“Tenderdə iştirak hüquqi şəxslərin nizamnamə kapitalının minimal nə qədər olması barədə qanunla heç bir məhdudiyyət yoxdur. Ehtimal olunur ki, nizamnamə kapitalı 10-20 manat olan şirkətlər borc götürüb işləyirlər. Banklardan borc götürmələri vacib deyil, öz təsisçilərindən də borc götürə bilərlər. Azərbaycanda reallıqda vəziyyət belədir. Hətta böyük işlər görən şirkətlərin çoxunun nizamnamə kapitalı azdır. Öz payçıları, sahibləri onlara borc verir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Əkrəm Həsənov deyib.
O bildirib ki, tenderdə iştirak edən şirkətlərin çoxunda nizamnamə kapitalının az olması bir neçə məqsəd daşıyır: “Nizamnamə kapitalını ona görə az edirlər ki, sabah birdən vəziyyət yaxşı olmasa, öz pullarını "borc" adı ilə çıxarırlar. Nizamnamə kapitalına qoyulan pulu isə çıxarmaq çətindir, çünki vergidə qeydiyyat məsələsi var. Əlbəttə, yaxşı olardı ki, "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik olunsun ki, dövlət tenderlərinə müəyyən nisbət qoyulsun. Tender məbləğinin ən az müəyyən faizi qədər nizamnamə kapitalı olması daha məqsədəuyğundur”.