Sosial (1-02-2021, 19:12)
Gözünü itirən qazi kömək istəyir
"Mən 2019–cu ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə göndərilmişəm. Ötən ilin 27 sentyabrından döyüşlərdə iştirak etmişəm. 16 oktyabrda Ağdərə istiqamətində geden döyüşlərdə ağır yaralanmışam".
"AzPolitika.info" xəbər verir ki, bu sözləri Kürdəmir rayon Şahsevən kənd sakini Məmmədov Sadiq Yaşar oğlu gununsesi.org saytına bildirib.
Qazinin sözlərinə görə, nəticədə sol gözünü itirib, sağ qolunda güllə yaraları, sağ baldırının 1/3 hissəsində, sağ ayağında, ağ ciyər və qara ciyərində qəlpə yaraları alıb.
"Hal- hazırda səhhətim çox pisdir. Mənə Əlillərin Bərpa Mərkəzində tibbi baxış zamanı 3-cü qrup əlillik verilib. Bunu eşidəndə şok keçirdim. Necə ola bilər, gözünün birini itirən adama 3-cü qrup əlillik verilir? Mən buna etiraz edirəm. Aidiyyatı nazirliyə müraciət etdim, mənə problemin qısa müddətdə həll olunacağı vəd edilsə də heç bir addım atılmadı" - deyə Sadiq Məmmədov vurğulayıb.
Qarabağ qazisi əlavə edir ki, ona 110 manat təqaüd kəsilib: "110 manata yaşamaq olarmı? Əgər, gözümü qaytaran varsa, bir qəpik belə istəmirəm".
S. Məmmədov media vasitəsi ilə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edərək pozulan hüquqlarının bərpa olunmasına yardım edilməsini xahiş edib.























