Sağlamlıq (2-06-2016, 16:42)
Xərçəngin müalicəsində şok yenilik
“The İndependent” yazır ki, alimlər immun sistemi hüceyrələrini “yenidən yığmağın” mümkünlüyünü aşkar etdikdən sonra xərçəng xəstəliyinin bütün növlərinin bircə iynə ilə müalicə olunması perspektivi lap yaxınlaşıb.
Mediatv.az xəbər verir ki, Potensial terapiya iynə vasitəsilə genetik kodun kiçicik zərrələrinin orqanizmə daxil edilməsini nəzərdə tutur.
Bu zərrəciklər orqanizm daxilində hərəkət edərək immunitet hüceyrələrini tapacaq və onlara xərçəngə müqavimətin “qaydalarını öyrədəcəklər”.
Alimlər bundan əvvəl immun hüceyrələrin orqanizm xaricində yenidənqurulmasının mümkünlüyünü isbat etsələr də, bu dəfə bu hadisə hüceyrələrin daxilində baş verib.
Genetik kodun bütün xərçənglərə müvafiq şəkildə proqramlaşdırılması isə o deməkdir ki, bu texnika universal ola bilər.
Bu halda həkimin yalnız xərçəng şişinin genetik kodunu bilməsi lazım gələcək. Bundan
sonra o xəstəliklə mübarizə məqsədilə “fərdi vaksin” yaradacaq.
“The İndependent” yazır ki, alimlər bu üsulla sağaldılan xərçəngin bir daha təkrarlanmayacağını söyləyirlər.
Siçanlar üzərində aparılmış təcrübə bu metodla güclü immun reaksiyasına nail olmağın mümkünlüyünü göstərib.
Bundan başqa, dəri xərçəngi olan üç pasientin sınaq müalicəsi də uğurla nəticələnib.
Almaniyanın Maynz şəhərindəki Johannes Gutenberg Universitetinin Translyasiya Onkologiyası Tibb Mərkəzinin direktoru professor Uğur Şahin deyib ki, bu vaksinlərlə müalicə tez bir zamanda başa gəlir və onların istehsalı o qədər də bahalı deyil.
Alimin sözlərinə görə, instənilən şiş antigeninin RNT amin turşusu ilə kodlaşdırılması mümkündür.
O deyib ki, bu yanaşma xərçəng immunoterapiyasında bütün xərcəng növlərinə tətbiq edilə biləcək vaksinlərdən istifadəni nəzərdə tutur və universal müalicə üsulu sayıla bilər.
“The İndependent” yazır ki, alimlər komandasının diqqəti dentrit hüceyrələr adlanan immun hüceyrələrin üzərinə yönəlib. Bu hüceyrələr orqanizmə daxil olan istənilən yad müdaxiləçini aşkar etmək üçün daim ayıq-sayıqdır.
Dentrit hüceyrələr orqanizmdə yad görünən xərçəng hüceyrələrini aşkar edən kimi onun üzərindəki molekulları götürür və öldürücü “T” hüceyrələrinə və ya T limfositlərinə (ağ qan) ötürürlər.
Bundan sonra “düşmən haqqında məlumatı” almış T hüceyrələr xəstəliklə mübarizəyə başlayırlar.
Məqalədə deyilir ki, xərçəng hüceyrələri normal hüceyrələrə çox bənzədiyindən bəzən immun sistemi onları diqqətdən qaçırır.
Yeni texnologiya genetik kodun kiçicik parçasının nanohissəciyə yüklənməsini və ona azacıq mənfi elektrik yükünün verilməsini nəzərdə tutur ki, bu kod dalaqdakı dendrit hüceyrələrə, limfa düyünlərinə və sümük iliyinə yapışa bilsin.
Genetik kod deyilən yerə çatdıqdan sonra burada xərçəng molekulunun yaradılmasını “əmr edir”. Antigen adlanan bu molekuldan xərçəng hüceyrəsinin bir növ “fotorobotu” yaranmış olur. İmmun hüceyrələr bu “fotorobotla” nəyi axtarmalı olduqlarını bilirlər.
Tədqiqatın müəllifləri bildirirlər ki, yeni metod güclü T hüceyrəsi reaksiyası yaradır və bu da xərçəng şişləri ilə mübarizə üçün mühümdür.
Xərçəng hüceyrələri normal hüceyrələrə bənzəyir (BBC).