Siyasət / Slayd (27-08-2014, 20:36)
Dağıstandakı hadisələrdə Nəcməddin Sadıkov və Abbas Abbasov izi - İDDİA
Bir neçə gün öncə mediada belə bir xəbər yayıldı ki, Dağıstanın Dərbənd rayonu administrasiyasının rəhbəri, respublikanın rəhbəri Ramazan Abdulatipovun istefa barədə tələbinə tabe olmayan Qurban Qurbanova qarşı təzyiqlərin başlayıb.
Məlumatda qeyd olunurdu ki, avqustun 8-də özlərini Rusiya DİN-in Dağıstan üzrə İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən naməlum şəxslər Dərbənd rayon administrasiyasına daxil olaraq bütün sənədləri aparıblar.
Q.Qurbanov bildirib ki, sənədlər aparıldığından administrasiyanın işi iflic olub. Q.Qurbanov həmçinin bildirirdi ki, Dağıstan rəhbərinin administrasiyasının məmurları ona təzyiq edirlər. Hətta vəziyyət elə bir həddə çatmışdı ki, Dağıstanın azərbaycanlı klanının lideri avqustun 12-də Dərbənddə mətbuat konfransı keçirib. O, konfransda “Administrasiyanın fəaliyyəti tam iflic olub, çünki 2007-ci ildən bu yana olan bütün sənədlər götürülüb” kimi iddia da səsləndirib.
Qurbanov deyib ki, avqustun 11-də Dağıstanın Hesablama Palatasının müfəttişləri də Dərdənd administrasiyasını yoxlamağa gəliblər, lakin bütün sənədlər aparıldığından onlar araşdırmağa heç nə tapmayıblar. Onun sözlərinə görə, təzyiqlər onun istefaya getməkdən imtina etməsinə görədir. Belə ki, Dağıstan rəhbərinin administrasiyasından gələnlər tələb edirlər ki, könüllü istefa ərizəsi yazsın: “Mən bu göstərişə əməl etməkdən imtina etdim. Dedilər ki, o zaman yoxlamalara, axtarışlara və həbslərə hazır ol”.
Onu da qeyd edək ki, bir müddət əvvəl Q.Qurbanovun tərəfdarları aksiya keçirərək onun istefaya göndərilməsinə qarşı çıxıblar. Dərbənd rəhbəri deyib ki, o, heç vaxt Abdulatipova qarşı çıxmayıb. Qurbanov mətbuat konfransında onu da bildirib ki, əvvəlcə qardaşını Azərbaycandakı daimi nümayəndə vəzifəsindən geri çağırdılar: “İndi isə qərara alıblar ki, məni istefaya göndərsinlər”. Hadisələrin bu cür kəskin xarakter almasına baxmayaraq, Dağıstan rəhbərinin administrasiyası Qurbanovun bəyanatlarına şərh verməyib.
Baş verənlərlə bağlı Dağıstandakı mənbələrdən Qaynar.info-ya ilginc məlumatlar daxil olub. Bildirilir ki, Qurbanova təzyiqlərin olmasında təkcə Dağıstan rəhbərliyi rol oynamır, burada xarici təzyiqlər də var. Xüsusən də, Azərbaycandan olan məmurların və Rusiyada yaşayan azərbaycanlıların da Qurbanovu hədəfə aldığı iddia olunur. Burada Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov və Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun adı daha çox hallandırılır. Sadıkovla Abbasovun Dağıstanda ortaq bir projeni rellaşdırmağa cəhd etdiyini deyən mənbə bildirir ki, Rusiyameyilli qüvvələrin bu addımı Qurbanovun və tərəfdarlarının narazılığına səbəb olub. Ona görə də Qurbanov onların hədəfinə çevrilib.
Qeyd edək ki, son günlər Abbas Abbasovun adı Rusiya tərəfindən Azərbaycana qarşı yeni cızılmış planın əsas memarlarından biri kimi ciddi qalmaqal yaradıb. Mətbuatın yazıdığına görə, Rusiya anti-azərbaycançı şəbəkəni yenidən təşkilatlandırırmağa qərar verib. Bu planın tərkib hissəsi kimi baş nazirin sabiq 1-ci müavini Moskvanın təhriki ilə yenidən ölkəmiz əleyhinə fəaliyyətə start vermək ərəfəsindədir. Həmin məlumatlarda bildirilir ki, qayınanası düşmən millətdən olan birinin rusların dəstəyi ilə iqtidara gəlməsi Azərbaycana uğurlu heç nə vəd etmir. Belə bir halda, Dağıstanın Milli Qəhrəmanı və Muxtar Respublikada böyük nüfuz sahibi olan Nəcməddin Sadıkovun Abbas Abbasovla Dağıstanda birgə hərəkətə keçməsi əgər bir tərəfdən şübhə doğurursa, digər tərəfdən də olduqca maraqlı və ciddi nüanslardan xəbər verir. Doğrudanmı, ordunun baş generallarından biri Rusiyameyilli qüvvələrlə iş birliyindədir?
Redaksiyadan: məlumatın nə qədər səhih olub-olmamasını dəqiqləşdirmək üçün araşdırmalarımız davam edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq