Cəmiyyət (24-05-2016, 17:17)
Özünü asan MTN polkovnikinin qardaşından ifadə tələb ediblər
Özünü asan MTN polkovnikinin qardaşından Əli Nağıyevə qarşı ifadə tələb ediblər
Mediatv.az xəbər verir ki, 3 noyabr, 2014-cü ildə yaşadığı mənzildə intihar edən 55 yaşlı MTN polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayev Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu barədə virtualaz.org saytına Mətləb Mustafayevin vəkili Adəm Məmmədov məlumat verib. Vəkil müdafiə etdiyi şəxsin Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq işçisi olduğunu, MTN əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını, qanunsuz həbs olunduğunu deyib.
Vəkilin sözlərinə görə, MTN əməkdaşları 2014-cü il sentyabrın 11-də M.Mustafayevin Saray qəsəbəsindəki bağ evinə gələrək əllərinə qandal taxıblar, tapançanı onun barmaqlarına toxundurublar. Daha sonra onun yaşadığı Nəsimi rayonu, 20 Yanvar küçəsi ev 19 B, mənzil 46 ünvanında10 nəfərə yaxın MTN əməkdaşı axtarış aparıb. Mənzildən bir ədəd tapança, tapança darağı və patronlar aşkar edilərək götürülüb: “Bu silahların Mətləb Mustafayevə heç bir aidiyyatı olmayıb. Silahları onun evinə atıblar, tapançada olan barmaq izləri isə toxundurma nəticəsində qalıb. Nə istintaq, nə də məhkəmə zamanı Mətləb Mustafayev ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib”.
Həbs olunan gün MTN-ə gətirilən M.Mustafayevdən guya İran İslam Respublikasının vətəndaşları Rza və Hüseynlə əlaqəyə girib, onlardan silah alması, gəzdirməsi və saxlaması barədə ifadə verməsi tələb olunub. M.Mustafayev deyilənləri inkar edib. İstintaq dövründə təzyiqlərə, təhdidlərə məruz qalıb. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev, onun müavini İlqar Əliyev (təcridxanada intihar edib) dəfələrlə ondan vəzifədə olan müəyyən şəxslər barədə yalan, böhtan, iftira xarakterili ifadələr almağa cəhd ediblər, hədə-qorxu gəliblər. Əgər bu cür ifadələr verməzsə özünə və qardaşına problemlər yaradacağı ilə hədələyiblər.
M.Mustafayevin 31 il MTN-də xidmət etmiş qardaşı Malik Mustafayev sabiq MTN naziri Eldar Mahmudovun ona qarşı aparılan bu kampaniyaya son qoymağı xahiş edib. Cavab isə “sənin qardaşın Mövlan Şıxəliyevin, Elçin Quliyevin tələb etdiyi ifadələri verməsə, sənin özünü də, qohum-əqrəbanı da həbs etdirəcəyəm”olub.
Növbəti dəfə MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyevin qəbuluna gedən 55 yaşlı polkovnik iki gün sonra (2014-cü ilin noyabrında) yaşadığı evin həyətində özünü asır...
Vəkilin sözlərinə görə, növbəti dəfə 24 fevral 2015-ci ildə M.Mustafayev Elçin Quliyevin yanına çağırılıb. Ondan general Əli Nağıyev və qardaşı Vəli Nağıyev haqqında böhtan xarakterli ifadələr verməsi tələb olunub. Məcbur etmək istəyiblər ki, bu iftiralara imza atsın. Amma M.Mustafayev onların dediklərinə əməl etməyib.
M. Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci ( Qanunsuz olaraq odlu silah, onun kompleks hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham olunaraq Nəsimi rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Cəzasının 1 il 1 ayının çəkdikdən sonra ötən ilin oktyabr ayında məntəqə tipli cəzaçəkmə müəssisə köçürülüb.
Vəkil müdafiə etdiyi şəxsin günahsız olduğunu, onun barəsindəki cinayət işinə xitam verilməsini xahiş edir.