Sosial / Slayd (7-08-2023, 08:50)
Azərbaycanda TENDER MAFİYASI necə işləyir?
Azərbaycanda qiymətləndirmə bazarında hərcmərclik hökm sürür. Bəzi təşkilatlar özlərinə qiymətləndirici qrupları yaradıb yalnız onlarla işləyirlər. Bir sıra şirkətlər heç bir maddi texniki bazası, hətta ofisi olmadığı halda fəaliyyət göstərir, hətta müxtəlif saxta üsullarla tenderlərə qatılaraq qalib gəlirlər. Bunun qarşısını almaq üçün isə bazarda heç bir rıçaq yoxdur.
Mediatv.az bildirir ki, bu barədə FED.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Qeyd edək ki, qiymətləndirmə sahəsindəki vəziyyət və problemlər bir neçə gün əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Auditorlar Palatasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının və Qiymətləndiricilər Cəmiyyətinin (AQC) dəstəyi ilə keçirilən «Audit və qiymətləndirmə fəaliyyəti» tədğiində müzakirə edilib.
Tədbirdə həm Auditorlar Palatası, həm də, qiymətləndiricilər eyni problemlərdən söhbət edərək bildiriblər ki, qiymətləndirmə bazarında dələduzluq və özbaşınalıq halları artıb, bazar tənzimlənmir və bunun üçün mütləq müəyyən quruma ehtiyac var.
«Toplantıda ümumi fikir o oldu ki, bütün problemləriqn səbəbi Azərbaycanda qiymətləndirmə sektorunu tənzimləyən qurumun olmamasıdır. Həmin qurum lisenziyalaşmanı təmin etməli və bazarda inzibati rıçaqlara sahib olmalıdır» - deyə V.Oruc bildirib.
Onun sözlərinə görə, AQC ictimai birlik olduğuna görə, pozuntuya yol verən, standartlardan kənara çıxan və ya qeyri-peşəkar şirkətləri cəzalandırmaq, onlara hər hansı sanksiya tətbiq etmək hüququ yoxdur.
«Bizim yalnız pozuntuya daxil olan üzvlərimizə qarşı tədbirlər görmək, məsələn, həmin şirkətləri təşkilatdan kənarlaşdırmaq imkanlarımız var» deyən Vüqar Orucun sözlərinə görə, bir qədər əvvəl Cəmiyyətin üzvü olan iki şirkət – «Uniprşcu» və «Coral» şirkətləri təşkilatdan kənar edilib.
Amma Azərbaycandakı bütün qiymətləndiricilər AQC-nin üzvü deyil. Bazarda heç bir qeydiyyata düşməyən, nəzarətdən kənarda yüzlərlə qiymətləndirmə şirkəti var: «Bazarda yüzlərlə hal-hazırda özünə şirkət deyən qiymətləndirmə şirkətləri var, hansılar ki, çoxları bir nəfərdən ibarətdir. Onların ofisləri və resursları yoxdur, peşəkar qiymətləndiricilərə malik deyillər».
Amma belə şirkətlər ölkədə qiymətləndirmə bazarının bəzi əsas hissələrini ələ keçiriblər: «Bu şirkətlər müxtəlif bazarları, məsələn məhkəmələr və ədliyyə orqanları üçün qiymətləndirmə xidmətlərini, hərrac qiymətləndirmələrini, sığorta məqsədləri ilə qiymətləndirmə xidmətlərini zəbt ediblər».
Tədbirdə bildirilib ki, dövlət satınalmalarında, yəni qiymətləndirmə tenderlərində də problemlər var. Əsas problemlərdən biri tender və kotirovka sorğularında vəzifəli şəxslərin maraqlı tərəf qismində çıxış etməsidir.
Məsələn, Vüqar Orucun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən 7 qiymətləndirmə şirkəti qrup şəklində, dəstə halında tenderlərdə iştirak edirlər: «O şirkətlərin sahibi bir nəfərdir. Həmin şəxs tenderlərə girərək müxtəlif vasitələrlə həmin tenderləri qazanır. Son 2 il ərzində müxtəlif bazarlardan təqribən 2 milyon manata yaxın tender uduşu həmin şirkətlərə aiddir».
AQC sədrinin sözlərinə görə, bu hal hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmir: «Sadəcə, bu hüquq-mühafizə orqanlarının diqqətini ona görə cəlb eləmir ki, şirkətlər yeddi-səkkiz şirkətdir və onların hər biri ayrı-ayrı şəxslərin adınadır. Amma bu şirkətlər hamısı bir nəfərindir və yeddi şirkət həmin 1 nəfərin rəhbərlik etdiyi bir kollektivdə birləşib. Həm eyni zamanda müxtəlif şirkətlərin direktorlarıdır, həm də bir şirkətin işçiləridir».
Bazarda digər problem dempinq, yəni qiymətinsüni surətdə azaldılması ilə bağlıdır. Vüqar Orucun sözlərinə görə, hazırda bazarda qiymətləndirmə şirkətləri arasında dempinq siyasəti aparanlar var. «Bu şirkətlər bazara daxil olmaq üçün ağıla gəlməyəcək dərəcədə aşağı qiymətlər təklif edirlər. Həmin şirkətlər keyfiyyətli iş təqdim etmirlər, yalnız qiymətləri aşağı salmaqla bazara daxil olmaq yolunu tutublar. Bu da ki, təbii ki, bazarda ürəkaçan bir mənzərə yaratmır. Həm qiymətləri və bazarın çəkisini aşağı salır, həm keyfiyyətin aşağı düşməsinə səbəb olur, həm də qiymətləndirici şəxsin və yaxud da şirkətin cəmiyyətdəki nüfuzuna zərbə vurur. Ona görə də hesab edirəm ki, bu istiqamətdə dəyişikliklər aparılmalıdır».
Cəmiyyət sədrinin sözlərinə görə, hazırki vəziyyətdə bazardakı belə saxtakarlıq və dələduzluq hallarını cəmizləmək və qarşısını almaq mümkün deyil. Amma AQC bunun üçün qardaş Türkiyənin təcrübəsini öyrənir. «Biz qardaş Türkiyədə Dəyərlənmə Uzmanları Birliyi ilə ikitərəfli müqavilə imzalamışıq və müqaviləyə əsasən müxtəlif istiqamətlərdə məsləhətləşmə işləri aparırıq. Layihələrimizdən biri də Azərbaycan qiymətləndirmə sektoruna Türkiyədəki kimi tənzimləmə metodlarını tətbiq etmək və oradakı kimi qurumun yaradılmasına aiddir. Belə bir ortaq layihəmiz var, həmin layihə yaxınlarda dövriyyəyə buraxılacaq».
«Biz bu layihəni təqdimat şəklində Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və digər dövlət qurumlarına təqdim edəcəyik ki, Azərbaycanda qiymətləndirmə sektorunun tənzimlənməsini qardaş Türkiyədəki kimi bu cür görürük və bu addımları atmaq lazımdır ki, Azərbaycanda qiymətləndirmə sahəsində problem olmasın»-deyə AQC rəhbəri bildirib.
Qeyd edək ki, Türkiyədə 152 şirkət var, onlar hamısı bir qurumda birləşib. Həmin qurum dövlət qurumu olmasa da, orada dövlətin iştirakçı payı var: «Həmin qurum hansısa şirkətin lisenziyasını ləğv edirsə, həmin şirkət artıq qiymətləndirmə sektorunda fəaliyyət göstərmir. Yəni bu tip islahatların aparılması Azərbaycanda da vacibdir. Adını Palata qoyaq və yaxud da ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyətinə o statusu, o səlahiyyəti verək. Bu, artıq o qədər də önəmli deyil. Ancaq sektorda vəziyyəti normallaşdırmaq üçün bir qurum lazımdır, əks halda sadaladığım kimi problemlərin həlli mümkün deyil».
Hələlik isə Qiymətləndiricilər Cəmiyyəti bu işi öz imkanları ilə həyata keçirməyə çalışır. Məsələn, AQC ilə Auditorlar Palatası arasında saziş imzalanacaq ki, artıq auditorlar qeyri-professional qiymətləndirici şirkətlərlə işləməsinlər, yalnız AQC-nin tövsiyə etdiyi şirkətlərlə, AQC üzvləri ilə əməkdaşlıq etsinlər.
Azərbaycanda qiymətləndirici şirkətlərin digər problemləri rəsmi qurumların əmlak məlumatlarının əlçatan olmamasıdır. AQC təklif edib ki, Ədliyyə Nazirliyinin notarial kontorlarındakı, eləcə də əmlak xidmətlərinin məlumatlarına əlçatanlıq təmin olunsun, o cümlədən alqı-satqı faktları barədə rəsmi məlumatlara çıxış əldə edə bilsin.
Amma bununla bağlı dövlət qurumlarına edilən müraciətlər cavabsız qalır: «Statistik məlumatlar qiymətləndirici üçün vacib elementdir, amma Azərbaycanda o yoxdur. Digər qonşu dövlətlərdən fərqli olaraq Azərbaycan qiymətləndiricisi dövlət qurumlarına müraciət etdikdə cavab ala bilmir və ya informasiya əldə etmək imkanları olmur. Əmlakın qiymətlərinin bazarda müqayisəsi üçün bu olduqca vacib elementdir. Hal-hazırda biz yalnız rieltorların və daşınmaz əmlak saytlarının məlumatlarına əsaslanırıq».
Qiymətləndiricilər bazarında yaşanan digər problemlərdən biri də ayrı-ayrı qurumların özlərinin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmasıdır. Bura banklar və dövlət qurumları da aiddir.
«Banklarda qiymətləndiricilər var və biz onların mövcudluğunu qiymətləndirici kimi yox, sadəcə risklərdən qorunmaq üçün bir qurum kimi təsəvvür edirik. Eləcə də dövlət qurumlarının özlərinin daşınmaz əmlak qiymətləndirməsi fəaliyyəti var, halbuki, qurumun özü qiymətləndirmə həyata keçirə bilməz, qiymətləndirici müstəqil olmalıdır».
Bu hətta hazırda köhnəlmiş sayılan 1998-ci ildə qəbul olunmuş «Qiymətləndirmə fəaliyyəti haqqında» qanunda da göstərilib: «Yəni əgər bank kredit verirsə, kredit alan şəxslə bankın arasında qiymətləndirmə işini hökmən müstəqil qiymətləndirici aparmalıdır».
Eləcə də dövlətin müxtəlif qurumlarında vətəndaşla dövlət arasında mübahisəli işlər olursa, qiymətləndirməni mütləq müstəqil qiymətləndirici həyata keçirməlidir.
Qiymətləndirici şirkətlər üçün daha bir yenilik ASAN Xidmətlərdə bu xidmətin tətbiqi ilə bağlıdır.
Bir qədər əvvəl prezident İlham Əliyevin fərmanı ilə ASAN Xidmət mərkəzlərində göstərilən xidmətlərin siyahısına qiymətləndirici fəaliyyəti də əlavə edildi. Yəni artıq ASAN xidmət mərkəzlərində belə bir pəncərə də olacaq, amma hələlik bu işin necə qurulacağı dəqiqləşməyib. Vüqar Orucun sözlərinə görə, ASAN Xidmət bu məsələdə Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıq etməli və ASAN xidmətdə fəaliyyəti göstərəcək vəkil şirkətləri AQC ilə birlikdə müəyyən olunmalıdır: «Yaxşı olar ki, partnyor kimi, bütövlükdə Azərbaycan Qiymətləndirmə Cəmiyyətini qəbul etsinlər və Qiymətləndirmə Cəmiyyəti özü hansı şirkətlərlə əməkdaşlıq daha uyğun olar və daha professional şəkildə həmin şirkətlər xidmət göstərə bilər, bunları həmin dövlət qurumlarına təqdim etsin. Bu da bizim təkliflərimizdən biridir».
Nəhayət, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti dövlət tərəfindən təşkilatın fəaliyyəti üçün müvafiq ofis sahəsinin ayrılmasını istəyir. V.Orucun sözlərinə görə, əvvəllər ictimai qurumlara ofis təqdim edilirdi, amma hazırda bu qayda yoxdur:
«Biz istəyirik ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti daha da inkişaf etsin deyə, Əmlak Xidməti orada maariflənmə işi aparılmasına şərait yaransın deyə bizim kurslar təşkil etməyimizə dəstək versin, eyni zamanda, Cəmiyyət öz işini həyata keçirsin. Həmçinin bir qiymətləndirmə mərkəzi olsun ki, orada şirkətlər öz problemlərini həll edə bilsinlər. Belə bir mərkəzin formalaşması üçün inzibati binanın olmasını biz arzulayırıq. Bu da bizim təkliflərimizin içərisindədir».
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024