Sosial (29-01-2014, 20:59)
Dəmiryolçular Mehriban xanım Əliyevadan kömək istədilər
“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi qatar bələdçiləri növbəti aksiyanı keçiriblər.Yanvar ayının 11-dən başlayan və hələ də davam edən bələdçi etirazlarına bu gün biri də əlavə olunub. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə görüşməli olan bələdçilər, öz istəklərinə çata bilməyiblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov narazı bələdçilərlə görüşəcəyini bildirilmişdi. Yanvarın 29- da idarənin həyətinə toplaşan bələdçilər Elyar Muradovla görüşə bilməyiblər. Görüşün baş tutmamasının səbəbi isə, jurnalistlərin bu görüşdə iştirak etmək istəməsi olub. Bələdçilərin rəhbərliklə görüşünü işıqlandırmaq istəyən jurnalistlər, içəri buraxılmayıb. Qatar bələdçiləri buna nə qədər etiraz etsələr də, E.Muradovun fikri dəyişməyib. Bundan sonra bələdçilər görüşdən imtina edərək idarəni tərk ediblər. Bunları musavat.com-a açıqlamasında bələdçilər bildiriblər.
Bələdçilərin dediklərinə görə, onlar Elyar Muradovla görüşü boykot ediblər: “Biz yanvarın əvvəllərindən haqsızlıqla mübarizə aparırıq. Etirazlarımız bir nəticə vermədiyi üçün yanvarın 25-i aclıq aksiyası keçirdik. Aksiyanı polislər zorakılıqla dağıtdılar. Buna baxmayaraq aclıq aksiyasını davam etdirəcəyimiz elan etdik. Bundan sonra Elyar Muradov söz verdi ki, yanvarın 29-da bizi qəbul edəcək və problemlərimizi dinləyəcək. Biz də buna görə bu gün 30-40 nəfər bələdçi yoldaşlarımızla bir yerdə idarəyə gəldik ki, Elyar Muradovla görüşək. Bizdən başqa bir neçə jurnalist də var idi. Onların bizim görüşümüzdə iştirakı vacib idi. Çünki rəhbərliyin bir də bizi aldatmağını istəmirdik. Bizə nə söz deyirsə, jurnalistlərin iştirakı zamanı desin. Amma Elyar Muradovun tapşırığı ilə jurnalistləri içəri buraxmadılar. Dedilər ki, görüş yalnız bələdçilərlə keçiriləcək. Biz də buna etiraz olaraq otağı tərk etdik. Elyar Muradovla görüşü boykot etdik”.
Şikayətçilərdən Mirsahib Sahibov musavat.com-a açıqlamasında bildirib ki, haqlarını tapdalayırlar: “Bizi adam yerinə qoyan yoxdur. Bu qədər şikayətlər etmişik, mətbuat yazıb, aksiyalar keçirmişik, amma heç bir xeyri yoxdur. Dövlət qurumları şikayətlərimizə baxmır. Nə edək, biz də Qarabağ qazisi kimi üstümüzə benzin töküb özümüzü yandıraq?!”.
Bələdçilər yanvarın 30-da Mehriban Əliyevaya müraciət edəcəklərini dedilər: “Biz bir çox dövlət qurumlarına müraciət etmişik. Heç birindən bizə cavab verməyiblər. Biz də sabah (yanvarın 30-da) səhər saat 10-da toplaşıb, son ümid olaraq gedəcəyik Mehriban Əliyevanın qəbuluna. Rəsmi surətdə şikayətimizi bildirəcəyik. Ümüdimiz Mehriban xanımadır. Yəqin o. bizi Arif Əsgərovun qanunsuz və allahsız əməllərindən qoruyar, haqqımızın bərpasına yardımçı olar.”
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin etirazları yanvar ayının 11-dən davam edir. Onların etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə, beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsi və bu səbəbdən maaşlarının azaldılmasıdır.