Milli Məclisin hazırda davam edən plenar icalsında deputatlar iqtisadi məsələlər, həmçinin ƏDV-nin tətbiqi ilə əlaqədar bir sıra vacib məsələlərə toxunub.
Mediatv.az xəbər verir ki, Deputat Vahid Əhmədov deyib ki, vergidən azad olunma ilə bağlı qərar verərkən ehtiyatlı olmalıyıq. Əks təqdirdə bu, sui-istifadələrə səbəb ola bilər. Ardınca deputat ƏDV-nin yüksək olmasından bəhs etdi: “Ölkəyə idxal edilən bəzi mallara, bir sıra məhsullara 18 faizlik ƏDV-nin tətbiq edilməsi Azərbaycan iqtisadiyyatına çox mənfi təsir edir. Elə məhsullar var ki, onlara ƏDV-ni 25-30 faiz də qoysan, heç bir problem olmaz. Ancaq Azərbaycan üçün lazım olan avadanlıqlara, o cümlədən qida məhsulalrına ƏDV-ni diferensiallaşdırılmış şəkildə tətbiq etmək lazımdır. Bəzi məhsullara lap kiçik faiz tətbiq edilməsinə ehtiyac var”.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov da ƏDV-nin 18 faiz olmasını düzgün saymadı və rəhbərlik etdiyi sahənin üzləşdiri problemlər barədə açıq danışdı: “Mən də Vahid müəllimlə razıyam. Elə məhsullar var ki, orada ƏDV 25-30 fazi də ola bilər. Ancaq bütün məhsulların hamısına eyni faizi qoymaq doğru deyil. Biz idxalın və ixracın qarşısını açmalıyıq ki, ölkədə inkişafa nail olaq. Məsələn, bizim dəmir yolunda aldığımız avadanlıqlara çox böyük gömrük rüsumu tətbiq olunur. Biz bilmirk kredit götürüb o avadanlıqları alaq, yoxsa vergi verək. Sosial baxımdan biz bilet satışında da qiymətləri qaldıra bilmirik. Bunu istəmirik. Ancaq ƏDV-nin tətbiqi dəmir yolunu müflisləşdirə bilər. Ona görə də mən xahiş edirəm baza kimi nəzərdə tutulsun ki, lazım olanda Nazirlər Kabineti bu məsələni ləğv edə bilsin”.(musavat.com)