Cəmiyyət (17-05-2016, 11:35)
Səhiyyə Nazirliyinin «qaynar xətti» şəkər xəstəsi olan müəllimi necə komaya saldı?
Təvəkkül Rzayevin 4 gündür Saatlı Mərkəzi Xəstəxanasından tutmuş, nazirliyə qədər etdiyi şikayətlərə baxan yoxdur
Mediatv.az xəbər verir ki, vətəndaşların şikayətlərinə baxılması və müraciətlərin operativ həlli üçün hər bir dövlət müəssisəsində “qaynar xətt” yaradılıb. İnsafən, bir sıra Nazirlik və Komitələrin “qaynar xətti»nə müraciət etdikdə dərhal tədbir görülür, daxil olan şikayət operativ şəkildə araşdırılır. Yəqin ki, hamı mənimlə razılaşar, Daxili İşlər Nazirliyinin “102 Xidməti” bu sahədə əsil nümunədir.
Ancaq vətəndaşları təngə gətirən, şikayətləri qulaqardına vuran, gizlədən bir çox hallarda şikayət olunan tərəfin müdafiəsinə qalxan “qaynar xətt”lər də mövcuddur. Onlardan biri də Səhiyyə Nazirliyinin 9103 “qaynar xətti”dir. Saatlı rayonunda müəllim işləyən Təvəkkül Rzayev 5 gündür ki, Səhiyyə Nazirliyinin “qaynar xətti”ində əsir-yesir qalıb. Şəkər xəstəsi olan müəllim ona yazılmış dərmanı 4 aydır ala bilmədiyi barədə nazirliyin “qaynar xətti”nə müraciət edir. Görünür şəkər xəstələrinə pulsuz verilən dərmanlar Saatlı rayonunda pulla satıldığından xəstələr onu tapa bilmir. Düz dörd aydır ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasından müəllimə deyirlər ki, «Dayı, Səhiyyə Nazirliyi bizə dərman vermir. Onlar göndərən kimi dərmanı verəcəyik».
“Qaynar xətt”də telefonu qaldıran dörd gündür ki, Təvəkkül müəllimə deyir ki, «Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bizim telefonumuza cavab vermir. Telefonu nə vaxt açsa, bu barədə ona məlumat verəcəyik».
Əgər doğurdan da belədirsə, yəni xəstəxananın baş həkimi Səhiyyə Nazirliyinin “qaynar xətti»ndən vurulan telefonu açmırsa, görün bu nazirliyk hansı səviyyədədir. Əyalət xəstəxanasının baş həkimi Nazirliyinin nümayəndəsini saya salmırsa, onun telefon zənginə cavab vermirsə, görün səhiyyəmiz nə gündədir. Daha bundan sonra müalicə üçün xarici ölkələrə üz tutan xəstələri niyə qınayırıq?
Mayın 16-da nəhayət, şəkər xəstəsi olan müəllim Təvəkkül Rzayev Səhiyyə Nazirliyinin “qaynar xətti»nə yenidən müraciət edib. Əvvəlki zənglərdə telefonu kişi qaldırırdısa, bu dəfə xanım cavab verib. Müəllim də başlayıb dərdini deməyə. Xanım müəllimə deyib ki, sən axtardığın dərman bir ildir ki, yoxdur. Müəllim isə bildirib ki, dörd ay bundan əvvəl həmin dərmanı Saatlıdan pulsuz alıb. “Qaynar xətt»dəki xanım isə acıqla “Dedim ki, yoxdur, deməli yoxdur” deyə bildirib. Buyurun, bu da Səhiyyə Nazirliyinin “qaynar xətti”. Guya vətəndaşların müraciətini operativ həll etmək üçün yaradılmış “qaynar xətt” insanları xəstəliyə də salırmış. Bu cavabdan sonra şəkər xəstəsi olan müəllimin şəkəri daha da yüksəlib.
İndi şəkər xəstəsi gözləyir ki, görək Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi nə vaxt dinə-imana gəlib Səhiyyə Nazirliyinin “qaynar xətti”indən vurulan telefon zənginə cavab verəcək və onlar da baş həkimə bu problem barəsində məlumat verəcəklər.
İndi siz deyin, buna “qaynar xətt” deyək, yoxsa “buz” kimi xətt.
Müəllim həm də Səhiyyə naziri cənab Oqtay Şirəliyə rəsmi müraciət edəcək. Görəsən məktub nazirə yetişəcəkmi?
Jam.az
Emin Quliyev