Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (17-07-2014, 18:25)
“Abbas Abbasov öz cibinə işləyirdi” – Müsahibə

 

“Siz elə bilirsiniz ki, Putinin komandasında onun kim olduğunu bilmirlər?” 

 

Orta-statistik azərbaycanlı bu gün ölkəmizi diaspor təşkilatları adı altında kimin təmsil etməsini bilmir, amma milyonlarla azərbaycanlının Rusiyada çörək qazandığını nəzərə alsaq, orada diasporumuzun nə ilə məşğul olduğu maraqlıdır. Rusiyadakı diasporumuzun liderlərindən biri Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovdur. Rusiya mətbuatını izləsək, görərik ki, mətbuat onun diaspor fəaliyyətindən daha çox biznesindən, obyektlərindən yazır. O, istefadan sonra, siyasət səhnəsində yalnız ölkəmizdəki son prezident seçkiləri ərəfəsində göründü. Moskvada yaranan “Milyarderlər klubu”nun ən üzdə olan şəxslərindən biri elə Abbas Abbasov oldu. Bir zamanlar azərbaycanlılar hesab edirdilər ki, Vladimir Jirinovskinin azərbaycanlıları təhqir etməsinə Moskvada nüfuzu olan Abbas Abbasov cavab verməlidir, amma o susurdu.  “Mediatv.az” xəbər verir ki, “Bizim Yol” Rusiyada azərbaycanlılara olan təzyiqlər və diasporumuzun fəaliyyəti ilə bağlı tanınmış yazıçı-publisist, Azərbaycan diasporu və onun fəaliyyəti, həmçinin Rusiyada yaşayan həmvətənlərimizin problemləri ilə yaxından tanış olan Aleksandr Fomenkovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik: 

- Cənab Fomenkov, Siz Azərbaycan və azərbaycanlılarla yaxşı tanışsınız. Xüsusən də diaspor nümayəndələri ilə. Bir zamanlar bizdə Abbas Abbasovu ən azı Rusiya ilə Azərbaycan arasında körpü salmağa qadir bir şəxs kimi görürdülər. İndiki mənzərə necə görünür?

- Mən sizin yerinizə olsaydım, Abbas Abbasovu belə epitetlərlə qiymətləndirməzdim. Əgər kimsə onu Azərbaycan-Rusiya arasında körpü salmağı bacaran şəxs hesab edirdisə, inanın mənə, həmin müddətdə ölkələrimiz arasında bu körpü çox zəif idi. 1993-2003-cü illərdə Abbas Abbasov digər dövlət vəzifələri ilə yanaşı, Rusiya ilə iqtisadi əlaqələr daimi dövlət komissiyasının sədri idi. O illərdə iqtisadi əlaqələrimiz heç də yaxşı deyildi. 

Yadımdadır, 2000-ci illərin əvvəllərində mən SSRİ vaxtında Bakı ilə Taqanroq arasında mövcud olmuş mədəni, iqtisadi və digər əlaqələrin  bərpası uğrunda çalışırdım. O zaman Bakı Şəhər İcra Hakimiyyətinin beynəlxalq şöbəsinin əməkdaşlarından biri dedi ki, paytaxtınızın Rusiyanın bir çox şəhərləri ilə müxtəlif əlaqələr barədə müqavilələri var, amma bunlar işləmir. O zaman biz çətinliklə də olsa - 2002-ci ilin yayında Bakı-Taqanroq arasında əlaqələrin bərpasına hökumətlər səviyyəsində razılıq ala bildik, amma təəssüf ki, heç bir sənəd imzalanmadı. Səbəb Taqanroq merinin öldürülməsi idi. Sonradan biz bu layihəni reallaşdıra bildik. Abbas Abbasovun bundan heç xəbəri belə yox idi. Fevralın 25-i 2013-cü ildə Moskvada “Prezident otel”də Xocalı ilə bağlı keçirilən tədbirin sonunda Abbasovun özü mənə belə də dedi.  O zaman Abbas Abbasov Azərbaycanın cibindən çox, öz cibinə işləyirdi. Sizin orqanlar Rusiyadakı həmkarlarına Abbas Abbasovun və qohumlarının o zaman Rusiyada aldıqları mülkiyyətlər barədə sorğu göndərə bilər. O zaman görərsiniz ki, mən səhv etmirəm. 

- Bu gün onun bu iki ölkənin münasibətlərində hansısa rolu varmı? Və əslində Abbasov daha çox hansı dövləti təmsil edir?

- Onun Azərbaycan-Rusiya münasibətlərində indiki rolu barədə isə onu deyə bilərəm ki, bu, istənilən avantüristin oynayacağı roldur. Rusiya ilə münasibətlərin yaxşılaşdırılması ilə məşğul olan bir adam Xocalı ilə bağlı tədbirdə deyir ki, o zaman anasından pul istəyib ki, Rusiya vertolyotçularına versin ki, onlar da ermənilər tərəfindən pis hala salınan meyitləri çıxarsınlar. Bu sözləri eşidən hansı azərbaycanlı ruslara qarşı müsbət münasibət bəsləyər? 

Daha sonra deyirdi ki, biz - azərbaycanlılar Putinə səs vermişik və o, bizim tələblərimizi yerinə yetirməyə borcludur. O bu fikri elə ustalıqla dedi ki, istənilən zaman lazım olarsa, düzgün başa düşülmədiyini deyər və arxasından qaça bilərdi. 

Abbas Abbasov hesab edirəm ki, bu gün heç bir ölkəni təmsil etmir  - nə Azərbaycanı, nə də Rusiyanı. O, Rusiyanı təmsil edə bilməz. İndi Abbasov periodik olaraq, Rusiya vətəndaşlığı olan azərbaycanlılar adından bəyanatlar verməklə məşğuldur. Onun buna nə ixtiyarı çatır? Mən bu barədə dəfələrlə Rusiya hökumət orqanlarına yazsam da, reaksiya yoxdur. Mən başa düşmürəm, Abbas Abbasov necə “AzərRos”un ağsaqqallar şurasının sədri ola bilər ki, bu qurumun nizamnaməsində Rusiya vətəndaşlığı məsələsi dəqiq şəkildə öz əksini tapıb? Axı o, Rusiya vətəndaşı deyil.

- Azərbaycanda Abbas Abbasovu Rusiyanın adamı kimi qələmə verirlər. Bəs Rusiyada onu Azərbaycanın adamı sayırlarmı? 

- Axı “AzərRos”da yığılan azərbaycanlılardan və bir sıra çirkli işlərlə məşğul olan bəzi Rusiya məmurlarından başqa, o, Rusiyada kimə lazımdır? Siz elə bilirsiniz ki, Putinin komandasında onun kim olduğunu bilmirlər? O, Rusiyadakı azərbaycanlılara deyir ki, guya Kremldə sıx əlaqələri var, Kremldə isə deyir ki, az qala bütün Azərbaycan diasporuna nəzarət edir. Ola bilər ki, müəyyən azərbaycanlılar onun liderliyini qəbul edirlər. Onu bəyənməyənlərin isə yanına 3-4 güləşçi göndərmək olar ki, problemlər həll olunsun. 

Rusiya rəhbərliyi onun kimliyini gözəl başa düşür. Sadəcə olaraq, Rusiya hökuməti hələ ki diaspor təşkilatları ilə yeni müstəvidə əlaqələr qura bilməyib. Bəlkə də Ukrayna hadisələrindən sonra bunlar başa düşəcəklər ki, diaspor ilə iş üçün başqa vasitələri seçmək lazımdır. 

Sizin Diaspor Komitəsi və Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi yaxşı işləyir, amma orada yaşayan aşağı təbəqəli azərbaycanlılarla işlərə də diqqət yetirmək lazımdır. Biryulevo hadisələri bir daha sübut edir ki, bu təbəqə ilə iş nə qədər önəmlidir. 

Mən bir zamanlar sizin gözəl şairiniz Nəbi Xəzrinin məsləhətinə qulaq asmadığım üçün peşmanam. O mənə Diaspor Komitəsinin sədri Nazim İbrahimovla əlaqə saxlamağı məsləhət görmüşdü. O zaman bunu etsəydim, indi xalqlarımız arasında əməkdaşlıq sahəsində daha böyük işlər görülmüşdü. Amma Nəbi Xəzrinin sözlərinə diqqətlə qulaq asdım. Bir gün ondan soruşdum ki, “Nəbi müəllim, mənə Bakıdan bəzi insanlar deyir ki, get Abbas Abbasovla görüş, o, sənin maraqlandığın məsələlərin həlli ilə məşğuldur hökumətdə. Gedim?”. Nəbi Xəzri mənə elə baxdı ki, baxışlarından hər şeyi başa düşdüm. Axı mən də yaradıcı adamam. 

- Azərbaycandakı son prezident seçkiləri ərəfəsində Rusiyada “Milyarderlər ittifaqı” yarandı. Onların üzdə olan nümayəndələrindən biri də Abbas Abbasov idi. Sizcə, onu rəsmi Bakıya qarşı çıxmağa nə vadar etdi?

- Onun İlham Əliyevə qarşı çıxmağa cəsarəti çatmazdı. Məncə, situasiya belə idi: Pensiyaya göndərilən Abbas Abbasov 10 ilə yaxın Rusiyada baş girələdi. Onun kimi insanlar pensiyada sakit otura bilmirlər. O zaman məsələ qalxdı ki, Rusiya hökuməti millətlərarası münasibətlər məsələsinə 7 milyard rubl ayırıb. Təbii ki, Abbas Abbasov bu məsələdən kənarda qala bilməzdi. Özünə status qazanmaq üçün təşkilat lazım idi və Abbasov SAOR-u (Soöz Azerbaydjanskix orqanizaüiy Rossii) yaratdı, Rüstəm İbrahimbəyov da daxil omaqla, Rusiyada yaşayan azərbaycanlı “toy generallarını” ətrafına yığdı və guya ki, Rusiyadakı Azərbaycan diasporunun işini aktivləşdirməklə məşğul olmağa başladı. 

O, özünə Rusiyanın əsas azərbaycanlısı statusunu qazandırmağa çalışırdı. Bu, Nazim İbrahimovun xoşuna gəlməsə də, Abbasov İlham Əliyevdən audiensiya aldı və onu əmin etməyə çalışdı ki, fəaliyyəti Azərbaycanın maraqlarına zərbə vurmayacaq. Rusiyada isə yetərincə diqqət görmədiyi üçün İlham Əliyevə verdiyi sözü pozaraq, Azərbaycan məmurlarının sıravi azərbaycanlıların hüquqlarını tapdalaması barədə bir neçə bəyanat verdi. İntriqa ustası olan Abbasovun bəxti bir şeydə də gətirdi. Həmin zaman Rüstəm İbrahimbəyovla Azərbaycan hökumətinin münasibətləri pisləşdi. İbrahimbəyovun ətrafında qərbmeylli insanlar toplaşdı. Onlar özünün rusiyameylliliyini daha çox süni şəkildə gözə soxan Abbasovu qəbul etmirdilər. 

Mən Azərbaycanda çox olmuşam, amma hətta onun doğma şəhəri olan Gəncədə belə Abbasov barədə müsbət fikir söyləyən adamla rastlaşmadım. O necə gəncəlidir deyir ki, bütün Azərbaycan xanlıqları Rusiyaya könüllü birləşdilər? Axı Gəncə xanlığı barədə bunu demək ən azı savadsızlıqdır. Gəncəni Rusiya silah gücünə, qan tökərək aldı. Odur ki, nəzəri baxımdan hesab etsək ki, son seçkini İbrahimbəyov udsaydı, yenə də Abbasova hökumətdə şveyçar vəzifəsi belə ala bilməyəcəkdi. Odur ki, “Abbasovun Əliyevə qarşı Kreml oyununun iştirakçısı olması” sadəcə özünə ciddi status vermək cəhdindən başqa bir şey deyil. Adi tryukdur. Kremlin Əliyevə münasibətinin necə olması Putinin Bakı səfəri zamanı aşkar oldu. 

- Həqiqətən, Abbasovun Rusiyanın hansısa dairələri ilə real ciddi əlaqələri varmı? 

-  Onun kiminsə dairəsində olması barədə danışmağa lüzum görmürəm. O, çox adamın əhatəsində fırlana bilər. Xüsusən də Dağıstanın rəhbəri Ramazan Abdullətifov və onun Rusiya Xalqları Assambleyasındakı postunu tutan Svetlana Smirnovanın. Yeri gəlmişkən, mən bir neçə dəfə Smirnovadan “Facebook”da soruşdum ki, Rusiya vətəndaşı olmayan adam necə sizin müavininiz ola bilər? Cavab gəlmədi. Nəticəni özünüz çıxarın. 

- Sizin deməyinizdən belə çıxır ki, Abbas Abbasov Rusiyada azərbaycanlıların heç bir problemini həll etmək üçün cəhd etməyib? 

- İndi sizə təqdim etdiyim bu şəkildən görürsünüz ki, Abbasov Rusiya Federal Miqrasiya xidmətinin rəhbəri Konstantin Romodanovski ilə bir masa arxasında əyləşib. Rusiyadakı azərbaycanlılardan soruşun - Abbasov onların Miqrasiya Xidməti ilə bağlı problemlərinə yardım edibmi? Cavabı mən indidən ehtimal edə bilərəm. 

- Bəs azərbaycanlı biznesmenlərin Rusiyadakı problemlərinin həllinə də yardım etmir? 

- Bu sualın cavabını bilmirəm. Amma fürsətdən istifadə edib, azərbaycanlı biznesmenləri bu insanla kontaktdan çəkinməyə çağırıram. Onunla birgə aparılan biznes məhvə məhkumdur. 

- Bu gün Azərbaycanda Rusiyanın “beşinci kolonu”nun olması barədə fikirləri necə qarşılayırsınız? 

- Məncə, Azərbaycanda “Rusiya imperiyası” söz birləşməsini yalnız tarix kitablarında istifadə üçün saxlamaq lazımdır. Qoy sizi bu sözü tez-tez istifadə edən bəzi rus siyasiləri və ictimai xadimləri qorxutmasın - onlar yalnız “boz qabıqlardır”. Rusiyanın beyin mərkəzləri birdəfəlik başa düşüblər: əməkdaşlığa məcbur edilən xalqlar Kreml üçün açıq düşmənlərdən daha təhlükəlidir. Bundan sonra Rusiya bütün xalqlarla yalnız bərabərhüquqlu əməkdaşlıq etməlidir. Yalnız bərabərhüquqlu! Bunun əksini söyləyənlər ya dəli, ya da öz mənafelərini dövlət mənafelərindən üstün tutanlardır. 

- Moskvadakı bəzi qüvvələr tez-tez rəsmi Bakını azərbaycanlıların ölkədən çıxarılması ilə şantaj edirlər. Bəs, belə olarsa, bunun Rusiya iqtisadiyyatına vuracağı ziyanı nəzərə alırlarmı? Moskva ölkədən kütləvi şəkildə çıxarılacaq azərbaycanlıların yerini kimlərlə dolduracaq? 

- Burada söhbət kiminsə yerinin boş qalmasından getmir. Gürcülər barədə də belə deyirdilər. Azərbaycanlıların işlədiyi əsas sahə ticarətdir ki, 20 ildə biz ruslar da nəyisə öyrənmişik bu sahədə. Amma məsələ bu deyil - axı sizin insanlara heç bir təhlükə yoxdur, rəsmi səviyyədə heç bir hədə yoxdur. 

İstənilən qərar qəbul edərkən, Azərbaycan kimi, Rusiya da öz maraqlarını önə çəkir. Ölkəmizin liderləri arasında münasibətlər qarşılıqlı anlayışa və əməkdaşlığa söykənir. Odur ki, azərbaycanlıların Rusiya əmək bazarında hansısa qlobal problemlə üzləşəcəyini düşünmürəm. Ölkələrimiz ən yüksək səviyyədə əməkdaşlıq edir. Son illər nə qədər Azərbaycan-Rusiya biznes-forumları keçirilib, Rusiyanın müxtəlif vilayətlərinin biznesmenləri buraya, azərbaycanlı nümayəndələr isə Rusiyaya gediblər. Odur ki, Rusiya - Azərbaycan münasibətləri, əməkdaşlığı inkişaf edir və bu yolda bizə Abbasov kimi adamların vasitəçiliyinə ehtiyac yoxdur.  

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024