Sosial (14-04-2022, 13:56)
Ölkəyə gələn Rusiya və Türkiyə vətəndaşları da PCR testi verməyəcək
Mediatv.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Həmçinin oxuyun: Azərbaycana giriş üçün PCR test ləğv edildi
Dəyişikliklə Rusiya və Türkiyə vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə - COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) əsasında (yaşı 18-dək olan şəxslər istisna olmaqla) hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə veriləcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycana hava yolu ilə gələrkən bu ölkələrin vətəndaşları, o cümlədən həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarından COVID-19 pasportu ilə yanaşı uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd də tələb olunurdu.


























