Cəmiyyət (19-05-2015, 16:54)
Oliqarxların layihələrində fasilələr yaranıb
Həbs olunan oliqarxlar Rəşad Məmmədov və Hacı İbrahim Nehrəmliyə aid olduğu söylənilən “Seven hills” yaşayış kompleksində binaların tikintisində fasilə yaranıb.
Hafta.az-ın məlumatına görə, artıq bir həftədən çoxdur ki, layihə üzrə inşa olunan binalarda tikinti-quruculuq işləri dayandırılıb. Eyni zamanda, Hacı İbrahim Nehrəmliyə məxsus “Xəzər adaları” layihəsi üzrə də inşaat işlərinin dayandığı söylənilir.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib. O, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır. “Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli isə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Beynəlxalq Banka külli miqdarda borcları olduğu iddia olunur.