Sosial (10-03-2014, 21:31)
Tanınmış siyasətçinin məmur oğluna qarşı ŞOK ittiham
Bakıda vəzifəli şəxsin vətəndaşın külli miqdarda pulunu mənimsəməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Lent.az-ın məlumatına görə, Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib.
Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs edilib. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində keçmiş məhkəmə icraçısı işləyən, ədliyyə kapitanı Hüseynov Şaiq Şadman oğlu ilə tanış olub.
Ş.Hüseynov qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Lakin üzərindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ş.Səfərovanın qardaşının işi ilə bağlı hər hansı “irəliləyiş” olmayıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də, buna nail ola bilməyib.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazirliyin bütün şikayətləri qəbul edib qeydiyyata sala biləcək “qaynar xətt”i mövcuddur: “Ümumiyyətlə, hər hansı icraçının məhkəmə qərarına təsir etmək səlahiyyəti yoxdur. Əgər belə hal baş veribsə, istənilən şəxs nazirliyin “qaynar xətt”inə müraciət edə bilər. Həmin müraciətlər dərhal qeydiyyata alınır və müvafiq araşdırmalar başlanılır”.
Qeyd edək ki, Şaiq Hüseynovun adı daha əvvəl iş adamı Vüqar Həsənovun 120 min dollarının mənimsənilməsi olayında da hallandırılıb.
Onu da qeyd edək ki, Ş.Hüseynov mərhum deputat Şadman Hüseynovun oğludur. O, təxminən 1 il əvvəl işdən çıxıb.