Cəmiyyət (6-11-2015, 12:57)
Fərhad Əliyevin əmisi oğlu yol qəzasında öldü
Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Cəlilabad şəhərindən keçən hissəsində ağır yol qəzası baş verib.
Mediatv.az-ın məlumatına görə, virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, Cəlilabad rayonu, Alar kəndinin sakini, 37 yaşlı Zaur Alxan oğlu Əliyevin idarə etdiyi “Toyota Prado” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində onun sərnişini, sürücünün qardaşı olan 40 yaşlı Ziyad Əliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Sürücü Zaur Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilsə də vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Qeyd edək ki, qəzaya düşən şəxslər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin əmisi nəvələridir. Qəzada həyatını itirən Ziyad Əliyev Alar kəndində fermer təsərrüfatının sahibi olub. Onun qardaşı Zaur Əliyev isə Bakı şəhərində yaşayır və kiçik bizneslə məşğul olur.