Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-03-2014, 20:44)
Abbas Abbasova şok təklif edildi

Sabiq millət vəkili Eldar Sabiroğlu baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun haqqin.az və virtualaz.org saytlarına verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb.

E.Sabiroğlu həmin bəyanatın mətninin eksklüziv olaraq virtualaz.org saytının redaksiyasına göndərib. Həmin bəyanatı olduğu kimi təqdim edirik:

* * *

"Baş nazirin keçmiş birinci müavini Abbas Abbasov mövqeyini demək olar ki, ortaya tam açıq qoydu. İndi heç kim deyə bilməz ki, o, Rusiyaya bağlı adam deyil. Həmyerlimiz bunu son müsahibəsi ilə bir daha etiraf və sübut etdi. Artıq əlavə araşdırmaya, şərhə-izaha ehtiyac qalmayıb.

Özünün də qeyd etdiyi kimi, Rusiyanın bütün dövlət və hökumət qapıları indi onun üzünə açılıb. Lakin təkzibedilməz bir fakt da var ki, Rusiya kəşfiyyatının testindən, sınağından keçə bilməyən digər millətlərin nümayəndəsinə bu cür geniş və dərin etimadın göstərliməsi, türklər demişkən, heç vaxt söz konusu ola bilməzdi. O, hansı xidmətlərinə görə bu etimadı qazanıb?

Əlbəttə, məsələnin mahiyyətini, Abbas Abbasovun hazırkı mövqeyini burada aramaq lazımdır. Bütün hallarda çox acınacaqlı taledir. Kim nə deyir desin, kürəyini büsbütün Kremlin divarlarına söykəyən bu şəxsin hazırkı ictimai-siyasi fəaliyyətinin Azərbaycanın əleyhinə yönəldiyi göz qabağındadır. Və mən çox istərdim ki, vətənimizn ləyaqətli insanları, ziyalıları onun bu müsahibəsinə münasibət göstərsinlər.

Bu məsələyə müdaxilə etməyimi bəziləri, xüsusilə də Abbas Abbasova sıx yaxınlığı ilə seçilən müəyyən çevrə bəlkə də yaxşı qarşılamaz. Mən bunu başa düşərəm. Lakin bir şeyi anlamaqda çətinlik çəkirəm: onu dəyişdirən nə oldu, hansı səbəblər Abbas Abbasovu Rusiya bolşevik hakimiyyətinin əlində əsirə çevirdi? Bu məqamın üzərində dayanmaq xüsusilə vacibdir.

Onunla şəxsi əlaqələrimiz olmasa da bir-birimizə hörmətlə yanaşır, rəsmi tədbirlərdə, parlamentin iclaslarında, hərdən də xeyirdə-şərdə, bir sözlə, hansısa səbəbdən rastlaşıb görüşəndə heç bir asılılığım olmasa da ona həmişə səmimi münasibət göstərirdim. O, ağıllı adam təsiri bağışlayırdı.

İndi isə bu təsəvvür tamamilə darmadağın oldu. Mənim onun haqqında deyəcəyim bir müsbət fikir belə ola bilməz. Vətəndaş mövqeyimi bildirməklə yanaşı onu da qeyd etmək istəyirəm ki, Abbas Abbasov çox böyük səhvə yol verir. O düşünməlidir. Yaşının elə vaxtıdır ki, bu hərəkət və davranışları ilə tarix yazdığını anlamalıdır. Təkcə öz tarixini yox, övladlarının, nəsil-nəcabətinin də tarixini yazır. Elə bilir ki, Moskvadakı fəaliyyəti ilə Azərbaycana hanısa xidmətlər göstərir. Bu da onun digər faciəsidir.

Rusiyada hökumət adamlarının kabinetlərini bir-bir açmağını qəhrəmanlıq sayan Abbas Abbasovun belə qapalı görüşlərdə hansı səmimiyyəti nümayiş etdirməsi məndə böyük şübhələr yaradır. Onun Moskvada göyərən və boy atan siyasətini verdiyi silsilə müsahibələrlə izləmişəm. Başdan-ayağa təzadlarla dolu bəyanatlarla gah Azərbaycanın dövlət və hökumət adamlarına yarınır, gah da sətiraltı mənalarla onlara hücum çəkir.

Ümumiyyətlə, mən onun mövqeyini başa düşə bilmirəm. Axı bu şəxs Azərbaycandan heç bir pislik görməyib. Ulu öndər Heydər Əliyev və indiki prezident İlham Əliyev tərəfindən ona həmişə yaxşı münasibət göstərilib. Bütün bunları bir kənara atmaq qeyri-etikdir.

Azərbaycanın baş nazirinin keçmiş birinci müavini hətta o dərəcədə səlahiyyətlər əldə edib ki, Ukraynadakı hadisələrə də qəribə münasibəti ilə seçildi. Ukraynanın bir parçasının ilhaqına haqq qazandıran Abbas Abbasov Rusiyanın Azərbaycana da bu cür münasibət göstərməyinin heç vaxt mümkün olmayacağını izhar etdi. İnanmaq çətindir. Onun bu mövqeyi yalnız və yalnız təəssüf doğurur.

Mən bir vətəndaş olaraq onu bu məqamda qətiyyən səmimi insan saya bilmərəm. Çünki o özü də yaxşı dərk edir ki, Azərbaycanın Krımı olan dilbər Qarabağımızı müxtəlif təxribatlarla və döyüş əməliyyatları ilə erməniyə təhvil verən dövlət məhz Rusiya olub. İndi Rusiyanı vəsf edən, ona az qala şer qoşan Abbasov axı bunları bilməmiş deyil. Bu həqiqəti dilinə gətirmək ona sadəcə olaraq sərf etmir. Çünki bu yolun onu hara aparacağını gözəl bildiyindən susan keçmiş birinci müavin üçün artıq danışmaq imkanı yaranıb.

Mən bu sətirləri yaza-yaza əslində içimdən qovruluram. Qəhrəman Cavad xanın yurdu olan Gəncədə doğulub boya-başa çatan bir həmyerlimizin tarixi faciələrimizi göz altına almadan Rusiyaya belə vəfalı olmasını sadəcə qəbul edə bilmirəm. Anlayan varsa - desin. Pul, qazanc bu qədərmi şirindir? Bəs vətənin dərdləri, müsibətləri? Hansı ki, həmin dərd və müsibətlər şimal tərəfdən Azərbaycanın üzərinə 200 ildir dolu kimi yağır.

Yaxasında “İstiqlal” ordeni gəzdirən bir şəxsin bu cür mövqe seçməsi başadüşülən deyil. Əgər özündə təpər taparsa, o ordeni dövlətə, Azərbaycana qaytarsın. Abbas Abbasovun o ordeni daşımağa artıq haqqı qalmayıb.

Abbas Abbasov Azərbaycan prezidenti İlham Əliyevlə bağlı səsləndirdiyi fikirlərlə elə başa düşməsin ki, özünü ucaldıb. Əksinə, bir az da aşağı endirib. Mənə nə deyirlər desinlər, lap söysünlər. Amma bu təkəbbürünə görə Abbas Abbasov daha çox nifrət qazandı. Abbasov müsahibəsində belə bir cümlə işlədib: “Prezidentin fikri məni maraqlandırmır”. Bu, nə sərsəmlikdir?!

Sonra da ulu öndər Heydər Əliyevi “kumirim” deyə tərif edir. Bu, nə ikiüzlülükdür? Bu, hansı etik çərçivəyə, hansı məntiqə sığır?

Keçmişi unutmaq olmaz. Abbasov həmin ordeni ona təqdim edərkən hansı şirin dillər tökdüyünü indi xatırlasa, yəqin ki, pis olmaz. Xalq bunu unutmayıb.

Ona görə də bu gün Rusiyada oturub Azərbaycana qarşı bəyanatlar səsləndirən Abbas Abbasov və ona dəstək verənlər Azərbaycan xalqına tanıdılmalıdır. Hər kəs bu məsələyə öz münasibətini bildirməlidir. Biz Rusiya ilə düşmənçilik mövqeyi tutmamışıq. Bu fikirdə də deyilik. Azərbaycan hakimiyyəti də Rusiya ilə tarazlı və bərabərhüquqlu qonşuluq və dostluq münasibətlərinin qorunub saxlanılmasında maraqlıdır. Ancaq fakt bundan ibarətdir ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbkarlarından biri məhz Rusiyadır. Bunu diqqətdən qaçırmaq olmaz. Vəziyyət bir qədər dəyişən kimi Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının komandir heyəti Azərbaycana təzyiqlər göstərir. Rusiya ATƏT-in Minsk Qrupunun üzvü kimi maraqlı deyil ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilsin, Azərbaycanın olan o torpaqlar Azərbaycana qaytarılsın. Moskvadan gələn bəyanatların səmimiliyinə inanmaq olmaz.

Ona görə də Abbas Abbasov Moskvada oturub Azərbaycan rəhbərliyinə qarşı bu cür mövqe seçməklə özünə əsla hörmət qazanmır. Mən bunu həyəcanla, həm də çox böyük təəssüf hissi ilə qeyd edirəm. Abbas Abbasovun düşdüyü vəziyyəti Allah heç kimə göstərməsin. O, elə başa düşür ki, hər şey normaldır, hər şey Azərbaycan xalqının istəkləri, tələbatları, duyğuları, hissləri çərçivəsindədir. Əslində isə o, bu cür hiss və duyğulara, ülvi məqsədlərə zərbə vurur”.
 

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024