Cəmiyyət (29-04-2016, 16:32)
Eldar Mahmudovun 40 milyon dollar atdığı iş adamı danışdı – “Onun şər aparatı iş başındadır”
“Həmişə diqqətlə izlədiyim, redaktorunun və yaradıcı heyətinin qələminə hörmət göstərdiyim Virtualaz.org saytında öz adıma rast gələndə təəccübləndim. Çünki haqqımda ittiham irəli sürülür, mənim mövqeyim isə işıqlandırılmırdı. Mən də məcbur olub öz mövqeyimi özüm qələmə alıb yaxından tanıdığım qələm adamaları vasitəsilə sayta göndərdim. Amma nədənsə, hələ də bu yazı ictimailəşdirilməyib”.
Mediatv.az xəbər verir ki, bunu Moderator.az saytına açıqlamasında iş adamı Vüqar Ağayev bildirib.
Onun sözlərinə görə, mövqeyinin Virtualaz.org-da işıqlandırılmasını istəməsinin səbəbi haqqında irəli sürülən ittihamın məhz həmin saytda getməsidir: “Açığı, bu mətbuat orqanı mənim problemlərimi, xüsusilə MTN naziri Eldar Mahmudovun başıma gətirdiklərini tam obyektiv şəkildə təqdim edib. Odur ki, mövqeyimin indi işıqlandırılmamasını yalnız bir səbəblə izah edirəm: Görünür, məktubum ünvanına çatmayıb. Mən də məcbur qalıb sizə müraciət edirəm”.
İş adamının bildirir ki, haqqında söhbət açdığı yazı iki gün öncə yayınlanan “Eldar Mahmudovun ölkədən didərgin saldığı biznesmen qayıtdı, ağacları qırmağa başladı” sərlövhəli məqalədir: “Məqalədə Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 2942 A ünvanında yaşayan sakinlərin şikayətlərində bir sıra qeyri-dəqiqliyə yol verilib. Məsələn, bildirilir ki, “Göygöl” MTK və “Rahat həyat” şirkətləri mənə məxsusdur. Guya, əvvəl “Göygöl” MTK “Bilal”-a, sonra isə “Bilal” “Rahat həyat”a çevrilib. Halbuki, nə “Göygöyül”ün, nə də “Rahat həyat”-ın mənə dəxli var. Sadəcə “”Bilal” mənə aiddir. Amma bu şirkət də 2009-cu ildən bəri öz fəaliyyətini dondurub”.
Yazıda sabiq nazir Eldar Mahmudovun keçmiş iş ortağı kimi təqdim olunan iş adamı bu iddia ilə razılaşmır. Onun dediyinə görə, sadəcə Eldar Mahmudovun bir sıra tikinti sifarişini qəbul edib və tikib: “Saytın özü belə bir müddət əvvəl yayınladığı bir məqalədə bu işgüzar əməkdaşlıqdan bəhs edən yazılar verib. Bəli, sabiq nazirin evini biz inşa etmişik. Sahib olduğu “Globus” biznes mərkəzinin bünövrəsi də bizə aiddir. Lakin heç bir zaman onunla ortaqlığım olmayıb. Hətta onun belə bir təklifini rədd etmişəm. Çünki mülkiyyətimin ələ keçirməsi planı olacağını düşünmüşəm və sonradan haqlı olduğum anlaşılıb”.
Qeyd edək ki, məqalə sakinlərin şikayət ərizəsi əsasında yazılıb və şikayətçilərin dilindən Eldar Mahmudovun keçmiş ortağı kimi təqdim oluan Vüqar Ağayevə məxsus şirkətin ağacları kəsdiyi və yerində bina inşa edəcəyi iddia olunur.
Eldar Mahmudovun onun mülkiyyətini zorla ələ keçirdiyini, üst-üstə iş adamına 30 milyon manat (o zamanın məzənnəsilə 40 milyon dollar) zərər vurduğunu bildirən Vüqar Ağayev müflişləşdiyini və bunun üçün də hər hansı tikinti layihəsinə investisiya qoymaq gücündə olmadığını etiraf edərək, deyir: “Mən hazırda öz şəxsi problemlərimin həlliylə məşğulam. Hələ də mülkiyyətimin geri qaytarılması üçün hüquqi müstəvidə iş aparıram. İnşallah, Azərbaycan məhkəmələrinin ədaləti və cənab Prezidentimizin qayğısı sayəsində haqqımı əldə etdikdən sonra gələcək işgüzar fəaliyyətimi davam etdirəcəyəm. Tikinti və investisiya layihələrim isə qanunun imkan verdiyi çərçivədə olacaq”.
Qanunun bütün dəyərlərdən üstün olduğunu bildirən iş adamı haqqında dezinformasiyaların məqsədli şəkildə yayıldığına və ondan qisas alındığına inanır: “Hansısa yaşayış massivinin önündə sakinlərin heç bir rəsmi sənədə əsaslanmadan bağ-bağat salmasından faydalanılması da bu qəbildəndir. Onsuz da özbaşına təsərrüfatların sökülmə ehtimalından narahat olan vətəndaşların bu psixoloji durumundan istifadə edən maraqlı dairələr onları iş adamlarının əleyhinə qaldırırlar. Məqsəd bəlkə də cənab Prezidentimizin qeyri-neft sektoruna qayğısının qarşısını almaq, ölkəni investorlar üçün maraqsız hala gətirməkdir. Görünür, kimlərsə mövcud status-kvonun qorunub saxlanılmasını istəyir”.
Bunun ölkənin inkişafına və bəlkə də təhlükəsizliyinə qarşı planlı şəkildə həyata keçirilən təxribat ola biləcəyindən çəkinən Vüqar Ağayev haqqında irəli sürülən ittihamların hüquqi qiymət alması üçün məhkəməyə müraciət edəcəyini bildirib: “Əldə etdiyim məlumata görə, bu qarayaxma kampaniyasını təşkil edən Mətləb Vəliyev adlı şəxsdir. Yalama gömrük məntəqəsində növbə rəisi işləyən bu adamın nə məqsədlə qara piar kampaniyasını aparmasının dəqiq araşdırılması olduqca vacibdir. Fikrimcə, məhkəmə və hüquq mühafizə orqanları kampaniyanın motivini araşdırmalı, lazımi ölçü götürməlidirlər. Hüquq mühafizə orqanlarının bu işini asanlaşdırmaq üçün onlara rəsmən müraciət edəcəyəm. İş adamlarını incitməyin və yenidən ölkədən didərgin salmağın kimlərin işi olduğunu Azərbaycan cəmiyyəti yaxşı bilir. Bu gün də eyni proses başqa adlar altında davam etdirilirsə, bu kampaniyanın motivləri də araşdırmalıdır”.
İş adamının fikrincə, Eldar Mahmudovun şər makinası hələ də iş başındadır: “Baxın, jurnalistlə söhbətində bina sakini Mətləb Vəliyev bildirib ki, rəsmi sənədlərlə tanış olmasa da, ağacların kəsilib yerində 12-mərtəbəli bina tikiləcəyindən xəbər tutub. Hətta tikinti şirkətinin sahibinin guya mən olduğum da onun xəbər tutduğu “gizlin”lər arasındadır. Əvvəla, yenə deyirəm, o tikintinin mənə aidiyyəti yoxdur və Mətləb Vəliyevin bildirdiyinə görə, inşaat aparan MTK da vətəndaşların suallarına cavab verərkən, məni tanımadıqlarını bildiriblər. Mətləb Vəliyev bundan sonra belə, öz iddiasını davam etdirir və rəsmən tanış olmadığı “sənəddə” nəzərdə tutulan layihədən danışırsa, deməli, ya informasiyanın “etibarlı mənbədən” aldığına inanır, ya da qəsdən dezinformasiya yaymaqla məşğuldur. Hər iki ehtimal onun maraqlı dairələr tərəfindən ortaya çıxarıldığını təsdiqləyir. Belə aydın olur ki, həmin dairələr hüquq müstəvisindəki məğlubiyyətlərinin qisasını şər kampaniyası aparmaqla almaq istəyirlər”.
Məlumatı dəqiqləşdirmək üçün tikinti işləri apardığı iddia olunan “Rahat həyat” şirkətinə etdiyimiz müraciət zamanı aldığımız cavab da inşaatın Vüqar Ağayevə heç bir dəxli olmadığını təsdiqlədi. Tikinti şirkətindən onu da bildirdilər ki, sakinlər aldadılıb, onlardan qaz və su problemi adı altında imza toplanıb: “Müxtəlif ünvanlara göndərilən şikayət ərizəsində isə qaz və sudan bir kəlmə belə yoxdur, bütün ittihamlar isə guya bizim tikinti aparmaq üçün ağac kəsdiyimizin üzərində qurulub”.
Sənədi imzalayan bəzi sakinlərlə telefon danışığımız zamanı, həqiqətən də, əsas etirazlarının qaz və suyla bağlı olduğu aydınlaşdı. Sakinlərdən Kərimov Samir ötən qış qaz yoxluğundan xeyli əziyyət çəkdiklərini, bunun üçün də şikayət etdiklərini bildirdi: “Qaz təminatı üçün sakinlərdən imza yığırdılar. Biz də buna görə imza topladıq. Daha sonra binanı tikən şirkət qaz çəkilişini öz öhdəsinə götürdü. Bildirdilər ki, ayın 1-dən etibarən binamıza qaz veriləcək”.
Fikrini soruşduğumuz Cəfərov Çingiz, Mahmudov Pünhan da əsas şikayətlərinin qaz problemiylə bağlı olduğunu təsdiqlədilər və ərizəni oxumadıqlarını, sadəcə onun məğziylə şifahi məlumatlandırıldıqlarını bildirdilər. Şikayətçilərdən Rəhimov İsa və Xamməmmədov Zahid isə bildirdi ki, onlara ərizənin qazla yanaşı, ətrafda bina tikintisinə etiraz niyyətilə yazıldığı deyilib.