Cəmiyyət (10-05-2016, 14:12)
Hacı İbrahim texnikalarını satışa çıxardı – “Xəzər adaları” layihəsi dayanır
“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli “Xəzər adaları” layihəsinin tikintisi üçün aldığı texnikaları satışa çıxarıb.
Mediatv.az xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, layihədə istifadə olunan ağır texniki vasitələrin artıq bir hissəsi satılıb. Hacı İbrahimin maliyyə böhranından sonra çətinliklə üzləşdiyi, məhz bu səbəbdən belə addım atdığı bildirilir.
Qeyd olunur ki, “Xəzər adaları”nda işlər səngidiyindən və iş adamına təcilli nağd pul lazım olduğundan texnikaları ucuz qiymətə satmağa məcbur olub.
Xatırladaq ki, “Beynəlxalq Bank işi”ndə adı hallanan iş adamı ötən il saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdı. Nehrəmli “Beynəlxalq Bank”dan 78 milyon manat məbləğində kredit götürdüyünü, kredit borcunu gecikdirdiyi üçün “Bandotdel”ə aparıldığını açıqlamışdı.
Onu da bildirək ki, 2,5 milyardlıq sərvətə malik Hacı İbrahim Nehrəmli Xəzər dənizində “Xəzər adaları” adlı ada-şəhərin inşasına başlamışdı. Layihənin ümumi dəyəri 100 milyard dollar idi.