Region / Slayd (1-12-2014, 21:06)
Aydın Abbasov: “Biz atamızdan hər zaman qorxmuşuq, indi də qorxuruq”- MÜSAHİBƏ
“Abbas Abbasov 10 aya yaxındır Azərbaycana gəlmir”
Modern.az saytında “Pəncərə” layihəsinin növbəti qonağı baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu, deputat Aydın Abbasovdur.
- Uzun müddətdir sizdən müsahibə götürmək istəyimiz baş tutmurdu. Mətbuatla ünsiyyətdən yayınmağınızın səbəbi nədir?
- Əvvəla, bu gün məndən müsahibə götürdüyünüzə görə sizə və sizin sayta təşəkkür edirəm. Mətbuatdan qaçmağıma gəldikdə, bu heç də elə deyil. Mən müsahibə verməkdən çəkinən adam deyiləm. Sadəcə, üzdə olmaq istəmirəm.
- Amma Gəncə şəhərinin deputatı olaraq seçicilərinizlə tez-tez görüşürsünüz. Ümumiyyətlə, bu gün Gəncədən sizə edilən şikayətlərin sayı azalıbmı?
- Əvvəllər qaz, elektrik, kanalizasiya, yeni yolların çəkilməsi kimi şikayətlər çox idi. İndi demək olar ki, azalıb. Onu da deyim ki, Gəncə şəhərində görülən sürətli işlər mənim deputat seçilməyimlə bağlı deyil. Bu, birbaşa ölkədə gedən sürətli inkişafla bağlıdır. Ölkə başçısı hörmətli İlham Əliyevin Azərbaycanda apardığı siyasətin nəticəsidir. Bildiyiniz kimi, dövlət proqramları var. Həmin dövlət proqramları mərhələli həyata keçirilir.
İkincisi, mən gəncəliyəm və Gəncə şəhərində anadan olmuşam. Gəncə ilə bağlı fəaliyyətim deputat olmaqla bərabər, həm də gəncəli olmağımla əlaqədardır. Gəncədə çoxsaylı qohumlarım var. Hər iki tərəfdən bütün nəslimizin nümayəndələri Gəncədə yaşayır. Ona görə də Gəncə şəhərinə həm sakinlərlə, həm də qohumlarımla görüşməyə tez-tez gedirəm.
- Deyəsən, Gəncədə doğulsanız da bir gün də olsun bu qədim şəhərdə yaşamamısınız?
- Elə deyil. Orta məktəbə Özbəkistanda getmişəm. 9-cu sinfə qədər orada oxumuşam, 10-11-ci sinfi Bakı şəhərində bitirmişəm. O zamanlar ailəm Özbəkistanda yaşayırdı. Ona görə də həyatımı 3 mərhələyə bölmək olar. Birincisi özümü tanıyan mərhələdir, yəni birinci sinfə gedən mərhələ. Bu da Özbəkistanla bağlıdır. Ondan sonra biz Azərbaycana köçmüşük. Həmin dövr Azərbaycanda siyasi problemlər tüğyan edirdi. Qarabağ məsələsinin başlanğıc dövrü idi. SSRİ dağılmışdı, daxildə hakimiyyətsizlik mövcud idi. Yeniyetməlik dövrümü Azərbaycanda başa vurduqdan sonra Avropada təhsil almağa başladım. Bununla da həyatımın ikinci mərhələsi başa çatdı. Həyatımın üçüncü mərhələsi isə Gəncəyə bağlılığımın əsas məqamlarından biri – Gəncədən deputat seçilməyimdir. Gəncədə doğulmağıma baxmayaraq, orada yaşamamışam. Amma bütün yay tətilini Gəncədə keçirmişəm. Bəzi insanlar təəccüblə deyir: “Sən Gəncədə yaşamamısan, amma Gəncənin bütün küçələrini, məhəllələrini, orada yaşayan insanları, onların ləqəbini belə, bilirsən”. Ona görə ki, zamanında Gəncədə çox vaxt keçirmişəm. Mən Gəncəni doğrudan da çox sevirəm. Gəncə Azərbaycanın gözəl guşələrindən biridir. Gəncədə hər zaman xalqına, millətinə bağlı olan insanlar olub və indi də var. Gəncədə dövlətçilik mühiti ta qədimdən mövcud olub. Ona görə də mənim Gəncəyə bağlılığımın əsas səbəbi birinci gəncəli olmağım, ikincisi ordan deputat seçilməyim, üçüncüsü isə Gəncəni çox sevdiyimdəndir. Çox xoşbəxtəm ki, həyatımın son 10 ili Gəncə ilə bağlıdır.
- Deyirlər ki, Gəncədən olan deputatlar bir-birilə yola getmir. Hətta Gəncənin icra hakimiyyəti başçısı ilə gəncəli deputatların münasibətlərinizin soyuq olduğu da söylənilir. Bu iddialar nə dərəcədə doğrudur?
- Gəncədən mənimlə bərabər 4 deputatıq. Bizim aramızda heç bir gərgin münasibət yoxdur. Gəncə deputatlarını bir-birinə bağlayan çox vacib amillər var. Gəncə şəhərinə, parlamentə və Gəncə şəhərindən olan sakinlərə vəkillik eləmək. Ona görə də Gəncədən olan deputatlar arasında bölüşmədiyimiz məqamlar ola bilməz. Hər birimizin arasında bir-birimizə qarşı hörmət var. Gəncə şəhərinin icra başçısı ilə də münasibətlər işgüzar səviyyədədir. Sizin eşitdiyiniz bu cür xəbərlər ancaq provakasiya xarakterli ola bilər. Hansısa deputatla hansısa regionun icra başçısı arasında ziddiyyət ola bilər. Bunu inkar etmirəm. Amma belə ziddiyyət mənimlə Gəncənin icra başçısı arasında mövcud deyil. Gəncənin icra başçısı Gəncədən seçilən deputatlara çox böyük hörmətlə yanaşır. Təbii ki, bizim hamımızın işi xalqa kömək etməkdir.
- Ailədə 4 qardaşsınız. Eşitdiyimizə görə, sizin ailə biznesinizi qardaşlarınızdan biri idarə edir. Bəs, nəyə görə böyük qardaş olaraq ailə biznesinizi siz idarə etmirsiniz?
- Əvvəla, qardaşlarım yüksək mədəniyyətə malikdirlər. Qardaşımın biri Xarici İşlər Nazirliyində çalışır. O biri qardaşım Serbiyada fəaliyyət göstərir, sonuncu qardaşım isə Türkiyədədir. O da böyük şirkətlərin birində müdir müavini vəzifəsində çalışır. Bizim ailədə bir nəfər bizneslə məşğuldur. O da Abbas Abbasovdur. O, istefaya gedəndən sonra bizneslə məşğul olmağa başlayıb.
- Hər bir tanınmış adam haqqında yaxşı-pis nəsə yazırlar. Sizinlə bir neçə dəfə telefonla danışsaq da, fikirlərinizi mətbuatda dərc etməmişik. Hər halda, Abbasovlar ailəsinin tez-tez mətbuat vasitəsilə gündəmə gəlməsi sirr deyil. Ümumiyyətlə, mətbuatda yazılanlara heç vaxt reaksiya vermirsiniz. Bu nə ilə bağlıdır?
- KİV-in vəzifəsi nədənsə, kimdənsə yazmaqdır. Kimsə buna qarışa bilməz. Yəni anlayışı olan insan qarışmaz. KİV-dən inciməyə də dəyməz. Birisi haqqında kiminsə sifarişi ilə iş görür, onun haqqında yazır. Mənə elə gəlir ki, bu cür hallar mərdlikdən kənardır. Kiminsə ailəsi haqqında yazmaq Azərbaycan xalqına xas olan tərbiyə deyil. Bunu kişi olaraq qəbul etmirəm. Hətta fikirləşə bilmirəm ki, kiminsə haqqında kimisə vurmaq üçün yazı yazdıra bilərəm. Yenə deyirəm, bu cür yazılar provakasiya meylli yazılardır. Əgər bunu edənlər varsa, KİV-lər nə istəyirlərsə yazsınlar.
- Sizi mətbuat səhifələrində yazılanlar narahat etmir?
- Əvvəllər narahat edirdi, indi isə yox. Ortada bir həqiqət var. O da ondan ibarətdir ki, bizim ailədə hər zaman dövlətçilik amillərinə sadiq qalan insanlar olub. Bunun da çox böyük göstəricisi var, o da bizim atamızdır. O uzun zamanlar bu ölkədə ulu öndərin rəhbərliyi altında fəaliyyət göstərib. Son illər isə cənab prezidentlə işlədilər. Atam istefaya gedəndə cənab prezident onu “İstiqlal” ordeni ilə təltif edib. “İstiqlal” ordeni boş fəaliyyətə görə verilmir. Bu bizim ailəyə möhtərəm prezidentin qiymətidir. Bu qiymətdən sonra kiminsə sifariş etdirib nəsə yazdırması dövlət başçısının verdiyi qiymətlə müqayisədə heç nədir.
- Dediyiniz provakasiya xarakterli yazılar ola bilərmi ki, Abbas Abbasovun Rusiyadakı fəaliyyəti ilə bağlıdır?
- Düzünü desəm, özümü tanıdığım və Azərbaycanda yaşadığım gündən bəri atam haqqında həmişə nəsə yazıblar. Hətta atamı dövrün ən ağır cinayətlərindən olan insan oğurluğunda da ittiham ediblər. Bunlar heç zaman təsdiqlənə bilməz. Çünki belə fakt olmayıb və olmayacaq. Sadəcə olaraq, Abbas müəllim çox enerjili insandır. Vəzifəsinə görə çox böyük səlahiyyətlər almış insandır. Hesab edirəm ki, ulu öndər və cənab prezident mənim atama zamanında çox yüksək və məsuliyyətli vəzifələri tapşırdığına görə ola bilsin ki, bu, bəzi adamların xoşuna gəlməsin. Buna görə də onu gözdən salmağa çalışırlar. Azərbaycanın “İstiqlal”ından yüksək nə ola bilər?! Bu bizim qürur mənbəyimizdir. Biz bununla hər zaman fəxr edəcəyik. Çünki atamız müstəqil ölkədə yaşayıb və dövlət qulluğunda olub. Bu mükafatı almaq hər kəsə nəsib olmur.
- Abbas müəllim Azərbaycanda yaşamır. Azərbaycan mətbuatında haqqında yazılanlara özünün reaksiyası da maraqlıdır. Abbas müəllim yaşlı insandır. Yaşlı insanlar kövrək olurlar. Hər bir kəlmə onlara toxunur…
- Abbas müəllim yaşlı deyil axı. Cəmi 65 yaşı var.
- Hər halda, 45-lə 65 yaş arasında böyük fərq var…
- Xahiş edirəm, mənim atamı qocaltmayın (gülür). Ümumiyyətlə, bizim ailədə belə söhbətlərimiz olmayıb. Sadəcə olaraq, bir dəfə qısa söhbət etmişik. O zaman mən Türkiyədə ezamiyyətdə olduğumdan hadisələrdən xəbərim yox idi və eşidəndə təəccüblənmişdim. İki dəqiqəlik söhbət zamanı atam dedi ki, boş şeylərdir, fikir vermə. Vəssalam.
Biz bir-birimizlə məsafə olaraq çox uzaqdayıq. Çox nadir hallarda görüşürük. Adətən, telefon söhbəti zamanı hal-əhval tuturuq. Atama 10 aya yaxındır Azərbaycana gəlmir. Qardaşlarım müxtəlif ölkələrdə yaşadığından atamın getdiyi yerlər də müxtəlif olur. Bu yaxınlarda səkkizinci nəvəsi dünyaya gəlib. Onun yanına gedir. 2 nəvəsi Türkiyədə, 3 nəvəsi Belqradda yaşayır. Mənim oğlum isə atamın ən böyük nəvəsidir.
- Bir övladınız var, Allah saxlasın. Neçə yaşı var?
- Oğlumun 17 yaşı var. O, çox düşüncəli və tərbiyəlidir. Oğlum olduğuna görə demirəm. Doğrudan da çox sevinirəm ki, Azərbaycanda yetişən və böyüyən gənclər adət-ənənələrimizə sadiqdirlər. Ən vacib olan öz ana dillərini mükəmməl bilmələridir. Onunla bərabər xarici dillərə də meyl göstərirlər. Bizdən fərqli olaraq indiki gənclər həm iqtisadiyyata, həm siyasətə, həm də bütün sahələrə maraqları var. Eyni zamanda, yeni texnologiyalara da meylləri daha çoxdur. Ona görə gənclərin düşüncə tərzi A nöqtəsindən B nöqtəsinə qədər daha sürətlə çatır. Ola bilsin ki bizim təfəkkürümüzdə sovet düşüncəsi var. İndiki gənclər isə çox fərqli düşünür.
- Ata-oğul arasında dostluq necə qurulub?
- Sizə bir söz deyim. Oğlum uşaq olandan mənə “Aydın” deyə müraciət edib. Biz isə atamıza “papa” deyə müraciət etmişik. Ola bilsin ki, oğlum babasının ilk nəvəsidir deyə, baxıb mənə düşünüb ki, bu elə uşaqdır da, elə Aydın deyim. Həmişə nədənsə söhbət edəndə deyir: “Hər şey yaxşı olacaq, narahat olmayın”.
- Maşallah, özünüz gənc olsanız da, 17 yaşlı oğlunuz var. Maraqlıdır, oğlunuzun tərbiyəsi ilə ailədə kim daha çox məşğul olur?
- Belə qənaətə gəlmişəm ki, bizim ikimizin də tərbiyəmizlə həyat yoldaşım məşğul olub. Çünki ikimiz də bir yerdə böyümüşük (gülür).
- Kənardan sizi müşahidə edəndə adət-ənənələrə bağlı olduğunuz sezilir. Ümumiyyətlə, Abbas Abbasovun ailəsində böyüyən uşaqların tərbiyəsi ilə kim məşğul olub?
- Bizim ailədə ən vacib məqamlardan biri Azərbaycan dilində danışmaqdan ibarət olub. Özbəkistanda yaşasaq da həm atam, həm də anam evdə Azərbaycan dilində danışıb. Azərbaycana köçəndə Bakı şəhərində o zamanlar rusdillilər çox idi. Özbəkistanda rus məktəbində oxusam da, Azərbaycana gələndə gördüm ki, burdakı rus dili Özbəkistandakı rus dilindən danışıq tərzinə görə daha fərqlidir. Biz Azərbaycana köçəndən sonra rus dilini daha mükəmməl öyrənməyə başladıq. Ailədə əsas məqamlardan biri o idi ki, biz türk, azərbaycanlı və müsəlman olduğumuzu bilirdik. Ana dilimizi və adət-ənənlərimizi də bilməli idik. Hər il Novruz bayramını böyük sevgilə keçirirdik. Özbəkistanda yaşadığımız zaman özbəklər Novruz bayramını keçirmirdi. Bizim ailədə milli ənənələrimizə bağlılıq olub. Özbəkistanda 80 minə yaxın soydaşımız yaşayırdı. Özbəkistanda yaşayanda azərbaycanlıları tanıyırdıq. Bu gün Özbəkistanda yaşayan azərbaycanlıların bəzilərini gənc yaşlarımdan tanıyıram. Özbəkistanda azərbaycançılıq ideyası hər zaman yüksək olub. Orada yaşayan azərbaycanlılarla yanaşı, özbəklər də ilk növbədə ulu öndərə hörmət və sevgiylə yanaşırdılar. Özbəkistandakı keçmiş səfirimiz Aydın Əzimbəyov da zamanında yüksək vəzifələr tutmuş insan idi. Bu cür azərbaycanlılar Özbəkistanda yaşayıb və fəaliyyət göstərib.
- Abbas Abbasov ailədə 4 oğul böyüdüb. Maraqlıdır, Abbas müəllim oğlanlarına qarşı sərt olubmu?
- Atam bizə qarşı çox əzmkar və sərt olub. Yalandan deməyəcəm. Biz atamızdan hər zaman yaxşı mənada qorxmuşuq. Bu gün də qorxuruq. Təhsil almaq məsələsində bizə öz nəsihətlərini verib. Amma ailə qurmaq məsələlərində atam demokrat kimi davranıb. Oğlanlarının sevib ailə qurmaq işlərinə qarışmayıb. Məsələn, mən 18 yaşımda ailə həyatı qurmuşam. Qardaşlarım gec ailə qurublar. Belə bir deyim var: “Bir tez evlənən, bir də tez yuxudan oyanan udur”. 18 yaşında adam yuxudan erkən durmaq istəmir. Ona görə də evlənmək məsləhətdir (gülür). Yoldaşımın anası gəncəlidir, atası qarabağlıdır.
- 2015-ci il parlament seçkiləri keçiriləcək. Yenidən deputat olmaq üçün mübarizəyə qoşulmaq fikriniz varmı?
- Deputat olmaq çox şərəfli işdir. Eyni zamanda, çox böyük məsuliyyət tələb edir. Hər zaman seçicilərimin təşəbbüs qrupunun və mənim deputat olmaq istəməyimi istəyən insanların fikirlərinə arxalanmışam. Düşünürəm ki, bu məsələ ilə bağlı danışmaq hələ tezdir.
- Əgər deputat seçilməsəniz, özünüzü hansı sahədə görmək istəyərsiniz?
- Özümü görmək istədiyim çox işlər var. Vətənini və xalqını sevən birisi olaraq özümü hər zaman əsgər və zabit kimi görmüşəm. Allah qismət etdi ki, mən hərbi xidmətimi də çəkdim. Hərbi xidmətimi mərkəzdə yox, qərb bölgəsində keçmişəm.
- 17 yaşlı oğlunuz artıq seçim etmək mərhələsindədir. Oğlunuz təsadüfən deputat olmaq istəmir ki?
- Oğlum həm hərbçi, həm də iqtisadçı olmaq istəyir. Daha çox hərbi akademiyaya daxil olmaq, orada oxumaq istəyir. Oğlum yaşında olanda mən nə istədiyimi bilirdim. O yaşda həm də evlənmək istəyirdim. Amma oğlum evlənmək istəmir.
- Hər hansı elmi iş yazmaq fikriniz varmı?
- Fikrim var və bu haqda geniş düşünürəm. Ola bilsin ki, ictimaiyyətə lazım ola biləcək işlə də məşğul olum. Düşünürəm ki, 2 ilə bu işlər qaydasına düşəcək.
- Hər bir insanın maraqlı hobbisi olur. Kimi şahmatı çox sevir, kimi futbolu, kimi də pul kolleksiyası yığmağı. Sirr deyilsə, sizin hobbiniz nədir?
- Təbii ki, sevimli hobbim var. O, motosikletlərə olan sevgidir. Motosikletlərə sevgim 3-4 il bundan qabaq yaranıb. Həmin vaxtlar həyatımda böyük bir xoşagəlməz hal yaşandı. Motosikletlərə həvəs ondan irəli gələn məsələ idi. Çünki məndə bir az adrenalin çatışmırdı. Artıq elə bir məqam çatmışdı ki, ciddi problemlər var idi. Təbii ki, hər bir insanın həyatında belə məqamlar olur. Həmin dövrün 3-4 ayını ancaq motosiket və baykerlərlə bağlı ədəbiyyatı oxudum. O dövrdən çıxandan sonra dərhal gedib treninq keçdim. Sonra özümə motosiklet aldım. Amma çoxdandır motosiklet sürmürəm.
- Motosiklet kolleksiyası yığmağı düşünürsünüzmü?
- Sadəcə, 3-4 motosikletim var. Əsas üstünlüyü Harley-Davidsona verirəm. Bir müddət əvvəl mətbuat yazmışdı ki, Aydın Abbasov 100 minə motosiklet alıb. Onu 1 milyona, hətta 5 milyona da almaq olar. Baxır sənin imkanına və onu almaq niyyətinə. Mənim 100 minlik motosikletim yoxdur. Hətta Azərbaycana 100 minlik marka gəlməyib.
- Bəs oğlunuzun hansısa maraqlı məşğuliyyəti varmı?
- Oğlum daha çox futbolu sevir. Güləşə də gedir. Güləş həm də bizim ailədə mövcud olan genetik idman növüdür. Atam da sərbəst güləşçidir. Mən də güləşmişəm. Güləş Federasiyasının vitse-prezidentiyəm. Qardaşlarım da güləşlə məşğul olur. Oğlum isə həm futbol, həm də güləşlə maraqlanır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024