Gündəm (6-02-2014, 14:47)
MTN-in iki əməkdaşı hakim qarşısına çıxarıldı
Bu gün 2013-cü ilin martında həbs edilmiş NİDA Vətəndaş Hərəkatının 8 üzvünün məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib
Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, MTN əməkdaşları məhkəmədə şahid qismində dindiriliblər.
MTN-in Antiterror Mərkəzinin əməliyyat üzrə bölmə rəisi Qasım Tağıyev hakimin, dövlət ittihamçısının, vəkillərin və təqsirləndirilən şəxslərin suallarını cavablandırıb. Xatırladaq ki, Q.Tağıyev bundan əvvəlki məhkəmə prosesində də şahid qismində dindirilmişdi.
MTN əməkdaşının sualları cavablandırması vəkil Nemət Kərimlini qane etməyib. O, vəsatət qaldıraraq şahidin tibbi ekspertizadan keçirilməsini istəyib. Vəkil bildirib ki, ola bilsin ki, Q.Tağıyevin psixi və ya yaddaş problemləri var. çünki ona verilən sualları “xatırlamaram”, “dəqiq bilmirəm” kimi sözlərlə cavablandırır.
Vəkilin bu vəsatəti təmin olunmayıb.
Daha sonra isə digər MTN əməkdaşı Azər Məcidov dindirilib. A.Məcidov NİDA-çı Məmməd Əzizovun həbs edilməsi ilə bağlı hakim və vəkillərin suallarını cavablandırıb.
Qeyd edək ki, məhkəmə sabah saat 10:30-da davam etdiriləcək.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə bu ilin martında cinayət işi başlanıb və NİDA üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.