
"M Plus Alko” MMC və "Elit Alko” MMC-nin dövlətə külli miqdarda borcu yaranıb. Şirkətlərin vergi və sığorta ödənişlərini etmədiyi, saxta spirtli içki istehsalı ilə məşğul olduğu müəyyən edilib.
Musavat.com xəbər verir ki, hər iki MMC eyni şəxsə məxsusdur.
MMC-lər vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınıb.
Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılan araşdırma ilə iki MMC üzrə dövlətə vurulmuş zərər 3 milyon 285 min manat olaraq müəyyən edilib.
Qeyd edilən şirkətlər Qaradağ rayonu, Ələt qəsəbəsində fəaliyyət göstərib. Şirkətlərdə istehsal edilən alkoqollu içkilərin üzərinə saxta aksiz markalar yapışdırılaraq satışı təşkil edilirmiş.
Şirkətin 80-dən çox işçisi olub. İstehsal olunan saxta içkilər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də satılırmış.
Yoxlamalar zamanı zavoddan "Dikiy Oryol”, "Suvorovskaya kolleksiya”, "Tri Zlaka”, "Zimnaya Stuja” əmtəə nişanlı 50 mindən artıq saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib. MMC-lərin fəaliyyəti dayandırılıb.
İstintaq zamanı məlum olub ki, şirkətlərin rəhbərləri tərəfindən dövlətə vurulmuş ziyandan cəmi 50 min manat ödənilib.
Şirkət rəhbəri Cinayət Məcəlləsinin 205-1-ci (saxta aksiz markalarının və məcburi nişanların dövriyyəsi), 213.3-cü (xüsusi ilə külli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 213-1.4-cü (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı) maddələri ilə məsuliyyətə cəlb edilib.
Şirkətlərin rəhbəri olan şəxs Qaradağ rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıb.
шаблоны для dle 11.2