Sosial (11-03-2014, 20:35)
AZENCO"-da maaş qalmaqali
"AZENCO" ASC-də maaşlar verilmir.
Əldə etdiyimiz məlumata görə artıq şirkətdə iki aydır ki, bu problem yaşanır. Bir ay öncə şirkətin əməkdaşları maaşlarının yarısını alıblar. Artıq martın 11-i olsa da işçilərin maaşları hələ verilməyib. Əməkdaşlara “darıxmayın, yaxın günlərdə əməkhaqları veriləcək” deyilib. Amma ötən ay da eyni vəd alan işçilər yalnız maaşlarının yarısını ala biliblər.
Son 3 ayda şirkətdə ixtisarların başlaması da işçilər arasında narahatlığa səbəb olub. Artıq bir çox əməkdaşın özünə yeni iş yeri axtardığı xəbər verilir. İşçilər "AZENCO" şirkətinin qarşısında etiraz aksiyası keçirmək istəsə də bunun qarşısı alınıb.
Qeyd edək ki, "AZENCO" əməkdaşları maaşlarını "Express" banka məxsus bankomatlardan alır. "AZENCO" şirkəti "Cristal Hall" və Dövlət Bayraq meydanının tikintisində podratçı şirkət olub. Eyni zamanda Sumqayıtda bir neçə zavodun tikintisini həyata keçirib. Hazırda da adıçəkilən şirkət Dövlət Bayraq meydanında texniki işləri reallaşdırır. Bayrağa da texniki qulluğu bu şirkət edir. Mətbuatda yayılan məlumatlara görə şirkət "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevə məxsusdur.
“AZENCO” şirkəti ilə əlaqə saxlamaq istəsək də, telefonlara cavab verən olmadı. Şirkətin mövqeyini öyrənmək üçün “AZENCO”nun rəsmi email ünvanına sorğu göndərdik. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.///İnterpress.az