Sosial / Slayd (6-10-2016, 13:42)
Mikayıl Cabbarovun GDU problemi... - İTTİHAM VAR
2016-2017-ci tədris ilinin yeni başlanmasına baxmayaraq, ölkənin bəzi ali təhsil müəssisələrində illərdən bəri yığılıb-qalan problemlər bu universitetlərin fəaliyyətlərində artıq indidən ciddi fəsadlara yol açmaqdadır.
Mediatv.az: O cümlədən, redaksiyamıza daxil olan məlumatlarda hazırda Gəncə Dövlət Universitetində də hələ indiyədək müşahidə olunmamış bir gərginliyin yarandığı iddia olunur. Bu xüsusda açıqlama verən mənbə iddia edir ki, universitetin rektoru Yusif Yusibovun yarıtmaz idarəçilik üsulları GDU-nu bu gün çoxtirəlik girdabında capalayan bir quruma çevirmişdir. Mənbənin deməyinə görə, hal-hazırda Gəncə Dövlət Universitetinin resursları bu müəssisənin rəhbərliyində duran bir neçə konkret şəxslər tərəfindən amansızcasına talanmaqdadır. Açıqlamada vurğulanır ki, bu talançılığın başında şəxsən Yusif Yusibovun özü dursa da, onun universitetdə yaratdığı mühit sayəsində bir çox digər rəhbər vəzifəli şəxslər də öz maraq və ambisiyalarını təmin etmək üçün hər vasitəyə əl atırlar. Hətta bu maraqların kəsişdiyi nöqtələrdə, həmin şəxslər müxtəlif qruplaşmalar yaratmaqla “liderliyi” ələ almaq üçün təhdid və təzyiqlərdən də istifadə etməkdən çəkinmirlər.
“Kimyaçılar klanı”...
Mənbə bildirir ki, GDU-da malik olduğu təsir gücünə və imkanlarına görə seçilən qruplaşmalardan birinə Coğrafiya kafedrasının dosenti Teymur İsmayılov rəhbərlik edir. Maraqlıdır ki, bu qruplaşmanı universitetdə yarı zarafat, yarı gerçək “kimyaçılar klanı” da adlandırırlar. Səbəb isə budur ki, Teymur İsmayılovun özü də, onun həyat yoldaşı, GDU-nun Coğrafiya kafedrasının müdiri, dosent Yeganə Əliyeva da ixtisasca kimyaçıdırlar. Universitetin elmi katibi və sənəd qəbulu komissiyasının sədri vəzifələrini də tutmaqla, Teymur İsmayılov bu gün faktiki olaraq GDU-nun fəaliyyətini yönləndirən şəxslərdən birinə çevrilib. Eyni zamanda da iddialara görə, bu ali təhsil müəssisəsində baş verən bütün rüşvətxorluq və korrupsiya əməllərinin başında da məhz Teymur İsmayılov durur. Məsələn, bizə təqdim olunan məlumatda vurğulanır ki, son qəbul zamanı, GDU-nun bəzi fakültələrində nəzərdə tutulmuş qabiliyyət imtahanlarının gedişində məhz Teymur İsmayılov hər abituriyentdən tələb olunan rüşvətin məbləğini 3000 manat qədərində müəyyən etmiş və bu pulların yığılmasına da şəxsən nəzarət etmişdir. Bundan başqa isə, öz elmi fəaliyyətlərini doktorantura səviyyəsində davam etdirmək istəyən namizədlər də bunun üçün məhz Teymur İsmayılova 2500-3000 manat ödəməlidirlər. Mənbə bildirir ki, Teymur İsmayılov GDU-ya nəzarəti “səmərəli” şəkildə həyata keçirmək məqsədilə, özəyi öz həmyerlilərindən (Gürcüstanlılardan) ibarət olan qruplaşma yaratmışdır. Açıqlamalarda bu qruplaşmanın ən fəal üzvlərindən biri kimi Coğrafiya kafedrasının daha bir dosenti, Rəşad Nuriyevin adı çəkilir. Maraqlıdır ki, Coğrafiya kafedrasının bu dosenti də ixtisasca bioloqdur. Mənbə bildirir ki, Rəşad Nuriyev təkcə öz kafedrasında deyil, ümumiyyətlə bütün universitetdə bir çox məziyyətləri ilə diqqəti çəkən, ən məşhur fiqurlardan biridir. Məlumata görə, bir vaxtlar Gəncədə fəaliyyət göstərən özəl “Ekologiya Universiteti”ndə müəllim işləmiş və həmin universitetdə rektoratın pul yığanı kimi tanınmış Rəşad Nuriyev, bu müəssisə fəaliyyətində aşkar olunmuş bir çox qanun pozuntuları səbəbindən bağlandıqdan sonra GDU-ya keçmişdir.
Tənha “maxinator”...
Daha sonra, GDU-nun resurslarının talanmasında xüsusi “xidmətləri” olan şəxslərdən biri kimi də universitetin İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovun adı qeyd olunur. Mənbə bildirir ki, bir neçə il bundan öncə, universitetdə törətdiyi maxinasiyalarda ona şəriklik edən etibarlı tərəfdaşından məhrum olunduqdan sonra, Fəxrəddin Həsənov demək olar ki, bütün işlərini özü təkbaşına yola verir. Lakin bu “tənhalığına” baxmayaraq, prorektorun nüfuzu heç də “kimyaçılar”dan zəif deyil. Mənbə bildirir ki, Fəxrəddin Həsənov 2006-cı ildən bu vəzifədədir. Hələ bir necə il bundan öncə, Elman Məmmədov bu universitetin rektoru işləyərkən, daxil olmuş şikayətlər əsasında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlamalar aparılmış və onun fəaliyyətində külli miqdarda korrupsiya faktları aşkarlanmışdı. Belə ki, yoxlamalar zamanı 6 milyon 742 min 337 manat mənimsəmə olduğu aşkar olunmuşdur. Araşdırmalar zamanı məlum olmuşdur ki, bu məbləgin
982 min manatını həmin dövrdə və indi də bu vəzifədə çalışan təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, o zaman GDU-nun baş mühasibi işləyən Nizami Mustafayevlə əlbir olaraq, saxta sənədlərə imza atmaqla mənimsəmişlər. Həmçinin araşdırma əsasında müəyyən edilmişdir ki, universitetin təsərrüfat bölməsində 74 nəfər işçinin işləməyinə baxmayaraq, həmin işçilərdən yalnız 53 nəfəri lazımi işlərdə, yəni təsərrüfatda çalışır. Qalan 21 nəfərin adları ştat cədvəlində olsa da, faktiki olaraq işə gəlmirlər, bu adamları universitetdə görən belə olmamışdır. Həmin şəxslərin maaş kartları da məhz prorektor Fəxrəddin Həsənovdadır və bu şəxslər Azərbaycanda, hətta xarici ölkələrdə ticarətlə məşğul olurlar. Daha sonra mənbə bildirir ki, Fəxrəddin Həsənov Çəncə şəhərində yüksək vəzifəli məmurların adından yalandan istifadə edərək, hər yerdə onlarla qohum olduğunu bildirir və bununla da özünü sığortalamış olur. Təsərrüfat bölməsinin işçiləri vasitəsilə universitetin binalarında xəfiyyə şəbəkəsi quraraq, onun üçün “maraqlı” olan adamların hara gedib-gəldiklərini izlədir. Elə “tənha maxinator”un digər qruplaşmaların təzyiqləri qarşısında duruş gətirə bilməsinin əsas səbəblərindən biri də məhz bu amildir.
Parçalayır və hökm sürür...
GDU-dan aldığımız açıqlamalarda xüsusi olaraq belə bir məqam vurğulanır ki, universitetin rektoru Yusif Yusibov rəhbərlik etdiyi müəsisədə bu kimi çoxtirəliyin, müxtəlif qruplaşmaların yaranmasına özü qəsdən şərait yaradır. Belə ki, məhz belə şəraitdə rektor özü də öz qanunsuz əməllərini heç nədən və heç kimdən çəkinmədən, rahatlıqla həyata keçirə bilir. Bu günlərdə əldə etdiyimiz bir məlumata görə, hazırda GDU-da 4115 nəfər tələbə ödənişli əsaslarla təhsil alır. Lakin bu tələbələrdən əldə olunan gəlirlərdən universitetin müəllim heyətinə demək olar ki, heç nə çatmır. Bu barədə açıqlama verən mənbələr vurğulayırlar ki, müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, ödənişli əsasla təhsil alan tələbələrin keçirdikləri təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir. Halbuki, bir çox ixtisaslar üzrə ödənişli təhsil üçün müəyyən olunmuş qiymətlər GDU-da hətta əksər paytaxt universitetlərində olduğundan da yüksəkdir. Məsələn, “Tarix” ixtisası üzrə təhsil haqqı Bakı Dövlət Universitetində 1200 manat oldugu halda, GDU-da bu rəqəm 1800 manat təşkil edir. Amma bu yüksək qiymətlərin nə tələbələrin aldıqları təhsilin keyfiyyətinə, nə də əziyyət çəkən müəllimlərə heç bir xeyiri yoxdur. Mənbələr iddia edirlər ki, bu yüksək məbləğlər ilbəil GDU-nun rəhbərliyi, şəxsən Yusif Yusibov tərəfindən təmir işləri, mebel və avadanlıqların alınması və digər adlar altında “silinərək” mənimsənilir. İddiaya görə, bu gün GDU-nun 32 laboratoriyasından əksəriyyətinin qapıları bütün tədris ili boyunca bağlı vəziyyətdə qalsa da, Yusif Yusibovun göstərişi ilə tərtib olunan sənədlərdə onların intensiv şəkildə analiz və elmi- tədqiqat işlərilə məşğul olduğu qeyd olunur. Bunda məqsəd isə, yenə də maliyyə maxinasiyaları üçün əlavə şərait və imkanlar əldə etməkdir. Artıq qeyd olunduğu kimi, Yusif Yusibov bu maxinasiyalar sayəsində əldə etdiyi var-dövlətini qətiyyən gizlətməyə də çalışmır. Məlumatlarda bildirilir ki, qiyməti 140 min ABŞ dolları olan ağ rəngli “Lexus-570” avtomobili və 10 min dollarlıq “Vertu” telefonu GDU rektorunun elm adamı deyil, daha çox uğurlu bir biznesmen olması təəssüratını yaradır. Məhz elə bütün bu imkanları rahat əldə edə bilmək üçün, Yusif Yusibov rus imperatoru I Pyotrun “parçala və hökm sür” şüarını da özünün əsas iş prinsiplərindən birinə çevirib. Bu prinsiplərin Gəncə Dövlət Universitetinin fəaliyyətinə nə dərəcədə zərər vurması isə, görünür heç kimi maraqlandırmır.
Materialda adı keçən bütün tərəflərin öz mövqeyini bildirmək hüququ var.