Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (18-09-2016, 16:12)
Vitaminsizlik hansı xəstəlikləri yarada bilər?

vitamin

Böyük yaşlı insanların özlərini arıqlatmaq üçün həkim məsləhəti olmadan bir çox qidalardan imtina etməsi bəzən bu şəxslərin güclü iradəsinin olması kimi qəbul edilir.

Mediatv.az:  Uşaqların isə vitaminlərdən uzaq olan “çipsi”, “qamburger” və s. kimi zərərli qidalara üstünlük verməsinə isə adi yanaşılaraq bu, onlarda yaşla əlaqədar yaranmış adi həvəs kimi qəbul edilir.

Lakin unutmaq lazım deyil ki, bu “imtina” və bu “həvəs” sonradan bir çox ciddi problemlərin yaranmasına səbəb olur. Çünki insanların sağlamlığı, xüsusilə uşaqların inkişafı üçün vacib olan vitaminlər normal həcmdə qəbul edilmədikdə orqanizmin funksiyası pozulur və nəticədə bir çox xəstəliklər əmələ gəlir.

Həkim-konsultant Yazgül Abdiyeva Trend-ə bildirib ki, son vaxtlar 50-yə qədər vitamin aşkar edilib: “Lakin maddələr mübadiləsinin tənzimlənməsi üçün çox cüzi miqdarda vitaminlər lazımdır. Canlı orqanizmlər vitaminsiz yaşaya bilməzlər. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da var. Мüxtəlif kimyəvi tərkibə malik olmalarına baxmayaraq, onların bir ümumi xüsusiyyəti var ki, bu da yalnız bitkilər tərəfindən sintez olunmalarıdır. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş belə qidada vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir”.

Vitaminlərin iki qrupa bölündüyünü deyən həkim bildirib ki, suda həll olan vitaminlər C və B qrupu vitaminləri, yağda həll olan vitaminlər isə A, D, E, K vitaminləridir.

Tez yorulma, əsəbilik, yuxulama nələrin əlamətləridir?

Y.Abdiyeva əlavə edib ki, askorbin turşusu və ya vitamin C vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O, hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir. Askorbin turşusu qan yaranmasına təsir göstərir, zəhərlənmədən xilas olmaqda orqanizmə kömək edir. C vitamini bir çox bitkilərin – itburnu, kələm, çiyələk, firəng üzümü, turp, bibər, pomidor, yaşıl soğan, yaşıl noxud, portağal, limon, naringi, alma, moruq və.s. həmçinin dalaq, qaraciyər, böyrəklər, beyin, at südünün tərkibində daha çox olur.

Y.Abdiyeva qeyd edib ki, avitaminoz zamanı əmələ gələn sinqa xəstəliyi C vitaminini qəbul edilməklə qısa zamanda müalicə edilir. Dişlərin tökülməsi, sümüklərin kövrəkləşməsi ilə müşahidə olunan skorbut və ya sinqa xəstəliyi zamanı nəfəs təngimə, fiziki zəiflik, tez yorğunluq, əsəbilik, yuxulama kimi hallar baş verir. Qan damarları kövrək olur və dəridə qanaxma başlayır, dişlərin dibi qanayır və tədricən tökülür. Xəstəlik hətta, ölümlə nəticələnə bilir: “Bəzən C vitaminini “müqavimət vitamini” də adlandırırlar. O, böyrəküstü vəzin qabıq maddəsinin hormonlarının hidroksilləşməsində, hemoqlobinin aktivliyinin artmasında, bir çox zəruri maddələrin yaranmasında iştirak edir”.

Bu vitamini qəbul etmədikdə insan arıqlayır, saçları tökülür, yuxusuzluq yaranır

B1, B2, B6, B12-nin daxil olduğu B qrupu vitaminləri bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində olur. Bu vitaminlər maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. Onlar orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir.

Y.Abdiyeva deyib ki, B1 vitamininə (Tiamin, antinevrit vitamini) sutkalıq tələbat 3-4 mq-dır. Bu vitamini yalnız bitkilər və mikroorqanizmlər sintez edir. Orqanizmdə bu vitamin olmadıqda ağır avitaminoz beri-beri (yuxusuzluq) xəstəliyi yaranır, su-duz mübadiləsi, həzm, sinir sistemi, ürəyin işi pozulur, ətraflarda atrofiyalar yaranır. B1 vitamini qəbul etməyən insanlarda 1-3 aydan sonra yüngül yorğunluq, arıqlama baş verir. B1 vitamini ən çox pivə mayasında, noxudda, buğdanın rüşeymində, arpada, paxlada, düyü və vələmir yarmasında, donuz ətində, qaraciyərdə, ürəkdə, beyində, əzələlərdə, yumurta sarısında olur.

B2 vitamininə (Riboflavin, laktoflavin vitamini) gündəlik tələbat 2-4 mq-dır. Tərəvəzlərdə, süddə, yumurta sarısında, balıqda, qaraciyərdə, böyrəkdə olan B2 vitamini ürək-damar sisteminin, tənəffüs və endokrin sisteminin fəaliyyətinə, sinir sisteminin işinə müsbət təsir göstərir. B2 avitaminozu zamanı ağız və gözün selikli qişası zədələnir, tüklər tökülür, ağız bucağında və dodaqlarda çatlar əmələ gəlir, qaraciyər zədələnir və s. B2 vitamini hemoqlobinin sintezində iştirak etdiyi üçün, onun çatışmazlığı nəticəsində anemiya xəstəliyi də törəyə bilər.

B3 vitamininə (Pantoten turşusu, antidermatid amili) gündəlik tələbat 10 mq-a bərabərdir. Zülalların biosintezində, qlükozanın mənimsənilməsində, üzvlərin fəaliyyətində mühüm rol oynayan B3 vitamininin avitaminozu nəticəsində qanda xolesterinin miqdarı azalır, yağ mübadiləsi pozulur, qaraciyərdə və böyrəklərdə degenerasiya və s. baş verir.

Y.Abdiyeva əlavə edib ki, təbiətdə bol miqdarda olduğu üçün B5 vitamini çatışmazlığına rast gəlinmir. B5 vitamini əksikliyi qan şəkərininin düşməsinə, əllərdə titrəməyə səbəb ola bilər. Qaraciyər, ət, toyuq, yumurta və tərəvəzlər bu vitaminin ən əhəmiyyətli qaynaqlarıdır.

B6 vitamininə (Piridoksin, antidermatid vitamin) gündəlik tələbat 2-3 mq-dır. Düyü kəpəyi, buğda, paxla, mayalar, qaraciyər, böyrək, əzələlər, beyin, yumurta sarısı B6 vitamini ilə zəngindir. B6 vitamini porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində, hemoqlobin yaranmasında mühüm rol oynayır. Onun avitaminozu zamanı tüklər tökülür. Barmaqların qanqrenası baş verir, dermatit yaranır, qıcolmalar və sinir poğunluqları baş verir.

B11 vitamini (Fol turşusu vitamini) qırmızı qan hüceyrələri və sinir toxumalarının meydana gəlməsində aktiv rol oynayır. B11 vitamini çatışmazlığı nəticəsində iştahsızlıq, kilo itkisi, ürək bulanma, qusma, ishal, baş ağrıları, bəzi ürək problemləri meydana gələ bilər. Qaraciyər, böyrək, ət, isbanaq, kahı, yumurta, çörək, portağal və banan bu vitaminin ən əhəmiyyətli qaynaqlarıdır.

B12 vitamininə (Siankobalamin, antianemin vitamini) gündəlik tələbat 1-3 mkq-dır. Süddə, yumurta sarısında, pendirdə, balıqda, böyrəkdə, ətdə, xüsusən qaraciyərdə B12 vitamini çox olur. Bu vitamin orqanizmə çox zəruri olan nuklein turşuları sintezində və zülalların istifadə olunmasında iştirak edir. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur.

Toyuq korluğu xəstəliyinin səbəbi

A.Abdiyeva deyib ki, A vitamininə (Retinol, yaxud antikseroftalmik vitamin) olan sutkalıq tələbat 1-2.5 mq-a bərabərdir. Ən çox gözün görmə qabiliyyətinə təsir göstərir. Onun çatışmazlığı toyuq korluğu xəstəliyi, spermatogenezin pozğunluğu, dərinin buynuz təbəqəsinin və selikli qişaların zədələnməsi və quruması, arıqlama kimi mənfi hallara səbəb olur: “A vitamini, həmçinin orqanizmdə normal boy atma üçün zəruridir. Lakin çoxlu A vitamininin qəbulu da zərərli təsir göstərir. Ən çox qaraciyər, balıq yağı, kərə yağı, yer kökü, pomidor, qırmızı istiot, yonca və qozda olur”.

Həkimin sözlərinə görə, E vitamini (Tokoferol, yaxud nəsiltörətmə vitamini) “E” vitamini hormonların, xüsusən cinsiyyət hormonu sintezini gücləndirərək insanın nəsilartırma qabiliyyətini artırır, yaraların sağalmasını təmin edir. Bu vitamin ən çox pambıq yağı, kətan yağı, dana və donuz ətində, kərə yağında, noxud, qaraciyər, süd və yumurta sarısında olur. E vitamininə gündəlik tələbat 25-30 mq-dır. Bu vitaminin çatışmazlığı zamanı nəsilartırma qabiliyyətinin pozulması, əzələ zəifliyi, iflic və.s müşahidə olunur.

Y.Abdiyeva qeyd edib ki, H vitamininin (Biotin) çatışmazlığı nəticəsində dermatit, sinir poğunluqları, ürəkbulanma, yorğunluq və s. baş verir. Gündəlik tələbat 150-200 mkq-dır. Qaraciyər, yumurta sarısı, kartof, soğan, süd və s.-də biotin vitamini çoxdur: “K vitamini (Filloxinon, yaxud antihemorragik vitamini) insanın bağırsağında yaşayan bağırsaq çöpləri bakteriyaları sintez etdiyi üçün avitaminozu olmur. Hipovitaminoz zamanı isə bağırsaqda, beyində, əzələlərdə, dərialtı piy qatında qansızmalar olur”.

Uşaqlar niyə gec boy atır?

Həkimin sözlərinə görə, D vitamininin (Kalsiferol, yaxud antiraxit vitamini) çatışmazlığı uşaqlarda raxit xəstəliyinə səbəb olur. Bu zaman uşaq gec boy atır, skelet düzgün formalaşmır, yəni orqanizmdə fosfor və kalsium duzları mübadiləsi pozulduğundan sümüklərin tərkibində duzlar çatışmır. Belə uşaqların qıçları əyri olur, başı çox boyüyür, döş qəfəsi düzgün inkişaf etmir, qarın normadan çox böyüyür.

Həmin uşaqlar zəif olduqlarından digər xəstəliklərə də tez tutulurlar: “Bu vitaminin orqanizmdə çoxluğu da qorxuludur. Belə ki, bu zaman müxtəlif orqanlarda çoxlu kalsium toplanır. D vitamini balıq yağında, qaraciyərdə, toyuq yumurtasının sarısında, süd, kərə yağında daha çox olur. Günəş şüasının təsiri altında da uşaqların orqanizmində D vitaminin əmələ gəlməsi güclənir. Bu vitaminə gündəlik tələbat 13-15 mkq və bir qədər artıqdır. O, orqanizmdə kalsium və fosfor mübadiləsinə, onların bağırsaq divarlarından sorulmasına, bioloji oksidləşmə proseslərinə, limon turşusunun mübadiləsinə təsir edir. Hipovitaminozu nəticəsində orqanizmdə mineral maddələrin mübadiləsi pozulur, sümük əyilmələrinə səbəb olan raxit xəstəliyi baş verir”. (Trend)

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024