Region (12-11-2014, 11:11)
“Avropa İttifaqına yaxın olmaq istəyirik“
“Əminəm ki, Macarıstana heç bir məsləhət lazım deyil”
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Budapeştdə Macarıstan Milli Televiziyasının müxbiri Bolaş İmreyə müsahibə verib.
Mediatv.AZ AzərTAc-a istinadən həmin müsahibəni təqdim edir:
- Əvvəlcə, bizə müsahibə verdiyiniz üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü və dinamik iqtisadiyyata malik olan ölkəyə çevrilib. Bu, necə baş verdi?
- Əslində, son on il ərzində Azərbaycan əhəmiyyətli iqtisadi inkişaf dövrünü yaşamışdır. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan ölkədir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir. Biz çoxsaylı iqtisadi islahatlar həyata keçirmişik və həmçinin dünyanın aparıcı energetika şirkətləri tərəfindən neft və qaz sektoruna investisiyaların yatırılmasına nail olmuşuq.
Buna görə də enerji amili, üstəgəl islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına investisiya qismində yatırılması bizə iqtisadiyyatımızı şaxələndirmək imkanını verdi. Bu gün biz enerjidən heç vaxt olmadığı kimi az asılıyıq və ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunda istehsal edilir.
Həmçinin beynəlxalq təşkilatlar bizim nailiyyətlərimizi tanıyır. Bu yaxınlarda Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyətliliyinə görə 38-ci yeri tutmuşdur.
Beləliklə, bu, iqtisadi islahatların göstəricisidir. Maliyyə vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun təqribən 8 faizini təşkil edir. Biz, həmçinin işsizliyin və yoxsulluğun çox aşağı səviyyəyə - təqribən 5 faizə qədər azaldılmasına nail olmuşuq. Bizim yaxşı perspektivlərimiz var, çünki iqtisadiyyat dinamikdir və vəziyyət sabitdir.
Üstəgəl bizim bu gün beynəlxalq və Avropa bazarlarına çıxardığımız enerji ehtiyatları əlbəttə ki, ölkəmiz üçün gələcəkdə əlavə imkanlar yaradacaqdır.
- Azərbaycan Avropa İttifaqına üzv olan bir çox dövlətlərlə strateji sazişlər imzalamışdır. Siz Macarıstanla da belə bir razılaşma imzalamağa hazırlaşırsınız... Azərbaycan bu ölkələrə nə verə bilər?
- Bir neçə dəqiqə bundan əvvəl biz Baş nazir Viktor Orban ilə Macarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzaladıq. Sizin də qeyd etdiyiniz kimi, Avropa İttifaqının bəzi üzvləri ilə də oxşar sənədləri imzalamışıq. Bu gün Macarıstan ilə bu sənədi imzalamışıq. Bu, bizim niyyətlərimizi, eləcə də əməkdaşlığımızın səviyyəsini nümayiş etdirən tarixi bir sənəddir.
Bu gün Macarıstan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu sənəd bir çox sahələri - siyasi, iqtisadi, enerji, mədəniyyət və investisiya sahələrini əhatə edir. Düşünürəm ki, bu cür münasibətlər və sənədlər Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək potensial sazişin əsasını təşkil etməlidir. Biz bu ideyanı neçə illərdir ki, təbliğ etdik.
Mən Avropa təşkilatlarının və Avropa İttifaqının rəhbərləri ilə olan təmaslarımda Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin əhəmiyyətini dəfələrlə qeyd etmişəm. Çünki enerji, təhlükəsizlik, ticarət, investisiyalar kimi sahələr, siyasi əlaqələr - bütün bunlar strateji əməkdaşlıq üçün əsas təşkil edir. Hesab edirəm ki, bizim Macarıstan və Avropa İttifaqının digər dost ölkələri ilə ikitərəfli əlaqələrimiz gələcək əməkdaşlıq üçün yaxşı, möhkəm zəmindir. Biz Avropa İttifaqına yaxın olmaq istəyirik.
Avropa İttifaqı öz üzvlərini dəstəkləyən dünya təşkilatının ən yaxşı təcrübəsini əks etdirir. Avropa İttifaqının standartlarına müvafiq yüksək həmrəylik səviyyəsinə çatmaq üçün hər bir ölkə cəhd etməlidir, o cümlədən də Azərbaycan. Buna görə də bizim Avropa İttifaqı ilə münasibətlərimiz praqmatik yanaşmaya əsaslanmalıdır.
Biz bir-birimizə nə verə bilərik, qarşılıqlı maraq təşkil edən sahələr hansılardır, regionumuzda bir-birimizlə qarşılıqlı əlaqədə necə olacağıq, hansı çağırışlar var? Düşünürəm ki, bu, irəliləmək üçün ən yaxşı yoldur. Strateji maraq, enerji təhlükəsizliyi, siyasi və regional təhlükəsizlik bir-biri ilə bağlıdır.
- Siz Avropa üçün vacib məsələ olan enerji təhlükəsizliyini də qeyd etdiniz. Gələcəyin enerji təhlükəsizliyinə Azərbaycanın daxil olması nə üçün vacibdir?
- Əlbəttə ki, Avropa təşkilatları ilə münasibətlərimizdə enerji təhlükəsizliyi əsas prioritet təşkil edəcəkdir, lakin biz bununla kifayətlənmirik. Azərbaycan artıq öz investisiyaları ilə Avropa bazarına daxil olur. Biz indi təkcə Azərbaycana yox, həm də xaricə sərmayələr yatıraraq investisiya portfelimizi şaxələndiririk. Azərbaycan artıq Avropa İttifaqının bəzi üzv ölkələrinə yüz milyonlarla avro məbləğində investisiya yatırmışdır.
Bu proses davam edəcəkdir. Biz Avropa İttifaqı və Azərbaycan arasında biznesin sadələşdirilməsi üzrə çox vacib saziş imzalamışıq. Bu, bizim iş adamlarına və avropalılara bir-birilərinə daha asan çıxışı təmin edəcəkdir.
Bu isə öz növbəsində xalqlar arasında əlaqələri gücləndirəcək. Çünki xalqlar arasında əlaqələr olmadan istənilən siyasi çərçivə bütöv deyil. Enerji məsələsinə gəldikdə, bizim böyük enerji ehtiyatlarımız var. Biz bu ehtiyatları Avropa bazarına çıxarmaq üçün artıq çoxlu səylər göstərmişik. Avropa İttifaqının bəzi üzvləri neftin 40 faizini Azərbaycandan əldə edirlər.
İndi isə biz Avropanın enerji xəritəsini tamamilə dəyişəcək “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Bizim təsdiq olunmuş minimum qaz ehtiyatlarımız 2,5 trilyon kubmetr səviyyəsindədir və daha da çox olacaq. Çünki biz hələ də kəşfiyyat işləri aparırıq. Hətta bu miqdar ən azından yüz il ərzində Avropa istehlakçıları üçün etibarlı qaz mənbəyinin olmasına kifayətdir. İki aydan da az müddət öncə, yəni, sentyabr ayında biz möhtəşəm “Cənub” qaz dəhlizi layihəsinə start verdik. Artıq işlər başlayıb. Bu layihə Azərbaycana bir çox Avropa ölkələri ilə əlaqələr yaratmağa və yeni müasir paylayıcı sistemin qurulmasına imkan verəcək.
Biz elə bir paylayıcı sistem quracağıq ki, onun vasitəsilə 50 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq. Eyni zamanda, bildiyimizə görə Avropa ölkələri arasında qaz kəmərlərini bir-birinə bağlayan layihələr də nəzərdən keçirilir. Düşünürəm ki, burada bizə sıx əlaqələndirmə işlərini aparmaq və Azərbaycan kimi istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansını qorumaq lazımdır. Bu, enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir.
Enerji təhlükəsizliyi olmadan fiziki təhlükəsizliyi təmin etmək çətindir və bu məsələlər bir-birinə bağlıdır. Enerji sahəsində ikitərəfli münasibətlərimizə gəldikdə, bu gün Baş nazir Viktor Orban ilə bu məsələni geniş müzakirə etdik və bizim əməkdaşlıq üçün yaxşı perspektivlərimiz var.
Biz Macarıstanı enerji əməkdaşlığı sahəsində tərəfdaş hesab edirik və Azərbaycan qazının Macarıstana hansı marşrutlarla gətirilməsini dəyərləndiririk. Bu, Bolqarıstan-Rumıniya-Macarıstan marşrutu, ya da Balkan ölkələrindən keçəcək, sonradan da Xorvatiyadan Macarıstana gedəcək İoniya-Adriatik boru kəməri layihəsi ola bilər. Hansı marşrutun bizim hamımız üçün münasib olması məsələsi dəyərləndirilməlidir. Bizim icra etdiyimiz “Cənub” qaz dəhlizi layihəsini və Azərbaycanın qaz ehtiyatlarını nəzərə alaraq şübhəm yoxdur ki, Azərbaycan və Macarıstan qaz sahəsində tərəfdaş olacaqlar.
- Deyə bilərsinizmi ki, Azərbaycan və Macarıstan bir-birilərinin sərmayələrindən necə faydalana bilər?
- Əminəm ki, aramızda olan çox yaxın siyasi əlaqələr və artıq bu gün rəsmiləşdirdiyimiz strateji tərəfdaşlıq iqtisadi şaxələndirmə sahəsində praktiki əməkdaşlıq üçün yeni imkanlara yol açacaq. Məsələn, bu il qarşılıqlı ticarət dövriyyəsində artım üç dəfədən artıq - 300 faizdən çox olmuşdur. Bunun səbəbi də hər iki tərəfin siyasi iradə nümayiş etdirməsidir.
Bu gün bir azdan başlayacaq biznes forumda biz bir neçə praktiki müqavilə və anlaşma memorandumlarını imzalayacağıq. Onlar bir çox sahələri əhatə edir. Macar şirkətləri Azərbaycandakı böyük inşaat layihələrində iştirak edəcəklər. Onlar ölkəmizdə bir neçə körpü tikəcəklər.
Eyni zamanda, macar şirkətləri su təchizatı və paylanılması ilə bağlı layihədə bizim tərəfdaşlarımız qismində çıxış edəcəklər. Azərbaycana müxtəlif növ kənd təsərrüfatı məhsullarının çatdırılması üçün macar şirkətləri ilə kənd təsərrüfatı sahəsində artıq çox yaxşı iş təcrübəmiz var.
Bu gün informasiya texnologiyaları sahəsində sənəd imzalanmışdır və burada söhbət Regional Məlumat Mərkəzinin yaradılmasından gedir. Turizm, dərman preparatlarının istehsalı, əczaçılıq sahələri kimi bir çox digər sahələr də mövcuddur.
Azərbaycanda infrastruktur və inşaat ilə bağlı icra olunan bir çox layihələr var. Biz bu layihələrə tərəfdaşlıq üçün Avropadan bir çox şirkətləri Azərbaycana dəvət edirik. Biz dost ölkələrdən olan şirkətlərlə ortaq işbirliyi qurmaq istəyirik. Buna görə ticarət dövriyyəsinin üç dəfədən çox artması səbəbsiz baş verməmişdir. Bunun səbəbi bizim sıx siyasi əlaqələrimiz, qarşılıqlı etibarımız və qarşılıqlı hörmətimiz olmuşdur. Baxmayaraq ki, üçqat artım çox yaxşı göstəricidir, lakin mövcud olan potensial bundan qat-qat böyükdür və biz Baş nazir Orban ilə potensialın böyük olduğunu müzakirə etdik. Biz investisiya sahələrində daha çox əməkdaşlıq etmək istəyirik.
Biz hökumətinizin də prioritet hesab etdiyi sahələr üzrə Macarıstana investisiya yatırmaq üçün müxtəlif fikirləri nəzərdən keçiririk ki, uzun illər ərzində davam edəcək güclü iqtisadi tərəfdaşlıq qura bilək və hər iki tərəf bundan yalnız faydalanacaq.
- Bu, çox vacibdir: Azərbaycan Macarıstana nə verə bilər? Ölkəniz iqtisadiyyatla bağlı bizə nə məsləhət verə bilər, yoxsa sadəcə, investisiyalarla kömək edə bilər? Necə ki, Macarıstan Azərbaycanda yol və körpülərin tikintisi ilə bağlı bunu edib.
- Əminəm ki, Macarıstana heç bir məsləhət lazım deyil. Sizin əhalinin böyük dəstəyini qazanmış çox dinamik, effektli hökumətiniz var. Son seçkilər də bir daha Baş nazir Viktor Orbanın yürütdüyü siyasətin milli maraqlara söykəndiyini və əhalinin əksəriyyəti tərəfindən dəstəkləndiyini nümayiş etdirdi.
Buna görə də siz doğru yoldasınız və biz də sizin dostunuz kimi, əldə etdiyiniz bu möhtəşəm nailiyyətinizə görə sizi və hökumətinizi yalnız təbrik edə bilərik. Çünki ölkəniz indi müstəqil və milli maraqlara söykənən siyasət yürüdən ölkələrin rəmzidir və bu da həm sizin, həm də bizim hökumətimiz üçün yüksək prioritet təşkil edir. Aramızda bir çox oxşarlıqlar var, ola bilsin ki, bu oxşarlıqlar bizi birləşdirir.
Praktiki cəhətdən Azərbaycanın sərmayə ilə daxil olduğu istənilən ölkədə biz investisiya sahələri üzrə hökumət qurumları ilə məsləhətləşmələr aparırıq. Biz təbii ki, prioritet olmayan sahələrə investisiya yatıran tərəfdaş olmaq istəmirik. Biz bu layihələrə biznes və əlaqələrimizin gücləndirilməsi nöqteyi-nəzərindən baxırıq.
Buna görə də bu sahələr turizm, otel biznesi, infrastruktur, ağır sənaye ola bilər. Biz Macarıstanda, o cümlədən Azərbaycanda birgə investisiya layihələrini təşkil edə bilərik. Beləliklə, çoxlu imkanlar var və biz onları reallaşdırmağa hazırıq.
Mənim səfərim və Baş nazir ilə dünən və bu gün apardığım müzakirələr əsasən bu yeni fürsətlərin dəyərləndirilməsinə, üstəgəl Macarıstandan Azərbaycana daha çox şirkətlərin dəvət edilməsinə yönəlib. Bu gün biznes forumda əlbəttə ki, Azərbaycanda mövcud biznes imkanları ilə bağlı təqdimat keçiriləcək. Növbəti illərdə biz nə etməyi planlaşdırırıq və xarici şirkətlərin bizə qoşulması üçün imkanlar nədir? Əlbəttə, bizim gələcəkdə yeni layihələrimiz və yaxşı nəticələrimiz olacaq.
- Müsahibə verdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.
- Çox sağ olun.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024