Cəmiyyət / Slayd (9-01-2016, 17:13)
AZAD RƏHİMOV DA NAZİR STATUSUNU İTİRİR
Dünya bazarında neftin qiyməti aşağı düşdükcə, Azərbaycanda sosial-iqtisadi vəziyyət ağırlaşmaqdadır. Ölkənin neft gəlirlərinin azalması, digər sahələrdən isə gəlirlərin çox aşağı səviyyədə olması dövlətin öz öhdəliklərini yerinə yetirməsində, nəzərdə tutulan xərcləri ödəməsində ciddi problemlər yaratmaqdadır.
Mediatv.az xəbər verir ki, bundan çıxış yolu kimi hazırda Azərbaycan hökuməti dövlət xərclərini azaltmağa çalışır. Dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir şox layihələrin artıq təxirə salındığı məlumdur. Məsələn, “Gənclər şəhərciyi”nin salınması, “xruşovka” binaların sökülməsi və sair kimi layihələrdən artıq imtina edilib. Ancaq sürətlə azalan gəlirlər, yalnız nəzərdə tutlan layihələrdən imtina etməyi deyil, həm də mövcud xərcləri “qayçılamağı” tələb edir.
Bunun isə ən qısa və hazırkı şəraitdə yeganə yolu ciddi islahatlara getmək, neft gəlirlərinin bol vaxtı şişirdilmiş dövlət aparatını kiçiltmək, kütləvi ixtisarlar aparmaqdır. Və hökumət də buna getmək niyyətindədir. Bu çərçivədə hökumət artıq bir çox nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən digər təsisatlara xərclərin azaldılması üçün ştat vahidlərinin ixtisarını nəzərdən keçirmək barədə təlimat göndərib. Habelə büdcədən maliyyələşən təşkilatlarda xidməti avtomobillərin sayının azaldılması, ezamiyyət xərclərinin məhdudlaşdırılması istiqamətində də işlər başlayır.
Xərclərin ixtisarı dövlət aparatının saxlanılması üçün büdcədə nəzərdə tutulan xərclərin azaldılmasını da əhatə edəcək. Gözlənilir ki, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək.
Hələ ötən ilin ortalarından bu istiqamətdə işlərin getdiyi məlum idi. Ötən ilin sonunda isə Prezident də çıxışında bildirdi ki, gələn il idarəetmə sahəsində islahatlar “yeni formatda” davam etdiriləcək, vergi, gömrük orqanlarının, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunacaq. Prezident yeni formatın nədən ibarət olacağını açıqlamasa da, bunun idarəetmənin sadələşdirilməsi, bir-birini təkrarlayan dövlət qurumlarının ləğv olunması və ya birləşdirilməsi, işçilərin sayının maksimum azaldılması istiqamətində olacağı şübhə doğurmur.
KİV-lərdə yayılan məlumatalara görə, İlham Əliyevin tapşırığı əsasında hazırda hökumət bu məsələyə baxır və bəzi sahələrdə xərclərin ixtisarını nəzərdə tutur. Təsadüfi deyil ki, Milli Məclisin ötən il keçirilən son sessiyasında bəzi deputatlar da büdcəyə yükə çevrilmiş komitələrin ləğvini gündəmə gətiriblər. Bu haqda saytımızda məlumat verildiyindən təkrarlamaq istəmirik.
“AzPolitika.info”ya daxil olan məlumata görə, islahatlar aparılacaq bir çox qurumlarda artıq buna hazırlığa başlanılıb. Bunlardan biri də Gənclər və İdman Nazirliyidir.
Saytımıza verilən məlumata görə, yanvarın 7-də nazirlikdə keçirilən geniş toplantıda bu məsələ ilə bağlı ilkin məlumat verilib. Belə ki, Gənclər və İdman Nazirliyinin ləğv edilərək, əvəzində eyni adda komitənin yaradılacağı bildirilib. Qeyd edilib ki, bununla bağlı yaxın vaxtlarda Prezidentin fərmanı olacaq. Bu səbəbdən də həm mərkəzdə, həm də royonlardakı ştat vahidlərinin əhəmiyyətli şəkildə ixtisar olunacağı bildirilib.
Bundan əlavə Gənclər və İdman Nazirliyinin xətti ilə idman federasiyalarına edilən maliyyə yardımlarının əhəmiyyətli dərəcədə azaldılacağı, hətta tamamilə dayandırıla biləcəyinə dair xəbərdarlıq edilib. Federasiyalara dövlət hesabına yarışlar təşkil etmək qadağan olunub. Belə yarışların Gənclər və İdman Nazirliyi və ya onun bazasında yeni yaradılacaq komitə tərəfindən təşkil olunacağı bildirilib. Bunun da səbəbi maliyyə çatışmazlığı ilə bağlanılıb.
Məlumatdan göründüyü kimi, neftin qiymətinin düşməsi ilə başlayan böhran daha bir nazirliyin fəaliyyətinə son verilməsinə səbəb olacaq. Deməli yaxın vaxtlarda Azad Rəhimov da ən azı nazir statusunu itirəcək.