Azərbaycanda həyata keçirilən layihələr təxminən 15 min yeni iş yerinin açılmasına imkan verəcək.
Mediatv.az saytı bildirir ki, iqtisadiyyat naziri Şahin Mustafayevin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında dediyinə görə, Azərbaycanda reallaşdırılan layihələr təqribən 15 min iş yerinin açılmasına imkan verəcək.
Nazir bildirib: "Növbəti il yarım ərzində Azərbaycanın bütün regionlarını və kənd təsərrüfatı, emal və sənaye kimi sahələri əhatə edəcək təqribən 150 layihə reallaşdırmağı planlaşdırırıq. Bu, iqtisadi aktivliyi, yerli məhsulların rəqabət qabiliyyətini, eləcə də dövlət satınalmalarında yerli məhsulun payını artırmağa imkan verəcək. Bununla da, yerli istehsalın qurulmasına nail olacağıq".
Ş.Mustafayevin sözlərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən 1,5 milyard manat investisiya tələb edən proqramlar hazırlanıb ki, bunun 250 milyonu Sahibkarlığa Komək Milli Fondu üzrə təqdim olunacaq.
"Qalan məbləğ sahibkarların öz vəsaitləri, eləcə də bu prosesə qoşulacaq bank sektoru hesabına ayrılacaq. Prezident İlham Əliyevin ötən gün iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə qeyd etdiyi kimi, banklar da real və qeyri-neft sektorunun kreditləşdirilməsini artıracaq", - nazir belə deyib.