Siyasət (8-01-2018, 15:00)
Macarıstan baş naziri qaçqınları “müsəlman işğalçılar” adlandırdı
Macarıstanın baş naziri Viktor Orban Budapeştin bundan sonra ölkəsinə heç bir qaçqını qəbul etməyəcəyini bəyan edib.
Mediatv.az bildirir ki, bunu baş nazir Almaniyanın “Welt” qəzetinə verdiyi müsahibədə bildirib.
“Biz düşünürük ki, müsəlmanların sayının çox olması paralel cəmiyyətlərin meydana gəlməsinə gətirib çıxaracaq. Biz bu insanlara qaçqın kimi baxmırıq, biz onlarda müsəlman işğalçıları görürük. Multikulturalizm, sadəcə, bir illuziyadır”, – deyə V.Orban bildirib.
Orban bundan əvvəl də dəfələrlə qaçqınların Avropa dövlətləri üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. Bundan savayı, macarıstanlı baş nazir yeni miqrant böhranının baş verməməsi üçün Avropa İttifaqının xarici sərhədlərinin möhkəmləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
2017-ci ilin sentyabr ayında rəsmi Budapeşt miqrantlara qarşı hündür çəpərlərin inşası ilə bağlı xərclərin yarısının qarşılanması xahişi ilə Avropa Komissiyasının sədrinin adına məktub göndəriləcəyini açıqlayıb.