Cəmiyyət (25-02-2016, 11:32)
Astara bazarının saxta sahibi «aksiya» təşkil edib
Asif Həziyev qardaşının mülkünü geri qaytarmamaq üçün 5-6 öyrədilmiş adamını küçəyə çıxararaq, «etiraz» təşkil edib
Mediatv.az xəbər verir ki, ötən günlərdə Astara rayonunda bazar qalmaqalı yaşandığına dair məlumat vermişdik. Bildirmişdik ki, 2006-cı ildə Rauf Həziyev tərəfindən satın alınan, hazırda da fəaliyyət göstərən iri ticarət mərkəzi ətrafında qəribə vəziyyət yaranıb.
JAM.AZ-a göndərdiyi məktubunda Rauf Həziyevin həyat yoldaşı Svetlana Didenko bildirmişdi ki, əri 2009-cu ildə şərlənərək həbs olunduqdan sonra qaynı Asif Həziyevə bazarı işlətmək üçün razılıq verib. Lakin rəsmi sənəddə razılıq müddəti 2012-ci ildə başa çatıb. Amma buna baxmayaraq, həmin müddətdən bəri Asif Həziyev qardaşına məxsus olan bazarı əsl sahibinə qaytarmaqdan imtina edir.
Qeyd edək ki, bununla bağlı Astara rayon Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi qətnamələr çıxararaq, bazarın həqiqi sahibi Rauf Həziyevi tanıdıqlarını, ticarət mərkəzinin ona qaytarılmasına hökm ediblər. Həziyev isə qardaşının onun ailəsinə baxmaması, heç bir köməklik göstərməməsi səbəbindən bazarı yaxın adamlarından birinə etibar edib. Bu məqsədlə ona da müddətli etibarnamə verib.
JAM.AZ bildirir ki, Asif Həziyev 2012-ci ildən bəri işlətdiyi bazardan pul yığsa da, dövlət büdcəsinə vergi ödəməkdən boyun qaçırıb. Bu artıq təsdiqini tapıb və Rauf Həziyevin qanuni nümayəndəsi məsələni 6 saylı Lənkəran Regional Vergi İdarəsinin qarşısında qaldırıb. Lakin bunun bir faydası olmayıb.
Bundan başaq, məhkəmənin çıxardığı qətnamələrin icra edilməməsi də müəmmalı şəkil alıb. Ona görə ki, Astara Məhkəmə Qərarları İcrası Şöbəsində Asəf Həziyevə gücləri çatmadığını bildirirlər. Ki, belə bir arqumentin gətirilməsi belə gülüncdür. Ona görə ki, Məhkəmə Qərarlarının İcra Şöbəsi əgər məhkəmə qərarlarını icra edə bilmirsə, bu zaman polisin yardımlarından faydalanmaq məcburiyyətindədir. Amma onlar bu imkanlardan da yararlanmırlar.
İşin gülməli tərəfi isə bir başqadır. JAM.AZ-a məlumat verən Svetlana Didenko bildirib ki, Asif Həziyev bazardan çıxmamaq üçün yeni vasitəyə əl atıb. Onun sözlərinə görə, Asif Həziyev dünən 5-6 nəfəri öyrədərək, bazarın qarşısında aksiya təyin etdirib. «Həmin adamların etiraz etdikləri məsələ isə həqiqətən gülməlidir. Deməli, bu öyrədilmiş adamlar «aksiya» keçirib bəyan edirlər ki, bəs, Asif Həziyevin bazarın rəhbərliyindən çıxarılmasına etiraz edirlər və buna imkan verməyəcəklər. Arqument kimi isə bildirirlər ki, onlar Asif Həziyevə bazarı işlətmək üçün külli miqdarda pul veriblər. Bu adamlara sual verən lazımdır ki, Asif Həziyev 2012-ci ildən bazarın sahibi deyil, əksinə, oranı zəbt edib. Saxta yolla bazarı idarə edən birində niyə pullarını etibar ediblər? İkincisi, onların arasında hər hansı bir pul mübahisəsi varsa, bazar həmin prosesdə müzakirə və ya alqı-satqı predmeti ola bilməz. Ona görə ki, bazar mənim həyat yoldaşıma məxsusdur, üstəlik, Rauf Həziyev həmin ticarət mərkəzinin işlətməsini tamam başqa bir şəxsə etibar edib. Yəni, Asif Həziyev heç bir şəkildə bazara iddia edə bilməz. Oradan bir çöp aparmaq səlahiyyətinə və hüququna da malik deyil. «Aksiya» keçirib, hay-küy salmaq da əbəsdir. Və bunun oyun olduğunun fərqindəyik».
.
Didenko sonda onu da bildirir ki, qaynı Asif Həziyevin əsas məqsədi bazarı əldən verməmək, davamlı olaraq rahat yolla qazanc əldə etməkdir. «Azərbaycan hüquqi dövlətdir, burada qanunlar şahdır. Hər kəs qanun qarşısında bərabərdir. Asif Həziyev kimi adamların çıxardığı hoqqalar isə qanunları yanılda bilməz. Əminəm ki, Azərbaycan hökuməti, müvafiq dövlət qurumları bu adamın qanunsuz əməllərinin qarşısını alacaq və onunla bağlı zəruri tədbir görəcək. Eyni zamanda, bizim qanuni hüquqlarımızı bərpa edib, qoruyacaq».
Qarşı tərəfi də dinləməyə hazırıq.