Sağlamlıq (8-10-2016, 19:13)
Spirtli içkilərin bu təsirlərini bilirdiniz? - Həkim MƏSLƏHƏTİ
Mediatv.az saytı oxuculara doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərinin təqdimatına davam edir. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır.
1. Spirtli içkilərin beyinə göstərdiyi təsir:
Spirtli işkilər beyin hüceyrələrinə və neyronlara təsir edərək, onları fəaliyyətdən saxlayır. Çox hallarda beyindəki nazik damarların partlamasına, qanın laxtalanmasına səbəb olub, qanın normal qaydada dövr etməsinin qarşısını aldığına görə infarktla nəticələnir. Bəzi hallarda isə beyində əzələlərin yığılmasına, şişlərə və qan təzyiqinin yaranmasına səbəb olur. Bu da bədən üzvlərinin iflic vəziyyətinə düşməsinə səbəb olur.
2. Spirtli içkilərin əsəb sisteminə mənfi təsiri:
Spirtli içkilər müxtəlif xəstəlilkərin, o cümlədən əllərdə və ayaqlarda titrəyişlərin yaranmasına, bədən üzvlərinin nəzarət altına alınmasında bacarıqsızlığa, zahiri və batini hiss orqanlarının zəifləməsinə, ifrat dərəcədə yuxusuzluğa və qarışıq yuxular görməyə səbəb olur.
3. Spirtli içkilərin mədəyə təsiri:
Spirtli içkilər dilin hissiyatını və dadbilmə qabiliyyətini təsirdən salır, ağız şirəsini azaldır və onu normal haldan çıxarır. Həmçinin, mədə vəzlərini təhrik edir, mədə şirəsinin turşuluğunu azaldır, həzm yollarının bağlanması ilə (buna pepsin deyilir), çox hallarda bəlğəm və ya qan laxtaları ilə qarışıq olan qusmaya səbəb olur. Eləcə də mədə və bağırsaqlarda müxtəlif xəstəliklər törədir, mədənin həddindən artıq genişlənməsinə, bağırsaqlarda qaşınmaya, həzm sistemində iltihabın yaranmasına səbəb olur. Həmçinin böyük bağırsağa xəsarət dəyməsi nəticəsində güclü ishal və ya ifrazatın qarşısının alınması kimi xəstəliklər spirtli içkilərə adət edən şəxslərdə çox müşahidə olunur.
4. Spirtli içkilərin qaraciyərə təsiri:
Spirtli içkilər qaraciyəri zəiflədir, onda müxtəlif şişlər əmələ gətirir. Onun zəifləyib öz funksiyasını itirməsi nəticəsində qarın tərəfdən müəyyən ağrılar, narahatçılıqlar baş verir. Əksər hallarda spirtli içkilər içən şəxslərdə sarılıq xəstəliyi əmələ gəlir ki, onun da mənfi təsirləri barədə çox danışmaq olar.
5. Spirtli içkilərin qan dövranına təsiri:
Əsas etibarilə ilə spirt orqanizmdə məsrəf olunmadığından, mədəyə daxil olan kimi, birbaşa qana keçir və ondakı ağ qan cisimciklərini aradan aparır. Azacıq təzyiq belə şəxsin infarkt keçirməsinə səbəb olur.
6. Spirtli içkilərin tənəffüs orqanlarına təsiri:
Spirtli içkilərin tənəffüs orqanlarında yaratdığı xəstəliklərin ən güclüsü - sel və təngnəfəslikdir. Çünki, spirt qana daxil olandan sonra, ağ ciyərə gəlib çatır və onun vəzlərini təhrik edərək, şişlər əmələ gətirir. Bu təhrik bədəndə olan kalsiumu aradan aparır, ağ ciyərin funksiyasında nasazlıqlar yaradır və bu da sel kimi xəstəliklərlə nəticələnir.
7. Spirtli içkilərin böyrəklərə təsiri:
Mövcud faktlara əsasən, böyrək xəstəliklərinin 90%-i spirtli içkilərin təsirindən yaranır. Çünki, spirtli içkilər ifraz olunan zaman sidik kisəsini təhrik edir və müxtəlif narahatlıqlar yaradır. O cümlədən də, sidiyin saxlanmaması xəstəliyi buna misal ola bilər.
8. Spirtli içkilərin ürəyə təsiri:
Spirtli içkilər qan dövranına təsir qoyduğundan, yavaş-yavaş orqanizmdə maddələr mübadiləsini və hüceyrələrin qidalanması prosesini ləngidir, ürəyin ətrafında çoxlu piy əmələ gəlir. Bu da onun işinin ağırlaşmasına səbəb olur, ürəyin həcmi artaraq döyüntüləri zəifləyir. Buna görə də spirtli içkilərə adət edən şəxslərin nəbzi adətən yavaş vurur, bəzi hallarda isə anormal olur.
9. Spirtli içkilərin psixikaya təsiri:
Spirtli içkilər psixi xəstəliklərin əsas amilidir. Psixiatrik xəstəxanalardaki faktlar göstərir ki, psixiatrik xəstələrin əksəriyyəti ömürlərinin çox hissəsini alkoholluqla keçirənlərdir. Fransada həkimlərin apardığı araşdırmalarda 200 000 nəfərin spirtli içkilər nəticəsində psixi xəstəliyə mübtəla olduğu məlum olmuşdur. İngiltərə alimlərinin apardığı tədqiqatlar nəticəsində sübuta yetmişdir ki, dəliliyin təqribən 80%-i spirtli içkilərdən əmələ gəlmişdir.
10. Spirtli içkilərin insan nəslində təsiri:
Spirtli içkilər insanın spermatozoidlərinədə və onları istehsal edən hüceyrələrdə xoşagəlməz təsirlər qoyur. Almaniyalı həkimləri sübut etmişlər ki, spirtli içkilərin acınacaqlı təsirləri, hətta onlardan istifadə etməyən üç nəslə qədər davam edir. Spirtli içkilərə qurşanan şəxslərin nəsli azalaraq tamamilə kəsilə bilir. Amerikalı alim doktor Nalin deyir ki, bir sağlam kişidən orta hesabla on bir övlad sağlam əmələ gələ bilər. Halbuki, spirtli içkilərə qurşanan şəxsdən 1-3 nəfər belə sağlam övlad əmələ gəlmir. Əmələ gələn övladlar da müxtəlif ruhi və fiziki xəstəliklərə, o cümlədən infarkt, əsəbilik, dəlilik, əql qüvvəsinin normal inkişaf etməməsi, qan azlığı və sair kimi xəstəliklərə düçar olur, daim ruhi və fiziki çatışmamazlıqlardan əziyyət çəkirlər.
Dünya Səhiyyə Təşkilatının malumatına görə alkoholdan sui-istifadə dünyada ölüm səbəbləri arasında 3-cü yeri tutur (birinci yerdə ürək-damar xəstəlikləti, ikinci yerdə isə onkoloji xəstəliklərdir). Alkoholiklər içməyənlərə nisbətən 15 il az yaşayır. Onların yalnız 25%-i 50 illik sərhəddi keçir.
Spirt, dünyada ən çox istifadə edilən məstecidir, çünki onu əldə etmək qeyri-qanuni narkotik maddəni əldə etməkdən daha asandır. Belə ki, bir butulka spirtli içki, bəzən bir butulka sərin sudan ucuzdur.
Şübhəli suallara cavablar:
- Əgər bu qədər zərər varsa, niyə bəziləri spirtli içkilər içməklə yanaşı sağlamdırlar?
- Spirt haqqında söylənən bütün bu zərərləri nəzərə alaraq, niyə illərlə spirtli içki içən bir sıra şəxslər tam sağlamdırlar?
Cavab: Əvvəla sağlamlıq heç kimin alnında yazılmayıb, zahirən sağlam kimi görünən alkohol düşkünü, şübhəsiz daxildə bir sıra xəstəliklər və pozğunluqlara düçardır. Hansı ki, daim onu başqa amillərlə əlaqələndirmək istəyirlər. Məsələn əgər kəskin qarınağrılarına düçar olduqda, onu düzgün qidalanmamaqla izah edirlər və s.
İkincisi: Spirtli içkilərin zərərləri həmişə dərhal üzə çıxmır və bəzən illərlə vaxt aparır. Necə ki, QİÇS xəstəliyinin barəsində 8 ildən sonra orqanizmdə zahir olması söylənilir, xəstə müayinə edilmədiyi təqdirdə isə neçə il bu xəstəliyə yoluxduğunu bilə bilmir.
Spirtli içki içən şəxs, özünü bir mütəxəssisə göstərərək müayinə olunsa, o zaman biləcəkdir ki, xeyli sayda zərərləri bədəninə daxil etmişdir. Bu eynilə uzun müddət təsiri bilinməyən, illərdən sonra təsiri üzə çıxan siqaret çəkmək kimidir. Hansı ki, hamımız bilirik ki, hətta bir ədəd sıqaret insan üçün zəhər kimidir.
Üçüncüsü: 70 il yaşadığını gördüyünüz alkohol içənlər şərab içməsəydilər, 100 il yaşayardılar.
Çünki bəzi insanlar irsən (anadangəlmə) xəstəliklər və zəhərlər qarşısında daha dözümlüdürlər.
Dördüncüsü: Bəziləri alkoholun təsirindən din, iman və ağıllarını itirmişlər. Sağlam olduqları barədə iddiaları da həqiqətə uyğun deyildir. İndiyə kimi milyonlarla insan müxtəlif xəstəliklərə düçar olduqları halda, özlərini və ətrafdakılarını aldadır, xəstəliklərini başqa amillərlə əlaqələndirməyə çalışırlar. Yaddan çıxarmaq lazım deyil ki, alkoholizm – faktiki olaraq, narkomaniyanın bir təzahürüdür və necə narkoman narkotiki əldən buraxmamaq üçün min bir vasitəyə, hiyləyə əl atır, eləcə də alkoholik spirtli içkiyə məhdudiyyət və qadağanı qarşılamaq üçün özünü və atrafdakıları aldadacaq.
Modern.az