımız zərər görməsinlər. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Cəlilabadda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi Cəlilabad rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Bu məqsədlə Xüsusi qərargah yaradılmış ,“Qaynar xətt” fəaliyyət göstərir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizovun sədrlik etdiyi Xüsusi qərargah hər həftə iclaslar keçirir, üzvlərinin, aidiyyəti müəssisə rəhbərlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və rayon sahibkarlarının iştirakı ilə vacib məsələlər müzakirə olunur. Ölkəmizdə sahibkarlığın və kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə sahibkarlara və torpaq mülkiyyətçilərinə hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Cəlilabad rayonunda da görüləcək işlər müəyyənləşdirilmiş, sahibkarlar və mülkiyyətçilərlə mütəmadi olaraq müvafiq söhbətlər aparılaraq onların problemləri dinlənilir, sahibkarların görəcəyi işlər dəqiqləşdirilir, onların hər birinə öz işlərini daha da genişləndirmək üçün planlar hazırlamaq tövsiyə olunur. Bildirilir ki, bu sahəyə həm dövlətin maliyyə dəstəyi olacaq həm də hər bir sahibkar yeni sərmayələr axtarışında olmalıdır. Əfsuslar olsun ki, bəzi kütləvi informasiya vasitələrində guya Cəlilabad rayonunda sahibkarların fəaliyyətlərinə süni müdaxilələr edildiyi barədə əsassız məlumatlar dolaşır. Əlaqə saxladığımız sahibkarların əksəriyyəti, rayonda sahibkarlığın inkişafı üçün yaradılmış şəraitdən, əlverişli biznes mühitindən razılıqlarını bildirdilər. İş adamları RİH başçısı cənab Əziz Əzizovun rayonda özəl sektorun inkişafı naminə əlindən gələn heç nəyi əsirgəmədiyini dilə gətirdilər. Sahibkarlar bundan sonra da öz imkanlarını səfərbər edərək bizneslərinin daha da böyüdülməsi və nəticədə yeni iş yerlərinin yaradılması istiqamətində səylə çalışacaqlarını bildirdilər. Cəlilabad vətəndaşları, rayonda məskunlaşan qaçqın və məcburi köçkünlər də təsdiqləyirlər ki, cənab Əziz Əzizov insanların müraciətlərinə həssas yanaşır. Ölkə başçısının "Mən xalqımın bir nömrəli xidmətçisiyəm" prinsipini fəaliyyətinin əsas leytmotivi kimi götürən RİH başçısı özünü cəlilabadlıların bir nömrəli xidmətçisi hesab edir və yerli məmurlarda da bunu tələb edir. Cəlilabadlılar da onu sevir, rəhbərliyi altında daha böyük uğurlar qazanacaqlarına ümid edirlər.
