Sosial (22-05-2024, 09:59)
Dünyada analoqu olmayan fırıldaq – Şəhərdə “ödyuma sexi” var
Hər gün səhər saatlarında ölkə mediasında, sosial şəbəkələrdə gözəl ölkəmizin fərasətli dələduzlarına iştəklərinə dair xəbərlər yayılır. Məlum olur ki, dünənki müvafiq vaxtdan cari saata qədər keçən müddətdə virtual fırıldaqçılar insanların kartından 20-30 min manat pul çırpışdırıblar.
Media sözçüsü mənimsənilən məbləği bəzən üstdən aşağı, bəzən də bu cür sıralayır: 870, 700, 170, 448, 300, 1320, 442, 3500, 2341, 540, 583, 364, 1200, 4360, 1000, 244 manat. Elə olur ki, bu məbləğlərdən bəziləri 10 min manatı aşır, bəzən sırada cüzi məbləğlər də görürük: 30 manat.
Görün, o dələduz nə qədər şərəfsiz adamdır ki, bir təqaüdçünün sonuncu dərman puluna da tamah salır. Beləsinə vicdansız deməyəsən, nə deyəsən. Oğurluğun da bir ədəbi, qaydası, minimumları olmalıdır. Yekə-yekə “oğru aləmində filan şey yoxdur”, “oğru dünyası belə şeylərə yol vermir” deyirlər. Hanı bəs?
Bu dələduzlara şəraiti sadəlövh, informasiyasız, bir az da tamahkar insanlar yaradır. Bu qədər yazılır, danışılır, onlar anlamırlar ki, müftə pendir yalnız siçan tələsində olur, telefonlarına gələn şirnikləndirici təklifin üstünə atılır, istəyənlərə bank hesablarının bütün rəqəmlərini, elektron poçt ünvanlarını verirlər, kartdakı məbləğlərin sıfırlandığını görəndə tez qaçırlar polisə ki, dələduzluqla üzləşmişəm.
Halbuki biri onlara zəng edib, mesaj yazıb, şirnikləndirici təklif verəndə düşünməlidirlər ki, tanımadığım adam niyə mənə pul qazandırmaq istəsin, məqsədi, məramı nədir, niyə belə edir.
Bir bu olsaydı, nə vardı ki. Şəhər dələduzlarla qaynaşır. Onlara istənilən yerdə, küçədə, emalatxanada, restoranda, marketdə, maşın bazarında, təmir sexində, klinikada, hər yerdə rast gələ bilərsiniz. Gözlərinə bir balaca avam dəydinizmi, qanınız getdi, aldadacaqlar. Məsələn, o gün özüm şahidi olmuşam, təmir sexində adamın maşınının “korobka”sındakı yağı çəkib boş bir qaba doldurdular, təmirdən sonra çay içib gələn adama “ağsaqqal, yağ almağa ehtiyac yoxdur, bizdə var” deyə öz yağını özünə satdılar. Hər gün yüzlərlə belə hadisə olur.
İndi sizə bir fırıldaqdan da bəhs edəcəm, bunun analoqu nəinki ölkədə, regionda, heç dünyada da yoxdur. Unikal fırıldaqdır, amma ola bilər, tezliklə başqa ölkələrə də yayılacaq.
Sabunçu tərəfdə bir klinikada öd yolunu yuyurlar. Prosedurun sxemi belədir: adamlar gəlir ultrasəs müayinəsinə, UZİ həkimi onlara deyir ki, ödünüzdə qatılaşma var, onu yumaq lazımdır. Sonra bu “doxdur” onu bəlli bir kabinetə göndərir. Oradakı “doxdur” adamın ağzından mədəsinə nazik zond salır, mədəyə 1 litrə yaxın su vurur, sonra o suyu zond və şprislə yenidən boş bir bankaya qaytarır. Mədədən qayıtmış su bulanıq olur, “doxdur” onu pasiyentə göstərib deyir ki, bax, görürsənmi, su necə bulanıb, öd yolun yuyulub, çiçək kimi olub.
Hər pasiyentdən 30 manat alırlar. Bunun 20-si 7-8 dəqiqəlik “ödyuma proseduru” keçirən “doxdur”a qalır, 10-u UZİ “doxdur”una gedir. Hər gün azı 10-15 pasiyenti yola salır, 3-4 yüz manat pul qazanır, bölüşürlər.
Bu barədə danışan adam and içir ki, 1 manatlarından keçmirlər, “prosedurun qiyməti 30 manatdır” deyib dururlar. Hətta bir dəfə bir adam öd yolunu 25 manata yudurtmaq istəyib, ona deyiblər, bizdə belədir, get, gör harada ucuz edirlər. Adam düşüb şəhərin canına, bir neçə saatdan sonra kor-peşman qayıdıb gəlib ki, “ödyuma yeri” tapmayıb.
Əlbəttə, tapa bilməzsən, əmi. Belə sex heç İsraildə, Almaniyada da yoxdur, bunu bizimkilər icad edib.
Bu qeydləri etməzdən qabaq üç həkim tanışımla danışmışam. Soruşmuşam ki, bəlkə belə bir prosedur var, mən bilmirəm. Demişəm, ola bilərmi ki, tibb sferası inkişaf etmiş ölkələrdə olsun, oradan da Sabunçuya gəlsin. Üçü də deyib ki, elə şey yoxdur, ola bilməz.
Bir həkim isə izah edir ki, öd kanalı qaraciyərin iki tərəfindən gəlir, Kür və Araz çayı Suqovuşanda bir-birinə qarışdığı kimi, öd də öz kisəsinə gedən yolda qovuşur (bunun da adına “ödqovuşan” deyək. Öd kisəsində toplanan maye oradan onikibarmaq bağırsağa axır və oradakı qidaların yağını parçalamağa başlayır. Həkim onu da deyir ki, ödün bəzən duru, bəzən qatı olması normaldır, adam ac olanda öd qatılaşır, yeməkdən sonra durulur.
Uzun sözün qısası, od yoluna yalnız cərrahi müdaxilə etmək olar, öd axarını isə yuyub təmizləmək mümkün deyil.
Ancaq tükü tükdən seçən xalqımız bu tibbi incəlikləri bilirmi? Bilmir. Fırıldaqçı həkimlər də kələkbaz maşın usataları kimi adamları aldadırlar.
Bu da dələduzluqdur. Amma hələ ki bu iş üstündə ilişən yoxdur.
Açığı, bu işlə hansı əlaqədar təşkilat maraqlanmalıdır, bilmirəm. İşverənlik kimi çıxsa da, istəyirəm ki, xalqımızı aldatmasınlar. Sözünün doğruluğuna dair and içən adam klinikanın adını çəkmədi, dedi, qohumu orada işləyir, ondan biləcəklər, ya da klinikanı bağlayacaqlar, işsiz qalacaq.
Həmin “ödyuma sexi”ni Səhiyyə Nazirliyi araşdırıb tapa bilər.
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024