Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (11-05-2016, 11:45)
Kasıbların güman, varlıların uman yeri - qaraciyər transplantasiyası - FOTOLAR

Kasıbların güman, varlıların uman yeri - qaraciyər transplantasiyası - FOTOLAR

 

 

İnsan vücudunun ən böyük və ən mühim orqanlarından biri qaraciyər hesab olunur.
Mediatv.az xəbər verir ki, bu orqan həyatı əhəmiyyət kəsb edən funksiyaları yerinə yetirir. Qaraciyər çatışmazlığı diaqnozu qoyulan şəxslərin bu xəstəlikdən xilas olması şansı 50-60 faizə qədərdir. Qaraciyər transplantasiyası riskli əməliyyat olduğu kimi, həm də çox baha başa gələn əməliyyatdır. Əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da qaraciyər köçürülməsini gözləyən xeyli sayda xəstə var. Müalicəsi çətin və bahalı olan bu xəstəlikdən hər il dünyada minlərlə insan dünyasını dəyişir.
Əvvəlcə qaraciyər çatışmazlığının yaranmasının səbəbləri haqda...
Qaraciyər transplantasiyasına ehtiyacı olan xəstələrin sayının artmasının bir çox səbəbləri var. Ekspertlərin fikrincə, əsas səbəblər genetik xəstəliklər, zərərli adətlər, uşaq yaşlarında erkən üzə çıxan anadangəlmə xəstəliklər, ən əsası isə hepatit C nəticəsində ortaya çıxan serroz problemidir. Serroz, ilkin qaraciyər şişləri və bir sıra toksik hallar qaraciyər transplantasiyasını qaçılmaz edir. 
Qaraciyər köçürülməsinin riski
Qaraciyər köçürülməsi prosesinin təhlükəli və çətin olmasını statistika da təsdiq edir. UNOS-un (Amerika Milli Gözləmə Siyahısı) yaydığı nəticələrə görə, transplantasiya əməliyyatı gözləyən 17645 nəfər xəstənin yalnız 6000-i istədiyi orqanı əldə edərək əməliyyat olunub. Gözləmə siyahısındakı xəstələrin təxminən 50 faizi orqan transplantasiyası gözləyə-gözləyə həyatını itirib və hər gün siyahıya yeni xəstələr əlavə olunur. Qaraciyər transplantasiyası həyata keçiriən xəstələrin 20 fazi ümumi stastistikaya görə dünyasını dəyişib. İllər ötdükcə isə bu statistik göstəricilər daha da yüksəlir. ABŞ kimi bir ölkədə qaraciyər transplantasiyasından əziyyət çəkən insanların bu taleyi yaşadığını şahidlik etikdə Azərbaycanda və digər ölkələrdəki vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil.
Onu da qeyd edək ki, qaraciyər transplantasiyası mürəkkəb prosedurdur. Ümumilikdə qaraciyər vericisi olmaq üçün müraciət edən namizədlərin yalnız 20-25 faizi bütün pillələri keçərək canlı donor ola bilir.
Qaraciyər transplantasiyasının şərtləri…
Nazirlər Kabineti 2011-ci il noyabrın 17-də insan orqanları və toxumalarının transplantasiyası ilə bağlı bir neçə qərar qəbul edib. “İnsan orqan və ya toxumalarının transplantasiyası qaydaları və şərtləri”nə əsasən, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan, toxumaların donorun və ya insan meyitinin orqan və toxumaları ilə əvəz edilməsinə yol verilir.
Orqan və toxumaların transplantasiyası donorun və resipiyentin (orqan köçürülən şəxsin)  yazılı razılığı əsasında həyata keçirilir. Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir. 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi qadağan edilir.
Əgər şəxs donorluqla bağlı münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edərsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan götürülməsinə yol verilmir.
Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və ya toxumalardan isə donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozuntular yaratmayacaq miqdarda və həcmdə götürmək olar.
Mütəxəsislərin fikrincə, böyrək donorları üçün yaş həddi 18-70, qaraciyər donorları üçün isə yaş həddi 18-55 olaraq qəbul olunur.
Qaraciyərin köçürülməsi olduqca baha əməliyyatdır. Çünki qaraciyər transplantasiyası həm təhlükəlidir, həm də uyğun orqan çətinliklə tapılır. Bu əməliyyatın qiyməti isə azı 80-100 min manat arasında dəyişir. Əməliyyatın məbləği daha çox tapılan donorun tələb etdiyi qiymətə görə də dəyişir.
Azərbaycanda ilk orqan köçürülməsi əməliyyatı
Azərbaycanda ilk dəfə orqan köçürülməsi 1971-ci ildə baş tutub. Akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə 1971-ci il martın 4-də Azərbaycanda ilk dəfə xəstəyə böyrək köçürülüb. Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılıb. SSRİ dağıldıqdan sonra Azərbaycanda orqan köçürmə əməliyyatları dayandırılıb.
Müstəqil Azərbaycanda isə orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılmasına 1999-cu ildə başlanılıb. “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub. Müstəqil Azərbaycanın tarixində bir insanın orqanının başqa bir şəxsə köçürülməsi əməliyyatı 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə keçirilib. Azərbaycanda qaraciyərin köçürülməsinə isə ilk olaraq 2008-ci ildə başlanılıb.
Azərbaycanda transplantasiyanın həyata keçirildiyi xəstəxanalar
Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya görə, Azərbaycanda akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Mərkəzi Gömrük Hospitalı, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası və Respublika Diaqnostika Mərkəzində transplantasiya əməliyyatları həyata keçirilə bilər. 
Donor olmaq istəyənlərin və donor axtaranların elanları…
Qaraciyər çatışmazlığı xəstəliyindən xilas ola bilənlərin əsas hissəsi təbii ki, maddi imkanları yaxşı olanlardır. Pulu olan şəxslərin donor tapması üçün növbə gözləməsinə gərək qalmır. Bu bahalı əməliyyatda donor olmaq istəyənlərin sayı da az deyil. Müəyyən məbləğ qarşılığında donor olmaq istəyənlər hətta bu istəklərini elanlar vasitəsi ilə də açıq şəkildə bildirirlər. Azərbaycanda bəzi alqı-satqı elanlarının yerləşdirildiyi saytlarda orqanların satışı və alışı ilə bağlı reklamlara da rast gəlmək mümkündür. 
Donor alışı və satışı ilə bağlı kiçik bir araşdırma apardıqda bu cür saysız-hesabsız elanlara rast gəlmək mümkündür.
Məsələn, birja-in.az, elanlar.com, qarabazar.az kimi saytlarda maşın, ev, mebel və s. elanları ilə yanaşı donor olmaq istəyənlərin və donor axtaranların elanlarını görmək mümkündür.
Bu cür elan verən şəxslər qeyd etdikləri qısa məlumatlarda sağlam olduqlarını, tibbi yoxlanışlardan keçdiklərini, spirtli içki içmədiklərini, siqaret çəkmədiklərini qeyd edirlər. Böyrək  donoru olmaq istəyənlər məbləğ olaraq 6-10 min manat arası rəqəmlər qeyd edirlər. Qaraciyər üçün donor olanlarda isə məbləğ çox yüksək- 25, 30 hətta 80 min manata qədər də göstərilə bilir.
Bəzi  donor axtaranlar isə donor olacaq şəxsin xarici pasportunun olmasını tələb edirlər. Buna səbəb isə transplantasiya əməliyyatının Azərbaycanda yox başqa bir ölkədə həyat keçiriləcək olmasıdır.
Orqan alışı və satışı ilə bağlı elan vermək isə çox asandır. Adi qaydada saytların “elan ver” bölməsinə daxil olmaqla bu haqda məlumat yerləşdirmək mümkündür.
Satılan və alınan əsas orqanlar böyrək, qaraciyər və ilikdir.
Elanlardan birində yazılan telefon nömrəsini yerləşdirən şəxslərdən biri ilə əlaqə saxladıq. Qaraciyər donoru ola biləcəyi ilə bağlı elan verən şəxs məbləğdə razılaşa biləcəyimizi dedi. İlk olaraq bunun üçün nə qədər məbləğ istəyəcəyini soruşduq. Təxminən 25-30 yaşlarında olan şəxs işsiz olduğunu və bu günə qədər yaranan borclarını ödəmək üçün bu addımı atdığını dedi. Qiyməti isə telefonda yox, üzbəüz görüşəcəyimiz zaman deyəcəyini bildirdi. 
Bəs donor reklamı haqda qanunda nə deyilir…
Donor satışı ilə bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanununun 16-cı maddəsində deyilir: “Transplantasiyaya aid reklama qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilir”.  
Dünyada “orqan mafiyası”...
Bir çox dünya ölkələrində gizli şəkildə orqan satışı ilə məşğul olan dəstələr də var. “Orqan mafiyası” kimi tanın bu qruplaşmalar dünyanın istənilən ölkəsinə orqan satmaq imkanlarına malikdirlər. Orqan köçürmə əmliyyatlarının ən uğurlu həyata keçirildiyi və imkanlı Azərbaycan vətəndaşlarının üz tutduğu ölkələr sırasında Türkiyə və İsrailin adı daha çox hallanır. Maraqlı məqam isə xarici KİV-lərdə “qaçaq orqan satışı” və “orqan mafiyası” haqda yer alan xəbərlərdə Türkiyə və İsrail kimi ölkələrdə bu halların geniş vüsət aldığı qeyd edilir. Əsasən Fəlistin, Əfqanıstan, İraq kimi savaş gedən ölkələrdən, aclıq və səfalət içində yaşayan Afrika ölkələrindən qaçaq yollarla gətirilən insanlardan donor kimi istifadə edildiyi haqda məlumatlar da var. 
Onu da qeyd edək ki, Azərbaycanda da bir çox özəl klinikalarda da gizli şəkildə orqan köçürülməsi haqda bilgilər var. Xatırladaq ki, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Tibb Mərkəzində ukraynalı cərrahlar tərəfindən 13 Ukrayna vətəndaşının donorluğu ilə qanunsuz orqan nəqli əməliyyatlarının həyata keçirilməsi məlum olmuşdu. ABU-nun Tibb Mərkəzində keçirilən qanunsuz orqan transplantasiyası əməliyyatlarında Fransa, ABŞ, Ukrayna və İsrail vətəndaşlarının iştirakı da aşkar edilmişdi.
Musavat.com




шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024