Sosial (11-02-2014, 11:33)
Tələbələr universitetdən niyə qovulmayacaq?
“Mediatv.az” Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyevin müsahibəsini təqdim edir:
-Tələb olunan krediti yığa bilməyən tələbə təhsilini necə davam etdirə bilər?
- Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı təsdiq olunub. Qaydaların 4.3 bəndində qeyd edilir ki, tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan krediti yığa bilmədiyi halda, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda, tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.
Bu bəndə əsasən, tələbə təhsil proqramına müvafiq olaraq dörd il müddətində lazım olan krediti toplamalıdır və bu halda ona diplom verilir. Əgər tələbə dörd il ərzində lazım olan kreditləri toplaya bilmirsə, o, tələbələr sırasından xaric edilmir.
Tələbənin hərbi çağırışdan möhlət hüququ və ya imtiyazı varsa, o, təhsilini beşinci ildən etibarən təhsil proqramı ilə müəyyən olunmuş müddətdə yığa bilmədiyi kreditlər üzrə tədrisi ilk növbədə zəruri olan fənlərin ardıcıllığı (prerekvizitliyi) gözlənilməklə və təhsil haqqı ödəməklə davam etdirə bilər.
- Akademik borcu olan tələbə əlavə təhsil haqqı ödəməlidirmi?
- Təhsil aldığı dörd il ərzində bir tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilib. Tələbə aşağı kursda alt qrupda təhsil aldıqda, akademik borclar olan fənlərin krediti ilə semestrdə proqram üzrə nəzərdə tutulan tədrisi ilk növbədə zəruri olan (prerekvizit) fənlərin kreditlərinin ümumi sayı 30-dan çox deyilsə, bu halda akademik borcun ləğvinə görə əlavə təhsil haqqı ödəmir. Tələbə yalnız bu kreditlərin ümumi sayı bir semestrdə 30-dan çox olarsa - mövcud tədris planlarının təhlili isə göstərir ki, bu çox nadir hallarda ola bilər- (bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 olan tələbələr istisna olmaqla) əlavə təhsil haqqı ödəyir.
Bütün hallarda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.