Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-07-2024, 13:49)
“AQTA-nın yeni tələbləri bizi iflasa aparır” - Sahibkarlar ÇƏTİN DURUMDA

 


Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyinin yem qatqıları ilə bağlı tətbiq etdiyi tələblər quşçuluq təsərrüfatlarının fəaliyyətinə ciddi problem yaradıb. Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından Musavat.com-a verilən məlumata görə, quşçuluq təsərrüfatları ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır: “Əhalinin qida rasionunda kifayət qədər yüksək paya malik yumurta və toyuq əti istehsalında davamlı artımı təmin etmək üçün quşçuluq təsərrüfatları investisiyaları artırmalı, müasir texnologiyaların tətbiqini genişləndirməlidirlər. Lakin hazırda bir sıra ciddi problemlər təsərrüfatların bu fəaliyyətləri icra etməsinə imkan vermir. Bu problemlər ən qısa müddətdə həllini tapmazsa, ölkəmizdə ərzaqlıq yumurta və toyuq əti istehsalında tənəzzül qaçılmaz olacaq. Bu isə qiymətlərin bahalaşmasına, hər iki məhsullar təminatda idxaldan asılılığın yaranmasına gətirib çıxaracaq”.

Assosiasiya bildirir ki, quşçuluq sahəsində istehsal prosesi üçün həyati əhəmiyyət kəsb edən yem və yem qatqıları, preparatlar demək olar ki, bütünlüklə xaricdən idxal olunur. Uzun illərdir Azərbaycan quşçuluq təsərrüfatları bu məhsulları Çinin dünyada tanınan şirkətlərindən alırlar: “Son altı ayda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi “Qida təhlükəsizliyi haqqında” qanuna istinad etməklə, təsərrüfatların xaricdən aldığı külli miqdarda yem əlavəsini istehsalçı şirkətin qeydiyyatı olmadığını əsas gətirib sərhəddən ölkəyə buraxmır. Bizi narahat edən əsas məsələ budur ki, Agentlik Avropa və MDB-də istehsal olunan qatqılara qeydiyyat tələb etmir, amma Çin və Türkiyə istehsallı məhsullara belə qeydiyyatı tələb edir. Halbuki yem qatqılarının əsas istehsalçısı Çin və Türkiyədir, əksər Avropa istehsalçıları baza komponentləri Çindən alaraq, müəyyən əlavələr edib bizim bazarlara satırlar. Bura L-Lysine HCL, L-Threonine, Cholıne Chlorıde və digərləri aiddir. Avropa şirkətləri bu maddələri əsasən Çindən alaraq, müəyyən qatqılar əlavə edib digər ölkələrə satırlar.

AQTA belə ayrı-seçkilik qoymaqla yanaşı, istinad etdiyi “Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minməzdən əvvəl idxalına icazə verdiyi qatqıları da ölkəyə buraxmır. Halbuki ölkəmizdə qanunun geriyə qüvvəsi yoxdur.

Digər tərəfdən, Agentlik tələb edir ki, istehsalçı Avropa şirkəti olsun, Bolqarıstan da Avropa ölkəsidir, oradan gətirilənləri də buraxmır. Türkiyədən idxala da ayın 1-dən qadağa qoyub, heç bir şirkətə xəbərdarlıq edilmədən. Oradan mal alıb gətirilib, sərhəddən buraxılmır”.

AQTA tələb edir ki, ya alınan maddələrin istehsalçıları Azərbaycanda qeydiyyatdan keçsin, ya da təsərrüfatlar qeydiyyatı tələb olunmayan şirkətlərin məhsullarını alıb gətirsinlər: “Əvvəla, qeydiyyat üçün ödəniləcək rüsum çox yüksəkdir və onu ödəyən şirkət xərcini bizə satdığı məhsulu bahalaşdırmaqla çıxaracaq. Yəni faktiki olaraq bu məbləği biz ödəyəcəyik.

İkincisi, şirkətlərin qeydiyyatını gözləyənə, yaxud yeni məhsulu tapıb, müqavilə bağlayıb alıb gətirənə qədər azı 2 ay vaxt keçəcək. Hətta bu zaman da onların ölkəyə buraxılacağına təminat yoxdur. Üstəlik, bu uzun müddətdə təsərrüfatlar quşlara zəruri qatqıları verə bilməyəcəklər ki, bu da istehsalda fasilənin yaranmasına, həcmin azalmasına və ölkə bazarında həm yumurta, həm də toyuq əti qıtlığına səbəb olacaq.

Bütün bunları nəzərə alaraq, quşçuluq təsərrüfatları istehsalda fasilə yaranmaması üçün AQTA-nın idxalına icazə vermiş olduğu maddələrin ölkəyə buraxılmasını və istehsalçılara çatdırılmasını təklif edir. Bu, təsərrüfatlara zərər vurmadan AQTA-nın irəli sürdüyü tələblərə uyğunlaşmanı təmin edə bilər”.

Quşçuluq təsərrüfatları qanunvericilikdəki müddəaların konkretləşməsini təklif edirlər: “Hesab edirik ki, hansı maddələrin Azərbaycana idxalına icazə verilib, hansılara verilməməsi məsələsi qanunda tam dəqiq əksini tapmalıdır. Bu, sahibkarların öz biznesini planlaşdırması, zəruri malların vaxtında alınıb-gətirilməsi, dövlət qurumlarının qanunvericilikdəki boşluqlardan sui-istifadə etməsinin qarşısını almaq baxımından son dərəcə vacibdir. Bu gün sahibkarlar xaricdən mal alıb gətirəndə istinad etməyə dəqiq hüquqi baza tapa bilmirlər.

Daha bir narahatedici məsələ budur ki, hazırda AQTA-nın quşçuluq təsərrüfatlarından tələb etdiyi analiz, ekspertiza və sair fəaliyyətlər üçün tətbiq olunan rüsumlar bir təsərrüfata il ərzində ödədiyi vergilərdən daha yüksək məbləğdə xərc yaradır. Biz faktiki olaraq, ödədiyimiz vergilərdən daha yüksək məbləğdə vəsaiti AQTA-nın xidmətləri üçün ödəməli oluruq. Bu isə kifayət qədər ağır maliyyə yüküdür və bu yük getdikcə artırılır.

Buna görə də hökumətimizdən bu məsələyə diqqət yetirilməsini, AQTA-nın tətbiq etdiyi rüsumların göstərilən xidmətə adekvatlığı, xüsusilə də quşçuluq təsərrüfatları üçün yaratdığı maliyyə yükünün gəlir əmsalına adekvatlığı ilə bağlı araşdırmanın aparılmasını xahiş edirik”.

Musavat.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024