Karusel (21-05-2015, 21:49)
Bu il də dövlət büdcəsi kəsirdə qala bilər
Ekspertlər hesab edirlər ki, 2015-ci ilin büdcə sənədinin xərclər hissəsinin kəsirlə icra olunacağı gözləniləndir
«Azərbaycanın 2014-cü il dövlət büdcəsinin xərclər hissəsinin 93 faiz səviyyəsində icra olunması neqativ əlamətdir».
“Həftə içi”nin məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında ötənilki büdcənin icrasının müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, icranın aşağı olması büdcə sistemi üçün yaxşı hal hesab olunmur: "Yəni büdcə 6,7 faiz icra olunmayıb - 1,3 milyard manat vəsaiti icra etməmişik. Düzdür, sosial layihələr tam həyata keçirilib, lakin büdcə xərclərinin 93 faiz icrası yaxşı əlamət deyil".
Vahid Əhmədov həmçinin yol və torpaq vergiləri üzrə icra vəziyyətinin aşağı səviyyədə olmasına da diqqət çəkib və bildirib ki, bu, təhlil olunmalıdır. Onun sözlərinə görə, torpaq vergisi 48 milyon manat proqnoza qarşı 35 milyon manat, yol vergisi isə 49 milyon manata qarşı 22 milyon manat icra olunub.
İclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov isə bildirib ki, 2014-cü il büdcəsinin icrası zamanı izafi xərclərə yol verilməyib. Onun sözlərinə görə, əməkhaqqı üzrə ödənişlərin maliyyələşməsinin 100 faiz, investisiya xərclərinin 99 faiz icra olunduğu bir vaxtda 1,729 milyard manat büdcə qalığının qalması da bunu bir daha göstərir. Onun sözlərinə görə, belə bir vəziyyətdə əsas göstəricilər icra olunmaqla belə bir qalığın qalması əksinə müsbət haldır. Müzakirələr zamanı nazir müavini qeyd edib ki, yol və torpaq vergilərinin icra vəziyyətinin aşağı olması obyektiv səbəblərlə bağlıdır: "Torpaq vergisi spesifik vergidir, müəssisələrin işləyib-işləməməsindən asılı olmayaraq hesablanır. Ona görə də bu verginin icrasının aşağı olması anlaşılandır".
Büdcə xərclərinin aylar üzrə qeyri-mütənasib olması ilə bağlı fikirlərə cavab olaraq nazir müavini bildirib ki, büdcənin 47 faizii birinci, 53 faizii ikinci yarımillikdə xərclənib. Dekabrda xərclərin çox olmasına gəlincə isə qeyd edib ki, bu, faktiki xərclərlə hesabat xərcləri arasındakı müəyyən fərqlərlə bağlıdır: "Dekabrda müxtəlif layihələrin yekunlaşması ilə faktiki xərclərin yüksək olması tamamilə normaldır".
Yeri gəlmişkən, Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanın 2014-cü il dövlət büdcəsi ÜDM-in 0,5 faizi səviyyəsində kəsirlə icra olunub. 2014-cü il ərzində dövlət büdcəsinin kəsiri 308 milyon 434,456 min manat və ya ÜDM-in 0,5 faizni təşkil edib. Nazirliyin məlumatına əsasən, 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 milyard 400 milyon 565,231 min manat təşkil edib.
Gəlirlərin strukturunda ƏDV üzrə daxilolmalar 3 milyard 119milyon 578,003 min manat mənfəət vergisi üzrə 2 milyard 302 milyon 479,166 milyon manat, gəlir vergisi üzrə 980 milyon 344,191 min manat, aksizlər üzrə 797 milyon 328,833 min manat, gömrük rüsumları üzrə 365 milyon 894,297 min manat təşkil edib.
2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə daxilolmalar 9 milyard 337 milyon manat təşkil edib. Qalan gəlirlər digər vergilər və maddələr üzrə əldə olunub. 2014-cü ildə dövlət büdcəsinin xərcləri 18 milyard 708 milyon 999,987 min manat təşkil edib. Xərclərin strukturunda müdafiə sahəsinə 1 milyard 516 milyon 88,211 min manat, təhsil sahəsinə 1 milyard 553 milyon 864,912 min manat, səhiyyə sahəsinə 665 milyon 312,025 min manat, sosial müdafiə və sosial təminat sahəsinə 1 milyard 971 milyon 168,916 min manat təşkil edib.
2014-cü ildə dövlət kapital qoyuluşları 6 milyard 256 milyon 706,719 min manat olub. Bundan başqa, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin reallaşmasına 1 milyard 171 milyon 999,167 min manat yönəldilib, qalan məbləğ digər xərclərin payına düşüb. Nazirliyin məlumatına görə, 1 yanvar 2015-ci il tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalıq 1 milyard 728 milyon 622,3 min manat təşkil edib. Bu vəsait 2015-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilə bilər.
Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib ki, artıq bir neçə ildir dövlət büdcəsinin xərclər hissəsinin kəsirlə icra olunması ənənəyə çevrilib. Onun sözlərinə görə, son illər ölkədə həyata keçirilən ifrasturktur layihələrinə ayrılan vəsaitlər dəfələrlə şişirdilir. Bunun nəticəsində isə həmin layihələrin icrası ya yarımçıq dayandırılır, ya da ümumiyyətlə, başlamır: «Təbii ki, həmin istiqamətdə ayrılan vəsait sonradan büdcəyə qaytarılır. Ötən ilin büdcə sənədinin xərclər hissəsinin kəsirlə icra olunmasının bir səbəbi də Hesablama Palatasının apardığı yoxlamalardır. Çünki son illər bu qurumun apardığı araşdırmalar nəticəsində xeyli büdcə vəsaitinin düzgün istiqamətdə xərclənmədiyi aşkarlanıb”.
Rəşad Həsənov hesab edir ki, analoji vəziyyət 2015-ci ilin büdcə sənədində də özünü göstərəck. Onun sözlərinə görə, 2015-ci ilin dövlət büdcəsi hazırlanarkən real iqtisadi mühitə uyğun proqnozlaşdırma tərbit olunmadı: “Bu baxımdan bəzi layihələr üzrə nəzərdə tutulan vəsaitlərin xərclənməyəcəyi istina edilmir. Bu baxımdan 2015-ci ilin büdcə sənədinin xərclər hissəsinin kəsirlə icra olunacağı gözləniləndir».
Sevinc