Karusel (13-10-2014, 19:44)
Hüseynbala Mirələmovun qardaşı oğlu şikayət etdi
Qətl törətməkdə təqsirləndirilən Rəşad Mirələmovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Mediatv.az-ın məlumatına görə, bu barədə APA-ya açıqlama verən vəkil Kamandar Nəsibov bildirib ki, apellyasiya şikayəti bu gün məhkəməyə təqdim edilib.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirələmov ömürlük azadlıqdan məhrum edilib.
R.Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.