Cəmiyyət (11-03-2016, 12:45)
Göyçay ƏSMM-də yardım və əlil arabası alveri
Direktor Aqşin Qafurov iflic uşağı üçün atasına arabanı 1000 manata satıb, ünvanlı sosial yardım almaq istəyən isə 8 ayından keçməlidir
Mediatv.az xəbər verir ki, Göyçayın Ərəbşahverdi kənd sakini Xanəhməd Ağarəhimov JAM.AZ-a müraciət edərək, üzləşdiyi problemdən dolayı şikayətçi düşdüyünü bildirib. O qeyd edir ki, rayonun Sosial Müdafiə Mərkəzinin direktoru Aqşin Qafurovdan narazıdır və onun qanunsuz hərəkətlərindən bezib.
Xanəhməd Ağarəhimov bildirir ki, onun 1998-ci ildə dünyaya gəlmiş qızı Səidə anadanjəlmə beyin iflicidir və bu səbəbdən də yataq xəstəsidir. «Qızım əlillik dərəcəsinə görə ayda 72 manat pensiya alır. Bütün müalicə xərclərini özümüz çəkirik. Lakin ciddi dəstəyə ehtiyacımız var. Üstəlik, ailəmizin dolanışığı dəhşətli vəziyyətdədir».
Göyçay sakini daha sonra olduqca dəhşətli bir məqama toxunub. O bildirir ki, ailəsinə verilmiş torpaq sahəsini sataraq, qızına əlillik arabası alıb. Özü də həmin arabanı elə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Aqşin Qafurov Ağarəhimovlara satıb. «Pay torpağımı sataraq, onun puluyla Aqşin Qafurovdan 1000 manata qızım üçün əlil arabası aldım. Qalan pulu da müalicəyə xərclədik. Halbuki əlil arabası xəstələrə pulsuz verilməlidir».
Ağarəhimov daha sonra bildirir ki, Aqşin Qafurov ünvanlı sosial yardım almaq istəyənlərə də zülm edir. Onun sözlərinə görə, üzləşdiyi poblemdən dolayı Göyçayın icra başçısı Mübariz Ağayevin qəbulunda olub. Həmin vaxt icra başçısı ona dəstək olaraq, rayonun Mallışıxlı kənd bələdiyyəsinin sədri Eldar Məhərəmmova göstəriş verib ki, Ərəbşahverdi kənd sakininə 1,5 hektar torpaq sahəsi ayrılsın. «Arayış tərtib etdilər, yazdılar, pozdular. Axırda məlum oldu ki, ümumiyyətlə, mənə torpaq sahəsi icarəyə belə verilməyib. Bütün sənədlər saxtadır. Bələdiyyə sədrinə durumu izah etdikdə bildirdi ki, burada məqsəd mənim ünvanlı sosial yardım ala bilməyimdir. Çünki bu arayışla həmin pulu almaq mümkündür».
Şikayətçi vurğulayır ki, Aqşin Qafurov sosial yardımın təyin edilməsində «özünəməxsus» qaydalardan yararlanır. Xanəhməd Ağarəhimov bildirir ki, mərkəzin direktoru ünvanlı sosial yardım istəyənə təklif edir ki, bəri başdan 8-10 ayın pulu ona verilməlidir».
Yazıda adları keçən şəxslərin də mövqeyini yayımlamağa hazırıq.