Cəmiyyət (6-01-2016, 12:15)
Böhranın kütləvi ixtisarlar mərhələsi gəlir – “10 minlərlə insan işsiz qala bilər”
Dövlət qurumlarında işini itirənləri özəl sektor qəbul etməyə hazır deyil Hökumət işdən məhrum olan vətəndaşlar üçün nə fikirləşir?
Mediatv.az xəbər verir ki, Milli valyutanın iki dəfə devalvasiyası, işsizlik, bahalaşma 2015-ci ilin ən mühüm hadisələridir. Neftin ucuzlaşmasından yaranan iqtisadi böhran Azərbaycanda sosial gərginliyi artırıb. Hökumət bahalaşmanın qarşısını almağı, xərcləri azaltmağı, büdcəyə qənaət etməyi əsas prioritetlər elan edib. Bu istiqamətdə addımlardan biri də dövlət strukturlarının birləşdirilməsi, eyni zamanda şişirdilmiş ştatlarda ixtisarların aparılması oldu.
Qeyd edək ki, Azərbaycan müstəqillik qazanandan sonra əhalinin işsizlik problemini həll etmək üçün əlavə dövlət təşkilatları yaradıldı, ştatlar süni şəkildə artırıldı. Hətta vəziyyət elə bir həddə çatdı ki, dövlət büdcəsi hesabına məvacib alan işçilərin sayı 1 milyon nəfəri ötdü. Bu isə əmək qabiliyyətli insanların üçdə biri demək idi. Doğrudur, Dövlət Statistika Komitəsi büdcə təşkilatlarında çalışanların sayını 800 min nəfərə yaxın göstərir. Amma dövlətin iri vergi ödəyiciləri olan Dövlət Neft Şirkəti, “Azərenerji”, “Azəriqaz”, “Azərsu” və sair bu kimi təsərrüfat hesablı dövlət təşkilatlarında çalışanlar özəl sektora daxil edilir.
İndiyədək ekspertlər struktur islahatlarının aparılmasının vacibliyinə, çevik idarəetmə sisteminin qurulması məsələsinə dəfələrlə toxunsalar da, hökumət bunun üzərindən sükutla keçirdi. Yalnız dövlət gəlirlərin azaldığı bir ərəfədə bu tip islahatlara başlamaqla, əlavə sosial gərginlik yaradıb. Çünki özəl sektorun həmin işsizləri qəbul etmək imkanları məhduddur.
2016-cı ildə də dövlət strukturlarında kütləvi ixtisarların davam edəcəyi gözlənilir. Deməli, işsizlər ordusuna yeni insanlar əlavə olunacaq. Bunun qarşısını almaq üçün hökumət hansı addımları atmalıdır?
İqtisadçı-ekspert Natiq Cəfərli “Bizim Yol”a şərhində bildirib ki, Azərbaycanda son illər ərzində, yəni bahalı neft dövründə şişmiş dövlət və hökumət aparatı formalaşmışdı: “Ölkədə dövlət idarələrinin sayı nazirliklər və dövlət komitələri ilə birlikdə 45-ə çatmışdı. Eyni zamanda onların tərkibində şişirdilmiş, “ölü ştatlar” mövcud idi. İndiki vəziyyətdə onların ixtisarı qaçılmazdır. Sadəcə olaraq hökumət indiyədək buna əvvəlcədən hazırlaşmalı idi, əslində işsizliklə bağlı xüsusi proqram olmalı idi. Yəni işsizliyin aradan qaldırılması üçün ilkin olaraq nəyə diqqət yetirilməsinin işlək planı olmalı idi. Amma Azərbaycan hökuməti bu problemi əvvəlcədən görmürdü və inanmırdı ki, mövcud çətin bir vəziyyətə düşə bilər. Neftin qiymətinin daim yüksək qalacağını düşünürdü”.
İqtisadçı hesab edir ki, dövlət strukturlarında islahatların aparılması məcburi xarakter alıb: “Nazirliklərin və dövlət komitələrinin birləşdirilməsi, bir çoxunun ləğv olunması normal bir addımdır. Sadəcə olaraq təkcə bu addımı atmaqla hər hansı bir problemi həll etmək mümkün deyil. Başqa sahələrdə də ciddi islahatlar olmalıdır ki, bunlar effekt versin, çevik hökumət modelinə keçmək mümkün olsun. İşsiz qalan insanların cəmiyyətə adaptasiya olunması, yeni iş yerlərinin açılması ilə bağlı konkret proqramlar da həyata keçirilməlidir ki, sosial gərginlik artmasın. Problem odur ki, bir tərəfdən ixtisarların aparılması qaçılmazdır, labüddür, digər tərəfdən işsiz qalan insanların necə reabilitasiya olunacağı məlum deyil. Onların sosial müdafiəsi ilə bağlı heç bir proqram ortaya çıxarılmayıb. Yaxın zamanlarda on minlərlə insan işsiz qala bilər”.
N.Cəfərlinin fikrincə, işsizlik təkcə dövlət sektorunda deyil, özəl sektorda da geniş yayılır: “Həm dövlət xərcləmələrinin azalması, həm də ticarət dövriyyəsinin, iqtisadi aktivliyin aşağı düşməsi səbəbindən işsizlik daha da genişlənəcək. Bakıda hər gün dükanların, obyektlərin bağlandığını görürük. Proses dalğavari şəkildə davam edəcək. Hökumət ən azı 2 il bundan əvvəl indiki vəziyyətə hazır olmalı idi, amma etmədi. Çox acınacaqlı bir vəziyyət yaranıb. Xərclər azaldılmalı, ixtisarlar aparılmalıdır, bununla paralel olaraq sosial gərginlik də artacaq. Əhalinin gəlirləri aşağı düşəcək, dolanışığı azalacaq. Artıq ciddi şəkildə problemlərin ortaya çıxması dönəmi başlayır. Hökumət nə kimi addımlar atacağına dair təəssüf ki, heç bir açıqlama verməyib”.
Ekspert hesab edir ki, dövlət idarəetmə sisteminin fəlsəfəsi dəyişməlidir: “Paralellik təşkil edən bir neçə dövlət qurumu var. Azərbaycan hökuməti və Prezident Administrasiyası var. Həm hökumətdə, həm də administrasiyada bir-birini təkrarlayan strukturlar var. Məsələn, hökumətdə Kənd Təsərrüfatı Nazirliyi fəaliyyət göstərir, paralel olaraq Prezident Administrasiyasında kənd təsərrüfatı ilə bağlı şöbə mövcuddur. Bu siyahını uzada da bilərik. Onların hamısı bir-birinin işini təkrarlayan strukturlardır. Fikrimcə, belə idarəçiliyin fəlsəfəsi dəyişməlidir. İlkin olaraq onlar birləşdirilərək, paralellik aradan qaldırılmalıdır.
Daha sonra gömrük və vergi strukturları birləşdirilməlidir. Onların ayrıca fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Bundan başqa tikinti ilə məşğul olan onlarla dövlət qurumları çalışır. Bu tikinti komitələrinin hamısı birləşdirilib, vahid şəkildə hansısa nazirliyin tabeçiliyinə vermək olar. Ya da ayrıca komitə yaradılaraq, bütün nazirliklərdə olan idarələr ləğv edilə bilər.
Ümumiyyətlə, bu məsələdə dövlət yanaşması dəyişilməlidir. Bu günlərdə yeni dövlət komitələrinin yaradılması məsələləri gündəmə gəlib. Həm Dövlət Bayraq Meydanı yaradılıb, həm də Dənizkarı Bulvar İdarəsi fəaliyyət göstərir. Belə fəlsəfələrdən əl çəkmək lazımdır. Yəni hər kiçik sahə üzrə komitə yaratmaq siyasətindən əl çəkilməlidir ki, effektiv idarəetmə metoduna keçə bilək”.
N.Cəfərli hesab edir ki, dövlət qurumlarından ixtisara düşən işçiləri özəl sektorda qəbul edəcək mühitin olmaması yoxsulluq səviyyəsinə ciddi təsir göstərəcək: “Neft pulları hesabına orta biznesin formalaşması prosesi gedirdi. Yaranacaq sosial gərginliyin əsas zərbəsi onlara dəyəcək. Orta sinif yoxsullaşdıqca, onun aqressiyası da, depressiyası da artacaq. İnsanların psixoloji durumu pisləşəcək. Təəssüf ki, illərlə hökumətə bununla bağlı xəbərdarlıq edilsə də, hazırda bir işlək proqramı yoxdur. Normal ölkələrdə dövlət sektorunda gedən ixtisarlar zamanı yaranan işsizliyi özəl sektor həll edə bilir. Amma bu gün Azərbaycanda özəl sektorda da vəziyyət çox acınacaqlıdır”.