Sosial (6-03-2014, 11:46)
Nazirlik facebook istifadəçilərinin suallarını cavabladı - 326
Ali təhsil sahəsində kredit sistemi ilə tədrisin təşkili, tələbələrin köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürməsi məsələləri ilə bağlı sənədlərin təsdiqi istər təhsil ictimaiyyəti, istərsə də ümumilikdə, ölkə vətəndaşları tərəfindən maraqla qarşılanıb.
“Mediatv.az” Nazirliyin saytına istinadən xəbər verir ki, nazirlik qeyd olunan sənədlər haqqında ictimaiyyətin məlumatlandırılması işinin genişləndirilməsinə, xüsusilə də təhsilalanlar üçün yaradılmış yeni imkanların daha dolğun şərh olunmasına böyük önəm verir. Bütün bunları nəzərə alaraq, 24-28 fevral 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Facebook səhifəsində ali təhsillə bağlı suallara cavab verilib.
Bu müddətdə Təhsil Nazirliyinin Facebook səhifəsinə, ümumilikdə, 326 sual daxil olub və ali təhsillə bağlı bütün suallar şərhlər vasitəsilə cavablandırılıb.
Facebook istifadəçilərinin sualları, əsasən, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, bərpa olunması və akademik məzuniyyət götürməsi (33 faiz), bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili (22 faiz), təhsilalma formasının dəyişdirilməsi (7 faiz), ali təhsil haqqında sənədin tanınması (6 faiz), Azərbaycan Müəllimlər İnstitutunun filiallarının fəaliyyəti (5 faiz), təhsil haqqı (2 faiz), xaricdə təhsil (2 faiz) və digər məsələləri əhatə edib.
Bu tədbir geniş ictimaiyyət arasında ölkədə ali təhsilin inkişafı ilə bağlı aparılan islahatlara böyük marağın olmasını bir daha üzə çıxarıb. Təhsil Nazirliyi əhalinin bütün təbəqələrinin fikirlərinə xüsusi önəm verərək bu ənənəni davam etdirmək, gələcək fəaliyyətində konstruktiv təklifləri nəzərə almaq niyyətindədir.