Region (3-12-2014, 16:42)
“Əli Kərimlinin göstərişi ilə atamızı, anamızı təhqir edirlər“
Rauf Arifoğlu: "Əli Kərimliyə yaxşılıq etmək şeytana yaxşılıq etmək kimi bir şeydir"
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu "Trend"ə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Rauf bəy, sizinlə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli arasında zaman-zaman gərginlik yaşanıb və hazırda bu gərginlik daha da artıb. Sizcə, bu gərginliyin əsas səbəbləri nədir?
- Bu problemin kökü o qədər köhnədir ki, hər dəfə uzaqdan gəlmək belə adamı yorur. 1998, 1999 və 2000-ci illərdə Əli Kərimli qəzetlə bağlı dəfələrlə prokurorluğa müraciət edib, hətta bizi zorla istintaqa apartdırmaqla bağlı ərizə yazıb və bizi - Azər Ayxanı və məni polis gücünə istintaqa cəlb etdirib. O zaman da eyni şeyləri deyirdi. İndi dediklərindən az fərqlənirdi dedikləri. Amma o zaman özü deyirdi, indi öz əhatəsində olan uşaq-muşağa, bəzən qadınlara, bəzən özünü tanımayan bir sıra siyasət fəallarına eyni şeyləri dedirdir. İndi leksikon dəyişib, bizi daha ağır ifadələrlə təhqir etdirir. 1997-ci ildən başlayan konflikt davam edir. Təbii ki, arada müəyyən fasilələr olub. Misal üçün 2001-2005-ci illərdə dörd illik period olub ki, onun 17 ayını mən həbsxanada olmuşam, ondan əvvəl 2001-ci ildə onun özü üçün kritik bir vəziyyət yaranmışdı, Azərbaycan Xalq Cəbhəsi parçalanmışdı və Müsavat Partiyası da, digər partiyalar da, AMİP xaric, heç kim Əli Kərimli cinahını partiya kimi tanımırdı.
O zaman ancaq mən tanıdım, baxmayaraq ki, üzvü olduğum Müsavat Partiyası Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi fraksiyanı Xalq Cəbhəsi kimi tanıyırdı. İndi demirəm mən bunu yaxşı etmişəm, amma hər halda bu jesti etdim və bir qəzet rəhbəri olaraq mən onu Azərbaycan Xalq Cəbhəsi kimi tanıdım. İndi mənə çox minnət qoyurlar ki, vaxtilə mən Əli Kərimliyə kişi adam, mərd adam, yaxşı adam sözü demişəm. Ancaq bu, göydən düşməyib ki. Mən ona bir yaxşılıq etmişəm, partiyasını legitimləşdirmişəm, yoxsa yəqin ki, o, indi bu vəziyətdə olmazdı və o təşkilatı da onun əlindən alardılar. Belə başa düşürəm ki, ona həyatının yaxşılığını, öz həyatımın isə yanlışını yapmışam. O adam elə kateqoriyadan olan adamdır ki, ona yaxşılıq etmək şeytana yaxşılıq etmək kimi bir şeydir. Bu, artıq mənin gəldiyim son qənaətdir. Ona görə də bəyan etdim ki, əgər siz hər dəfə mənim Əli Kərimli haqında dediyim pozitiv bir fikri mənə qarşı şantaj elementi olaraq istifadə edirsinizsə, elə bil ki, hansısa dəhşətli bir səhvim kimi bunu mənə qarşı istifadə edirsinizsə, mən bundan imtina edirəm. O sözlərin müəllifi mən deyiləm? Mən illər keçəndən sonra Əli Kərimli haqqında dediklərim bütün müsbət fikirlərdən peşman olmuşam və nə demişəmsə onların qarşısına bir “na” şəkilçisi əlavə edirəm - kişi demişəmsə, o sözün qarşısına, mərd adam demişəmsə, o mərd sözünün qarşısına da. Onun haqqında dediyim bütün pozitiv sözlərin bu gün inkarını söyləmək səlahiyyətini özümdə hiss edirəm. Bu mənim sözlərimdir, mən düzəliş edə bilərəm.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu adamın psixoloji tipini açmaq bir az çətindir. Yəni illərlə qarşısındakı adamı söydürür, təhqir etdirir, onu gözdən salmağa çalışır, ancaq barış mühiti yaranan kimi, ortam yaranan kimi birinci təklifi o olur ki, gəl mənim yanımda ol. Bu da onu aydın göstərir ki, o bizim məhz belə olduğumuza görə yox, məhz onun yanında olmadığımıza görə və onun maraqlarına mane olduğumuza görə bizi sıradan çıxarmaq, yaxud öz yanında görmək istəyir. Onun da maraqlarının nədən ibarət olduğunu mənə açıq şəkildə deyib. İndi bir sıra siyasətlə az maraqlanan insanlara bu bir az qəribə gələ bilər, amma bunun illərlə marağı demokratik düşərgədə Müsavat Partiyasının liderliyini aradan qaldırmaq və özünün rəhbərlik etdiyi təşkilatın liderliyinə nail olmaqdır. Mənə açıq demişdi ki, o, hesab edir ki, Müsavat Partiyasının başqanı, indi isə keçmiş başqanı İsa Qəmbərin yanında bir neçə adam var ki, həmin adamlar İsa bəyin yanından gəlsə, İsa bəyin gücü avtomatik olaraq Əli Kərimlinin gücünə keçər. Və o, hesab edirdi ki, İsa Qəmbəri güclü göstərən “Yeni Müsavat” qəzeti, mən və digər tanınan siyasi fiqurlardır.
O, təklif etmişdi ki, biz o pozisiyanı buraxaq və Azərbaycan Xalq Cəbhəsinə keçək, hətta 2011, 2012-ci illərdə mənə birinci müavinlik təklif edib. O vaxta qədər də 4-5 il məni ardıcıl olaraq indi dediyi ifadələrlə təhqir etdirib, söydürüb, böhtan atdırıb və mən o zaman ondan soruşdum ki, sən neçə ildir məni söydürürsən, indi də deyirsən ki, gəl mənim birinci müavinim ol, “Azadlıq” qəzetinə də sən nəzarət et? Bəs mənim haqqımda olan bu qədər qara piar necə olacaq? O dedi ki, bizdə hər şey liderə bağlıdır, onun ağzına bağlıdır. Bu illər ərzində bunu sənə qarşı mən etdirmişəm, mən rəyasət heyətində də, təşkilat çərçivəsində də, ictimai rəydə də mənim adamlarımın fikirlərini dəyişməyi öz öhdəmə götürürəm. Yəni o söylədi ki, Azərbaycan Xalq Cəbhəsi camiəsi heç də Müsavat Partiyası kimi çoxfikirli deyil, demokratik prosedurlarla idarə olunmur, orada bir lider nə deyirsə, yerdə qalanlar ona inanır, onu qəbul edir və onun arxasınca gedir. O, sanki məni bütün bu şantaj kampaniyasından bir şərtlə qurtara biləcəyini açıqladı ki, mən onun yanına keçim. Bunu dəfələrlə demişəm, indiyə qədər bir dəfə də inkar etməyib ki, bu belə deyil, çünki mən bunu sübut edə bilərəm. Əgər Əli Kərimli desə ki, bu belə deyil, mən bunu çox rahat şəkildə sübut edə bilərəm və onun ilk inkarını gözləyirəm. Proses yenə davam edir. Görünür, Əli Kərimlinin Müsavat Partiyası ilə bağlı hansısa planı var və ona elə gəlir ki, Müsavat Partiyasını bölmək, parçalamaq, zəiflətmək üçün uyğun bir zamandır. Ona görə də bu cür hərəkətlərə yenidən rəvac verib və indi də hesab edir ki, qarşısında “Yeni Müsavat” qəzeti varsa, Müsavat Partiyasını parçalamaq çətin olar. Hər halda mən bunların təhlilini deyirəm. Bu, rəyasət heyətində olan təhlildir və mənim də qulağıma gəlib çatıb. Ona görə də üstümüzə gəlirlər və bu dəfə daha amansız şəkildə gəlirlər.
"Əli Kərimlinin o vaxt Elçibəyə qarşı muzdlu yazarlar dəstəsi var idi"
- Rauf bəy, qeyd etdiyiniz kimi, artıq uzun müddətdir ki, sizə qarşı bu kampaniya aparılır. Sizcə, bunun bir sonu varmı?
- Bu, mənəvi terrordur. Ölkənin müstəqil bir qəzetinə qarşı mənəvi terrordur. Bilirsiniz ki, Əli Kərimli “Azad Akif” imzası ilə sistematik məqalələr yazır. Onu özü yazır və mənə bu barədə özü etiraf edib ki, əksər baş məqalələri onun özü yazır. Çünki ətrafında yazacaq adamı qalmayıb. Orada etiraf edir ki, doğrudan da “Yeni Müsavat” qəzeti ilə Əli Kərimlinin mübarizəsi 97-ci ilə dayanır və o vaxt da biz bunu tənqid etmişik və bu da cavabını verib. Əslində bu böyük etirafdır. Yəni bir qəzet redaktoru və qəzet redaksiyası ilə bu qədər uzun müddət dava aparmaq bir xəstəliyin təzahürüdür. Adama deyərlər, qəzetdən xoşun gəlmir, alma, oxuma, saytına baxma. Öz əlində qəzetin var, heç opponentlik də etmə, reaksiya vermə, öz xəttini apar, xəstə zadsan? Özünə niyə əziyyət verirsən? Manyaksan? Amma inanıram ki, bizi bu qədər söyə-söyə, təhqir edə-edə hər dəqiqə Əli Kərimli bizim sayta, bizim yazılara baxır, qeydlər aparır və cavab verir. Yəni bir insanın bu dərəcədə manyakal xəstəliyə düçar olması eyni zamanda bir vətəndaş olaraq məni incidir ki, mənim vətəndaşım niyə bu gündədir. Belə bir xəstə adamın ətrafına yığışan şəxslər təbii ki, zombiləşmiş dəstə ola bilər. Siz təsəvvür edin, 17 il əvvəl bu proses başlayanda Əli Kərimlinin ətrafında olan, bizi söyən adamların əksəriyyəti onun yanından gediblər, düşərgələrini dəyişiblər, qəzetlərini dəyişiblər, yeni partiya qurublar, amma Əli Kərimlinin bu manyakal təqibi dəyişməyib. İndi yeni-yeni adamlar tapır. 17 il əvvəl mənə qarşı, qəzetə qarşı başlatdığı bu proses zamanı uşaq olan Azərbaycan vətəndaşlarının bir qismini indi yanına çəkib, onları üstümə gətirir. Onların çoxu məni heç bir dəfə də vizual olaraq görməyib, amma Əli Kərimlinin göstərişi ilə sosial şəbəkələrdə atamızı, anamızı təhqir edirlər. Mən də hər zaman Əli Kərimlinin atasına, anasına cansağlığı arzulayıram, uzun ömür arzulayıram. Buna baxmayaraq, onlara cavab vermək hüququnu da özümdə saxlayıram. Mənim kimsənin valideynləri ilə işim yoxdur. Mənim işim Əli Kərimlinin özü ilədir ki, o, Azərbaycan siyasətinin bəlasıdır, qara yarasıdır, o bu siyasəti, media mühitini çirkləndirir. Əli Kərimli “Azadlıq” qəzetini bir divar qəzeti kimi, bir silah kimi öz nəzarətində kimi saxlayır. Bu da Leninizmdən, Marksizmdən gələn bir xəstəlikdir.
- Rauf bəy, siz qəzet redaktoru olmaqla yanaşı, həm də uzun illərdir ki, siyasi proseslərin içindəsiniz. Əli Kərimlinin lideri olmuş Əbülfəz Elçibəyə xəyanət etdiyi barədə fikirlər indiyə qədər səsləndirilir. Siz bu barədə nə deyə bilərsiniz?
- Bu barədə faktlarla çox yazmışıq. Əli Kərimli Elçibəyə nəinki xəyanət edib, Elçibəy haqqında "qara piar" kampaniyası aparıb, yazılar yazdırıb. O vaxt onun muzdlu yazarlar dəstəsi var idi və o zaman siyasi liderlərdən əsas hədəf Əbülfəz Elçibəy idi. Əli Kərimli yanında olduğu, liderim dediyi şəxsə qarşı gizli "qara piar" kampaniyası aparıb, onun arxasından onu xəncərliyib, satıb. Əbülfəz Elçibəy haqqında "qara piar" kampaniyasının izləri o qədər böyükdür ki, hətta biz bunlarn hamısını çap etmişik. Faktlar ortadadır. Əbülfəz Elçibəyə həyatında ən ağır ləkələri, ən ağır sözləri Əli Kərimli yazdırıb və söylədib.
"Əli Kərimlinin Azərbaycan siyasətindən getməsi çox mühümdür"
- Milli Şuranın uğursuzluğunda Əli Kərimlinin rolu haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Milli Şura qüsurlu bir layihə idi və Azərbaycan müxalifəti tarixində ilk dəfə olaraq yad bir paytaxtda qurulmuş ideya nəticəsində ortaya çıxan bir təşkilat idi. Söhbət Moskvadan gedir. Bu, Moskvada yaradılmışdı və Bakıya transfer edilmişdi. Çox şübhəli bir qurum idi və arxasında şübhəli qüvvələr var idi. Bu barədə məndə məlumat olduğu üçün mən o təşkilata yaxın getmədim. Rüstəm İbrahimbəyov mətbuatda mənə, Pənah Hüseynə, Hacı İlqar İbrahimoğluna şəxsən müraciət etib bizim də oraya qatılmağımızı istəsə də, biz qatılmadıq. Mən bu təşkilatın boş bir təşkilat olacağını, fiksiya olacağını, heç bir nəticə verməyəcəyini, bir fəlakətlə nəticələnəcəyini əvvəldən yazmışdım və belə də oldu. Təkcə Milli Şura nümunəsi göstərdi ki, bir çoxlarından fərqli olaraq, mənim siyasi proseslərdən az-çox başım çıxır və bu təşkilatın sonunun olmayacağı proqnozunu da əvvəlcədən vermişdim. Əli Kərimli üçün isə Milli Şura bir çıxış nöqtəsi kimi oldu. Kiçik, azhəcmli çevrəsini böyütmək təşəbbüsü göstərdi, sonra Milli Şuranın indiki sədri Cəmil Həsənlini öz yanına, çevrəsinə qaytarmaq fürsəti əldə etdi. Onun bir sıra dividendləri oldu. Amma harada ki Əli Kərimlinin xeyri və dividendləri var, o yerdə Azərbaycan xalqı uduzur. Artıq illərdir ki, belədir və bu nümunədə də belə oldu, Azərbaycan müxalifəti, demokratik düşərgəsi ağır bir məğlubiyyət yaşadı və bu məğlubiyyət bərpa olunmayacaq bir məğlubiyyətdir. Yanlış Milli Şura modelinin ortaya çıxmasında əsas rolu oynayanlardan biri də Əli Kərimli oldu və Azərbaycan demokratik düşərgəsinin indi bu dərəcədə bərbad, darmadağın, ümidsiz və toparlanması qeyri-mümkün olan, yaxud da çox çətin olan vəziyyətə düşməsində Əli Kərimlinin böyük xidmətləri var.
-Artıq İsa Qəmbər Müsavat Partiyası başqanlığından getdi. Artıq Əli Kərimli də AXCP sədrliyi postunu təhvil verməli deylmi?
- Əli Kərimli elə bir tipdir ki, o, xoşluqla heç hara gedən deyil. Bu təşkilat onun var olma yeridir, səbəbidir, xəstə təfəkkürünü ifadə etmə imkanıdır. Əli Kərimlinin Azərbaycan siyasətindən getməsi çox mühümdür, çox vacibdir. Əgər o getməsə, demokratik düşərgə bir araya gələ bilməyəcək, vahid nöqtəni tapa bilməyəcək. Bu adam neçə illərdir imkan vermir ki, Azərbaycan müxalifəti bir araya gəlsin. Bu, dağıdıcı, çirkləndirici bir elementdir. Onun siyasətdən getməsi fiziki olaraq yaşadığı dövrdə mümkün olmadığı üçün onu kiçiltmək lazımdır, onun ətrafının başqa qurumlara transfer edilməsinə ehtiyac var. Yəni ətrafında zəhərlədiyi adamların sayı nə qədər az olsa, bir o qədər yaxşıdır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024