Cəmiyyət (29-03-2016, 15:35)
Sabiq nazirin məşhur villasını tikən sahibkarın aqibəti
Artiq ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun və onun cinayətkar dəstəsinin iş adamlarının başına gətirdiyi müsibətlərlə bağlı çox danışılıb, yazılıb.
Mediatv.az: Azərbaycanın iqtisadi inkişafının əleyhinə yönələn, ölkəyə xarici kapitalın ən çox axdığı bir zamanda maliyyə potensialımızın qeyri-neft sektoruna istiqamətlənməsinin qarşısını alan bu fəaliyyətin nəticələri hələ uzun illər boyu öz mənfi nəticəsini göstərəcək, itkilərimiz kompensasiya edilənə qədər sabiq nazirin adı nifrətlə xatırlanacaq və 11 il davam edən zülmün acı təəssüfü hər birimizin ürəyini göynədəcək. Xüsusən də o cinayətkar bandanın əlindən müflisləşən, həbsə atılan və ölkədən qaçmağa məcbur edilən iş adamlarının.
Onların arasında Eldar Mahmudov özbaşınalığından ən çox əziyyət çəkən iş adamlarından biri kimi yəqin ki, Vüqar Ağayev də olacaq.
Vüqar Ağayev iş həyatına 2002-ci ildə başlayıb və qısa vaxt ərzində, necə deyərlər, parlamağa başlayıb. Tikinti sektorundakı fəaliyyətinə xırda həyət evlərinin inşasıyla başlayan iş adamı iki ildən sonra böyük layihələrin altına girəcək qədər güclənib.
2004-cü ildə Əhmədlidə 5-bloklu 16-mərtəbəli bir binanın tikintisini öz öhdəsinə götürüb və bu işi uğurla tamamlayıb.
Bir ildən sonra Xətai rayonunda 3-bloklu 18-mərtəbəli binaların inşasına başlayan Vüqar Ağayevin yüksəlişi Eldar Mahmudovu tanıması ilə dalana dirənir. Ölkənin milli təhlükəsizliyinin ən yüksək səlahiyyətlisi olan bu adam Vüqar Ağayevin alın təri ilə qazandığı varidatına göz dikir, əvvəl şirnikləşdirmə, sonra isə açıq hədə-qorxuyla iş adamının mülkiyyətini ələ keçirməyə çalışır və nəhayət, buna nail olur.
İş adamının yaxınları tərəfindən virtualaz.org-un redaksiyasına ötürülən məlumata əsasən, Vüqar Ağayev Eldar Mahmudovun qanunsuz tələblərindən canını qurtarmaq üçün ölkəni tərk edib, Amerikaya qaçmağı bacarsa da, öz mülkiyyətini qoruya bilməyib. İş adamının MTN şefinin qəzəbinə gələn mülkiyyətinin dəyəri isə kifayət qədər böyükdür-hardasa, 30 milyon manat (o dövrün məzənnəsi ilə müqayisə etdikdə bu, 40 milyon dollara yaxın bur məbləğdir-red.).
Vüqar Ağayevin öz “canavarı” ilə tanışlığı sabiq nazirin bu gün mətbuat orqanlarının səhifələrini bəzəyən məşhur evi ilə başlayıb. Məlumata görə, evin layihəsi Kanadada yaşayan, əslən Cənubi Azərbaycandan olan bir xanım tərəfindən hazırlanıb. Layihəni Azərbaycanda qeydiyyatdan keçirmək və üzərində bəzi kiçik-para düzəlişlər etmək üçün yerli memara ehtiyac duyulur. Eldar Mahmudova bacarıqlı memar kimi Vüqar Ağayev nişan verilir.
“Bir nömrəli şekist”ə bu təklifi verən MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi general Nizami Şirinov əslində Vüqar Ağayevə yad birisi də deyilmiş. İş adamının uzaq qohumu olan general Şirinov onu öz şefi ilə görüşdürür. Sözügedən sənədə müəyyən səmərəli düzəlişlər edən Vüqar Ağayevin adı layihənin memarı kimi sənədləşdirilir və layihə müvafiq orqanlara təqdim olunur.
Maraqlıdır ki, özünün tikinti şirkəti olan Eldar Mahmudov evin inşasını da Vüqar Ağayevə təklif edir. Bu müəmmanın səbəbini iş-işdən keçdikdən sonra anlayan Ağayev MTN rəhbərinin “gözlənilməz yağlı təklifinə” müsbət cavab verir. Amma…
Sonra baş verənlər göstərir ki, nazirin başqa planları varmış: O, dəyəri milyonlarla dollara başa gələcək evə müftə sahib olmaq niyyətində imiş. Təbii ki, “bir nömrəli çekis”in bu niyyətini ağlına belə gətirməyən iş adamı qollarını çırmalayır və işə başlayır.
Eldar Mahmudov “R.A.N” şirkətinin təsisçisinə öz evi ilə yanaşı, başqa işlər də həvalə edir. Bakı şəhəri, Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin kəsişməsində 25 mərtəbəli biznes mərkəzinin tikintisini də iş adamına tapşıran nazir burada aparılan inşaat üçün ilk əvvəl müəyyən ödəmələr də həyata keçirir. Amma ödənilən məbləğ heç biznes mərkəzinin tikintisinə çəkilən xərcləri belə kompensasiya etmir.
Vüqar Ağayevin bir az nazir statusuna hörmətlə, bir az da qorxuyla etdiyi pul tələbləri hər dəfə quru vədlərlə “ödənir”. Beləcə, iki il davam edən müftə əməkdaşlıq iş adamını fəhlələrin pulunu ödəyə bilməyəcək qədər kasıblaşdırır. Məcburən, qorxa-qorxa dilə gətirilən tələblərin də tonu yüksəlir.
Həmin ərəfədə sabiq nazir mülkiyyətinə göz dikdiyi qurbanının başqa layihələri ilə də tanış olur. Onun Bakı şəhəri, Nobel prospekti 2207 ünvanında yerləşən 8.18 ha torpaq sahəsində salmaq istədiyi “Ağ ləpələr” adlı villa şəhərçiyi nazirin iştahasını daha çox çəkir. Öz evinin tikintisinə çəkilən xərcləri belə ödəməyən Eldar Mahmudov iş adamına “Ağ ləpələr”i maliyyələşdirməyi və onunla ortaqlıq təklif edir. Nazirin yaxşı ortaq olmayacağını başına gələn hadisələrdən anlayan Vüqar, təbii ki, bu təklifə müsbət cavab vermir. Bununla da Eldar Mahmudovun əsl siması ortaya çıxır.
Nazir iş adamına 2007-ci ildə inşasını tapşırdığı biznes mərkəzinə çəkilən xərci araşdırdığını, bu işin məbləğinin 2.8 milyon manatı keçmədiyini və ödənən 5 milyon pulun digər hissəsinin mənimsəndiyini bildirir və həmsöhbətini obyektə komissiya göndərəcəyi ilə təhdid edir.
Məlumatlı şəxsin virtualaz.org-a bildirdiyinə görə isə, Vüqar Ağayev biznes mərkəsinin fundamentinə və sabiq nazirin sifariş etdiyi digər söküntü işlərinə ən azı 8 milyon manat pul xərcləyibmiş. Yəni sabiq nazirin ödədiyi vəsaitin üstünə öz cibindən əlavə 3 miyon manat pul qoyubmuş. Üstəlik, həmin ərəfədə nazirə dəyəri milyon manatlarla ölçülən ev də inşa edirmiş və bunun müqabilində ondan 1 manat belə almayıbmış.
Eldar Mahmudovun təhdidlərini eşidincə, qulaqlarına inanmayan Vüqar Ağayev öz hesab-kitabına arxayın olduğundan nazirə deyir ki, yoxlama üçün istənilən komissiyanı göndərə bilər. Nazir də elə onun yanında təftiş aparmağı öz qohumu Musa Mahmudova tapşırır. Bu hadisədən bir ay sonra iş adamı yenidən nazirin qəbuluna çağırılır. Görünür, “təftişi” heç bir nəticə verməyən Mahmudov əvvəl şirin dilini işə salır, açıq şəkildə həmsöhbətinə “Ağ ləpələr”də gözü olduğunu deyir. Zarafatla onu da əlavə edir ki, “millət öz təhlükəsizlik nazirinə hədiyyə vermək üçün günlərlə MTN-in qapısını yağır edir. 8.18 hektarlıq ərazi nədir ki, Vüqar Ağayev bu cür kiçik məsələlərin söhbətini aparır”.
Bu “ağır söz”dən sonra belə, tərəf-müqabilinin özünü “yekə” aparması Eldar Mahmudovu hövsələdən çıxarır. Özünə arxayın olan nazirin qoçu siması üzə çıxır:“Öz xoşluğunla o ərazini mənə verməsən, səni həbsə atar, mülkiyyətini balalarından alaram. Sabaha qədər vaxt verirəm, get, “Ağ ləpələri” mənim adıma rəsmiləşdir!”.
Milli təhlikəsizlik nazirinin yanından can təhlükəsi vəlvələsiylə çıxan Vüqar Ağayev evə gəlib qarşılaşdığı hadisəni atasına danışır. Çətin vəziyyətdə qalan ailə üzvləri özlərinin maddi cəhətdən iflasını gətirən qərarı verməli olurlar: Vüqar mülkiyyətində olan bütün əmlakı barədə atasına etibarnamə verərək ölkəni tərk edir. Əvvəl Gürcüstana, oradan Fransaya, daha sonra isə ABŞ-a qaçan iş adamı öz təhlükəsizliyini bu cür təminat altına ala bilir.
Vüqar Ağayevin ölkəni tərk etməsindən sonra MTN-in hədəfinə onun atası Asif Ağayev gəlir. Dəfələrlə təkrarlanan hədə-qorxulardan sonra “Ağ ləpələr” E.Mahmudovun oğlu Anar Mahmudovun faktiki rəhbəri olduğu “İnşaatçı-E” MMC şirkətinə “hədiyyə edilir”. Ağayevin mülkiyyətində olan digər obyektlər isə satılır və pulu Eldar Mahmudovun sifarişlərini həyata keçirmək üçün yaranan borcların ödənməsinə sərf olunur…
Yaxınlarının bildirdiyinə görə, iş adamının bəzi inşaat malları satan şirkətlərə borcları bu günə qədər ödənilməyib. Onlar hələ də öz borclarını tələb edirlər. Ağayev ailəsi isə bu borcları qaytarmaq iqtidarında deyil.
Beləliklə, bir vaxtlar biznesi uğurla inkişaf edən iş adamı Vüqar Ağayev müfliləşdirildi, ölkədən qaçmağa məcbur edildi, yaxınları isə külli miqdarda borca düşdü.
Yaxınlarının virtualaz.org-a bildirdiklərinə görə, Eldar Mahmudovun və cinayətkar bandasının ifşasından sonra Vüqar Ağayev ölkəyə qayıdıb. Hazırda onun şikayəti əsasında bu işlə əlaqədar istintaq aparılır.
Vüqar Ağayev özü isə ümid edir ki, Bakıda yenidən iş qurub fəaliyyətini davam etdirəcək.