Dünya (14-10-2014, 20:50)
Azərbaycan Malayziya və İtaliya mətbuatında
Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkədə ingilis dilində nəşr edilən "İnternational Business Review" jurnalının 10 illik yubileyinə (100-cü nəşr) həsr olunmuş buraxılışında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin müsahibəsindən parçalar təqdim edib. Müsahibədə qeyd edilir ki, Azərbaycanda növbəti illərdə informasiya və kommunikasiya texnologiyaları prioritet sahə olacaq. Hazırda bu sahədə çox yüksək artım tempi müşahidə edilir. Keçən il orbitə ilk telekommunikasiya peykinin buraxılması və yüksək texnologiyalar parklarının yaradılması sahənin inkişafı üçün geniş imkan yaradır. 2014-cü ilin Prezident İlham Əliyev tərəfindən "Sənaye ili" elan olunması barədə məlumatın da yer aldığı müsahibədə bildirilir ki, hazırda sənayeləşmə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritetlərindən biridir. Transmilli layihələrin icrası və düşünülmüş neft strategiyasının uğurla reallaşdırılması neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin də inkişafına təkan verib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində sənayenin modernləşməsi və müasir tələblərə cavab verən rəqabət qabiliyyətli sənaye müəssisələrinin yaradılması istiqamətində əhəmiyyətli işlər görülüb. Son 10 ildə ölkə sənayesinə 47 milyard manatdan (60 milyard ABŞ dolları) çox investisiya yatırılıb. Paytaxt Bakıda və regionlarda energetika, maşınqayırma, metallurgiya, məişət cihazları, tikinti materialları, qida məhsulları və digər sahələrdə yüzlərlə istehsal və emal müəssisəsi istifadəyə verilib. Hazırda 90-dan çox sənaye müəssisəsinin tikintisi davam etdirilir.
İtaliyanın "Ragusa Oggi" xəbər saytında isə IV Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı ətraflı məlumatların yer aldığı yazı yerləşdirilib. Yazıda tədbirə dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın iştirakçının qatıldığı bildirilir. Məqalədə Heydər Əliyev Mərkəzində təşkil olunan Forumun açılışında prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə yer verilir, tədbirin panel sessiyalarında bütün dünya ölkələrini maraqlandıran qlobal mövzuların müzakirə olunduğu vurğulanır. İtaliya nümayəndə heyətinin Forumda fəal iştirak etdiyini oxucuların diqqətinə çatdıran müəllif bildirir ki, bu tədbir bəşəriyyətin universal dəyəri olan mədəniyyətlərarası dialoq anlayışının gündəmə gətirilməsi istiqamətində Azərbaycan tərəfindən yaradılan əvəzsiz bir imkandır. Azərbaycan belə bir tədbiri təşkil etməklə dünyanın qlobal problemlərinə görə məsuliyyət daşıyan, yeni minilliyin çağırışlarına qulaq verən beynəlxalq bir aktora çevrildiyini sübut edir.