Karusel / Slayd (5-10-2016, 20:23)
GDU-da maliyyə maxinasiyaları... - ŞOK İDDİA
Son vaxtlar redaksiyamıza daxil olan məlumatlarda Gəncə Dövlət Universitetinin (GDU) fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs edən açıqlamalara tez-tez rast gəlinir.
Mediatv.az: Bir çox mənbələrin rəyinə görə, bu gün GDU-da gedən neqativ proseslər heç də digər ali məktəblərdə müşahidə olunan problemlərə bənzəmir. Belə ki, redaksiyamıza bu universitetin daxilində olan mənbələr tərəfindən təqdim olunan açıqlamalarda da vurğulanır ki, Gəncə Dövlət Universitetinin rektoru Yusf Yusibovun öz işində yol verdiyi çox ciddi nöqsanlar hal-hazırda bu ali təhsil müəssisəsinin fəaliyyətini son dərəcə arzuolunmaz bir duruma gətirmişdir. Qeyd olunur ki, məhz rektorun yaratdığı şərait universitetdə əksər vəzifə sahiblərinin sui-istifadə və mənimsəmə hallarına yol vermələrinə zəmin yaradır. Bu xüsusda aldığımız son məlumatlardan birində də Gəncə Dövlət Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovun özbaşınalıqlarından bəhs olunur. Mənbə bildirir ki, Fəxrəddin Şərif oğlu Həsənov 02.10.2006-cı ildən GDU-nun İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışır və hal-hazırda da bu vəzifədədir. İddiaya görə, hələ bir necə il bundan öncə, Elman Məmmədov bu universitetin rektoru işləyərkən, daxil olmuş şikayətlər əsasında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlamalar aparılmış və onun fəaliyyətində külli miqdarda korrupsiya faktları aşkarlanmışdı. Belə ki, yoxlamalar zamanı 6 milyon 742 min 337 manat mənimsəmə olduğu aşkar olunmuşdur. Araşdırmalar zamanı məlum olmuşdur ki,bu məbləgin 982 min manatını həmin dövrdə və indi də bu vəzifədə çalışan təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, o zaman GDU-nun baş mühasibi işləyən (hal-hazırda Gəncə şəhər Mərkəzi poçtun müdiri) Nizami Mustafayevlə əlbir olaraq, saxta sənədlərə imza atmaqla mənimsəmişlər. Həmçinin araşdırma əsasında müəyyən edilmişdir ki, universitetin təsərrüfat bölməsində 74 nəfər işçinin işləməyinə baxmayaraq, həmin işçilərdən yalnız 53 nəfəri lazımi işlərdə, yəni təsərrüfatda çalışır. Qalan 21 nəfərin adları ştat cədvəlində olsa da, faktiki olaraq işə gəlmirlər, bu adamları universitetdə görən belə olmamışdır. Həmin şəxslərin maaş kartları da məhz prorektor Fəxrəddin Həsənovdadır və bu şəxslər Azərbaycanda, hətta xarici ölkələrdə ticarətlə məşğul olurlar. Maliyyə Nazirliyinin komissiyası həmin kartları alıb sahiblərinə qaytarmağına baxmayaraq (???), hal-hazırda yenə də Fəxrəddin Həsənov həmin kartları mənimsəyərək öz talançı əməllərindən əl çəkmir.
Daha sonra mənbə bildirir ki, Fəxrəddin Həsənov Çəncə şəhərində yüksək vəzifəli məmurların adından yalandan istifadə edərək, hər yerdə onlarla qohum olduğunu bildirir və bununla da özünü sığortalamış olur. Təsərrüfat bölməsinin işçiləri vasitəsilə universitetin binalarında xəfiyyə şəbəkəsi quraraq, onun üçün “maraqlı” olan adamların hara gedib-gəldiklərini izlədir. Həmçinin açıqlamada prorektorun törətdiyi mənimsəmələrdən bəhs edilir: “Fəxrəddin Həsənov “Samsung” firmasının Gəncə şəhərindəki rəsmi nümayəndəliyi ilə iş birliyi quraraq oradakı dostlarının vasitəçiliyi ilə GDU-nun bütün tədris binalarına külli miqdarda proyektor, kompyuter, noutbuklar almış və bunların hamısı sənədlərdə təzə adı ilə göstərilməsinə baxmayaraq köhnə, işlənmiş, demək olar ki, istifadəyə yararsız mallardan ibarət olmuşdur. İndi də binalarda quraşdırılmış bu avadanlıqların əksəriyyəti işləmir. Universitetin əsas binasında quraşdırılmaq üçün 2500 manatlıq kamera və digər aparatlar alınmış və onlar maliyyə sənədlərində 12500 manat göstərilmişdir. Fəxrəddin Həsənov bu yolla külli miqdarda dövlət əmlakını talamışdır.
Bayraq meydanının yaxınlığında yerləşən tədris korpusunun yalnız bir mərtəbəsinə təmir üçün 54000 azn pul ayrılmağına baxmayaraq, onun bir manatı belə üzə çıxmamışdır və Fəxrəddin Həsənov tərəfindən mənimsənilmişdir. Maliyyə sənədlərinə baxdıqda aydın görünür ki, 18 manatlıq qurğunun biri 92 manata, 3 manat 60 qəpiklik qurğunun biri isə, 39 manat 70 qəpiyə sənədləşdirilmişdir. Hal-hazırda tələbə yataqxanası üçün nəzərdə tutulmuş yataq dəstləri “Alüminiumçular qəsəbəsi” deyilən yerdə, yaşayış binasının altındakı mağazada Fəxrəddin Həsənov tərəfindən dədə malı kimi satılır. Maraqlıdır ki, universitetin yataqxanasında bir nəfər belə tələbə yaşamır. Universitet üçün alınmış inventarları Fəxrəddin müəllim öz işçilərinə dədə malı kimi paylayır. Ən agrılı hal odur ki, ayaq üstə 10 dəqiqə belə çıxış edə bilməyən bu adam fakültə dekanlarına təsir edərək öz iyrənc əməllərini həyata keçirir. Universitet binalarının təmiri onun qudası Yunis müəllimin təmir işlərinə baxan şirkəti tərəfindən həyata keçirilir. Bu zaman isə, rəqəmlər şişirdilərək dövlət vəsaitləri talan olunur...”
Çox istərdik ki, Gəncə Dövlət Universitetinin rəhbərliyi irəli sürülən bu ittihamlara öz münasibətini bildirsin.