Sosial / Slayd (22-11-2016, 15:46)
GDU bir təhsil ocağı kimi nüfuzunu nədən itirdi?
Mediatv.az: Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın təhsil sistemində, o cümlədən bir çox ali təhsil müəssislərində həqiqətən də müxtəlif problemlər mövcud olduğu hər kəsə məlumdur. Bununla belə, redaksiyamıza daxil olan məlumatlarda iddia edilir ki, hazırda Gəncə Dövlət Universitetində (GDU) gedən proseslər heç də digər ali məktəblərdə müşahidə olunan “adi” problemlərə bənzəmir. Belə ki, bu universitetin daxilində olan mənbələrdən bizə təqdim olunan açıqlamalarda da vurğulanır ki, Gəncə Dövlət Universitetinin rektoru Yusf Yusibovun öz işində yol verdiyi çox ciddi nöqsanlar hal-hazırda bu ali təhsil müəssisəsinin fəaliyyətini son dərəcə arzuolunmaz bir duruma gətirmişdir. Bir daha xatırladaq ki, Yusif Yusibov özü Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1973-1981-ci illərdə SSRİ Elmlər Akademiyasının Üzvi Kimya İnstitutunda aspirant və kiçik elmi işçi vəzifələrində, 1981-1997-ci illərdə isə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Akademiyasında) assistent, dosent, professor, kafedra müdiri vəzifələrində işləyib. Ola bilsin ki, məhz elə bu səbəbdən də bu gün Yusif Yusibovun rəhbərlik etdiyi Gəncə Dövlət Universitetində kimyaçılar xüsusi imtiyazlara malikdirlər. Hətta bu imtiyazlar bəzi hallarda həmin şəxslərə tamamilə fərqli ixtisaslar üzrə dosent və professor kimi elmi dərəcələr almağa belə imkan verir. Eyni zamanda da, aldığımız açıqlamalarda vurğulanır ki, rektor tərəfindən bu imtiyazlara “layiq görülməmiş” digər müəllimlər nəinki elmi dərəcə, hətta halal əmək haqlarını belə vaxtlı-vaxtında ala bilmirlər. Rəsmi məlumata görə, hazırda GDU-da 4115 nəfər tələbə ödənişli əsaslarla təhsil alır. Lakin bu tələbələrdən əldə olunan gəlirlərdən universitetin müəllim heyətinə demək olar ki, heç nə çatmır. Bu barədə açıqlama verən mənbələr vurğulayırlar ki, müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, ödənişli əsasla təhsil alan tələbələrin keçirdikləri təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir. Halbuki, bir çox ixtisaslar üzrə ödənişli təhsil üçün müəyyən olunmuş qiymətlər GDU-da hətta əksər paytaxt universitetlərində olduğundan da yüksəkdir. Buna misal olaraq, mənbə GDU-da “Tarix” ixtisası üzrə müəyyən edilmiş təhsil haqqını Bakı Dövlət Universiteti ilə müqayisə edir: “Bakı Dövlət Universitetində bu məbləğ 1200 manat oldugu halda, bizdə bu ödəniş 1800 manat təşkil edir. Olsun, olmağının heç bir ziyanı yoxdur. Amma problem bundadır ki, bu yüksək qiymətlərin nə tələbələrin aldıqları təhsilin keyfiyyətinə, nə də əziyyət çəkən müəllimlərə heç bir xeyiri də olmur. Əksinə, bu yüksək məbləğlər ilbəil GDU-nun rəhbərliyi tərəfindən təmir işləri, mebel və avadanlıqların alınması və digər adlar altında “silinərək” mənimsənilir. Məhz belə bir talançı yanaşma tərzinin nəticəsidir ki, bu gün 32 laboratoriyası olan universitetdə, hələ indiyədək bir dənə də olsun ciddi elmi nəticə əldə olunmayıb. Bu laboratoriyaların əksəriyyəti bütün tədris ili boyunca qapısı bağlı vəziyyətdə qalsa da, Yusif Yusibovun göstərişi ilə tərtib olunan sənədlərdə onların az qala gecə-gündüz, intensiv şəkildə analiz və elmi- tədqiqat işlərilə məşğul olduğu qeyd olunur. Bunda məqsəd isə, yenə də maliyyə maxinasiyaları üçün əlavə şərait və imkanlar əldə etməkdir. Həm də Yusif Yusibov bu maxinasiyalar sayəsində əldə etdiyi var-dövlətini qətiyyən gizlətməyə çalışmır. Belə ki, qiyməti 140 min ABŞ dolları olan ağ rəngli “Lexus-570” avtomobili və 10 min dollarlıq “Vertu” telefonu bizim rektorun çox uğurlu bir biznesmen olması təəssüratını yaradır. Amma iş adamlarından fərqli olaraq, Yusif Yusibovun tabeliyində çalışan sıravi müəllimlər bütün bu dəbdəbənin fonunda hələ də qəpik-quruş saymaqda davam edirlər. Yusif Yusibovun yarıtmaz idarəçilik üsulları bir vaxtlar öz şöhrəti olan Gəncə Dövlət Universitetini bu gün artıq olduqca acınacaqlı bir duruma gətirib...”
Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.